Şənbə , Noyabr 23 2019
Ana səhifə / Siyasət / Sərkisyan güzəştə getməyəcəklərini deyir – onu arxayın edən nədir?

Sərkisyan güzəştə getməyəcəklərini deyir – onu arxayın edən nədir?

Elçin Mirzəbəyli: “Sərkisyan açıq danışmaq təlimatı alıb”
Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması hiddət doğurub. Erməni rəhbər Müdafiə Nazirliyində silahlı qüvvələrin rəhbər heyətinin müşavirəsinə qatılıb.
Novator.az-ın məlumatına görə, Sərkisyan müşavirədəki çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarında hər hansı bir irəliləyiş əlaməti görmür və buna görə də cəbhə xəttində sabitliyin qorunması üçün Ermənistanla Azərbaycanın qüvvələr nisbətinin bərabər olması vacibdir.
Sərkisyan qeyd edib ki, Ermənistan indiki vəziyyətin saxlanmasının tərəfdarı deyil: “Biz problemin həllini arzulayırıq. Ancaq azərbaycanlılar bizim üçün qəbuledilməz olan həll variantı təklif edir və məsələ uzanır”.
Ermənistan prezidenti danışıqların davam etdirilməsinə tərəfdar olduğunu vurğulayaraq deyib ki, birtərəfli güzəştlərlə sülhə nail olmaq mümkün deyil: “Biz bunu anlayırıq və Azərbaycandan da birtərəfli güzəşt gözləmirik. İstərdik ki, Azərbaycan rəhbərliyi də bu məqamı başa düşsün”.
Göründüyü kimi, Sərkisyan elə danışır ki, sanki başqa xalqı soyqırım edən, ərazilərini işğala məruz qoyan millətin rəhbəri deyil. O, açıq şəkildə ermənilərin güzəştə getməyəcəyinin anonslarını verir. Nəyə arxayın olub belə danışmağı isə sadəcə qəzəb doğurur. Ekspertlər aprel savaşından sonra Azərbaycanın əzici üstünlüyü qarşısında inləyən bir ölkənin rəhbərinin arxayın danışığının arxasında yenə də Rusiya amilinin dayandığı qeyd edirlər.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Sərkisyanın dedikləri qarşıdan gələn parlament seçkilərinə hesablanıb: “Sərkisyanın son açıqlamasında yer alan ənənəvi ritorika daha çox Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə hesablanıb. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinin Rusiyanın son zamanlar sərgilədiyi mövqe, həmçinin digər həmsədr ölkənin prezidenti Fransua Ollandın ermənilərlə görüşdə səsləndirdiyi fikirlər də Sərkisyanı ruhlandırıb. Görünür, Sərkisyan komandasının seçkilərdən qalib çıxması üçün lazım olan zəmanəti alıb. Əks təqdirdə, uzunmüddətli susqunluqdan sonra bu qədər kəskin mövqe sərgiləməzdi. Bu prosesdə Ermənistan prezidentinin Seyran Ohanyanla razılaşdırılmış oyununun da müəyyən qədər rol oynadığını söyləmək olar. Müharibə ritorikası üzərində hakimiyyətini qoruyub saxlamağa çalışan Sərkisyan Kreml texnoloqlarının dəstəyi ilə ondan narazı olan müharibə tərəfdarlarının Ohanyanın ətrafında cəmləşməsinə qismən də olsa nail ola bildi və görünən odur ki, parlament seçkilərindən sonra Ermənistan Qarabağ münaqişəsinin tənzimlənməsi müstəvisində daha kəskin və manipulyativ mövqe sərgiləyəcək. Parlament idarəçiliyi də bunun üçün daha əlverişli imkanlar yaradacaq. Çox güman ki, Sərkisyan güzəştə getməyəcəkləri barədə açıqlamalarında seçkilərdən sonrakı siyasi reallıqları da nəzərə alıb. Ermənistan prezidentinin Azərbaycanın güzəştə getməyəcəyi ilə bağlı söylədiklərini əsaslandırmaq üçün xüsusi intellektual potensiala malik olmaq lazım deyil. Hər şey gözlə görüləcək qədər sadə və bəsitdir”.
Politoloq Sərkisyanı bu cür danışmağa vadar edən amilin Kremlin siyasətində etdiyi dəyişikliklərlə bağlı olduğu qənaətindədir: “Azərbaycanın birtərəfli sülhə getməsi kapitulyasiya anlamına gəlir. Birtərəfli sülh işğalla, ölkənin ərazi bütövlüyünün pozulması ilə barışmaq, ərazilərimizin itirilməsi ilə razılaşmaq, müstəqilliyimizi, suverenliyimizi itirmək deməkdir. Hazırda masa üzərində olan həll variantı Azərbaycanın gedə biləcəyi ən son güzəştdir. Bu, eyni zamanda Ermənistanın əldə edə biləcəyi ən əlverişli həll variantıdır. Azərbaycan bundan daha yaxşısını heç vaxt təklif etməyəcək və bu mümkün də deyil. Sərkisyanın açıqlamasında nəzərəçarpan əsas amil proseslərin arxasından Kremlin quyruğunun görünməsidir. Serjin hərbi ritorikanı gücləndirməsinin əsas səbəbi ola bilsin ki, Moskvanın mövqeyində baş verən dəyişikliklərlə bağlıdır. Qənaətimə görə, Sərkisyan son açıqlamasında daha çox Moskvanın sözçüsü kimi çıxış edir. Onun qüvvələr nisbəti barədə söylədikləri də Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsinə, yaxud işğalçı ölkəyə yeni silahların verilməsinə işarə kimi də qəbul oluna bilər. Münaqişənin həllində irəliləyişin görünmədiyi isə göz qabağındadır. İrəliləyişin baş verməsi üçün işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməli, Rusiyanın Cənubi Qafqazdakı siyasətində ciddi dəyişikliklər baş verməlidir. Bu isə indiki şəraitdə inandırıcı görünmür. Sərkisyanın açıqlamasında pərdəarxası heç bir şey yoxdur. İşğalçı, yaxud Rusiyanın geosiyasi maraqlarını icra edən ölkənin başçısı kifayət qədər açıq danışır. Yəqin ki, Sərkisyan açıq danışmaq təlimatı alıb. Onun cümlələrinin arxasında isə öz mesajlarından daha çox havadarlarının mesajları dayanır. Ola bilsin ki, Moskva aprel döyüşlərindən sonrakı gözləntilərində bir qədər yanılıb. Və yaxud Azərbaycanın oyuna gəlmədiyini və gəlməyəcəyini anlayıb. Bütün hallarda bir çox suallara aprelin 2-dən sonra daha çox aydınlıq gətiriləcəyini düşünürəm”.

Həmçinin oxuyun

Ata Abdullayevə diplomatik pasport verilibmi?- XİN-dən rəsmi açqlama

“Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”. Bu sözləri …

Bir cavab yazın