Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlunun QMİ-ni ləğv təklifi birmənalı qarşılanmadı

Sərdar Cəlaloğlunun QMİ-ni ləğv təklifi birmənalı qarşılanmadı

Fazil Mustafa: “Dövlətin din sistemi daha çox bu qurum üzərinə oturulub”; Bəhruz Camal: “Sərdar Cəlaloğlu birmənalı yanaşma sərgiləyir”
ADP sədri Sərdar Cəlal oğlu Azərbaycanda dinlə bağlı ortaya çıxan problemlərin günahkarı kimi Qafqaz Müsəlmanları İdarəsini (QMİ) saydığını bildirib. Buna görə də İdarənin ləğvini tələb edib.

“Yeni Müsavat”a açıqlama verən ADP sədri bu qurumun Sovet dönəmindən qaldığını da vurğulayıb: “Sovet dövründə Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın bir idarəsi idi. Əslində İslamda belə bir idarə üsulu yoxdur. Ateizmi təbliğ etmiş bir dövlətin yaratdığı idarə nəyə lazımdır indi?! Qafqaz Müsəlmanları adlı idarə şəriətə, İslama uyğun olmayan bir qurumdur.

İndi də hökumətin əlinə işləyir deyə, onu saxlayırlar. Bu qurum vətəndaşların dini baxışlarının düzgün istiqamətləndirilməsində heç bir rol oynaya bilmir. Odur ki, Qafqaz Müsəlmanları İdarəsi buraxılmalıdır. Ölkədə dini məsələləri yalnız bir dövlət qurumu – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirməlidir. Bu qurum nazirlik statusundadır. Qafqaz Müsəlmanları İdarəsi buraxılmalıdır, onun bir sıra işçiləri Dini Komitədə müvafiq şöbələrdə işə götürülməlidir. Din sahəsində çox ciddi islahatlara ehtiyac var. Allahşükür Paşazadənin idarəsi nəyə lazımdır? Şeyxin statusunun İslam dininə heç bir aidiyyəti yoxdur”.

S.Cəlaloğlunun bu təklifi birmənalı qarşılanmayıb. ADP sədrinin bu fikrinə münasibət bildirən deputat Fazil Mustafa indiki şərtlərdə QMİ-nin ləğvi məsələsinin real olmadığını dedi: “Siyasətçilərin problemlərə öz baxışı olur. Amma indiki şərtlərdə QMİ-nin ləğvi real deyil. O baxımdan ki, müəyyən dərəcədə dövlətin din sistemi daha çox bu qurum üzərinə oturulub. Amma dövlət özü də bu quruma müəyyən dərəcədə nəzarət etməlidir ki, cəmiyyətdə nüfuzlu savadlı adamlar ən azı şeyxin çevrəsində olsunlar ki, bütün problemləri münasibət daha səviyyəli bildirilsin, daha tez müdaxilə oluna bilsin. Təbii ki, şeyxin özünün də ölkədə nüfuzu, müəyyən hadisələrə təsir gücü var. Amma çevrədə bu proseslərə müəyyən dərəcədə doğru izah verən, onları cəmiyyət qarşısına çıxa biləcək, nüfuzu ilə müəyyən problemləri həll edə biləcək kadrların çoxluğundan danışmaq olmaz. Bu, şeyxin özünə də müəyyən dərəcədə problemlər yaradır. Ona görə də bu qurumda daha savadlı, hazırlıqlı kadrların olmasına ehtiyac var. Amma ləğvi məsələsini mən aktual hesab eləmirəm. Çünki bu məsələnin çözüm yolu deyil. Burada keyfiyyətcə müəyyən prosesləri irəli aparma imkanı var. Yəni bunu düşünmək lazımdır. Məncə, belə olarsa, bu idarənin adından islama zidd olan fəaliyyətlərə qarşı daha aktiv mübarizə olar. Aktiv dini icmalarla əməkdaşlıq da əlaqələr yaranar və bu problemlərdə bu səviyyədə yaşanmaz”.

İlahiyyatçı Bəhruz Camal isə ADP sədrinin bu cür çıxışlarını ciddi hesab etmədiyini bildirdi: “Sərdar Cəlaloğlu keçən dəfə ki, yanaşmalarında olduğu kimi yenə də birmənalı yanaşma sərgiləyir. Bu da Sərdar müəllimin İslami qaynaqlardan ətraflı xəbərdar olmamasının göstəricisidir. Bu ancaq söz toplusu, söz oyunu oynamaqdan başqa bir şey deyil. Nəzərinizə çatdırım ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri məhz 1990-cı ilin faciəli 20 yanvar gecəsində heç kimin edə bilmədiyi işi görmüşdü. Həmin dövrlərdə xaos vəziyyətində şeyxin xalq üçün bilavasitə xidməti olmuşdu. Sərdar Cəlaloğlu deyir ki, bu idarə Çar Rusiyasının dönəmində yaradılıb və onlara işləyən bir qurum olub, İslamda belə bir idarəçilik sistemi yoxdur. O zaman Sərdar Cəlaloğlu buyursun İslamdakı idarəçilik sisteminin konsepsiyasını təqdim etsin, sekulyar qanunlarla idarə olunan ölkəmizdə dini idarə etmənin də konsepsiyasını təqdim etsin. Baxaq görək Sərdar müəllim hansı dini konsepsiya ilə ölkəni idarə eləmək istəyir. Əslində belə söz yığını yığıb pafoslu çıxışlarla çox şey demək olar. Amma Sərdar Cəlaloğlu bu günə kimi dini camiyədə, yaxud Azərbaycanda dinin inkişafı sahəsində heç bir real konsepsiya təqdim etməyib. Real çıxış yolu təqdim etmədiyi təqdirdə isə dinə yönəlik tənqid məncə əlavə aqressiyaya səbəb olacaq. Sərdar Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsini ateistlərin yaratdığı bir qurum kimi təqdim edir. Bu gün sizin kimi adı müsəlman olub düşüncədə ateist olan kifayət qədər müsəlmanlarımız var. Məsələ bu qurumu kimlərin yaratmasından getmir. Bu, sekulyar qaydalarla idarə olunan Azərbaycanda dinin dövlətdən ayrı hesab olunduğu bir məmləkətdə idarəçilik üçün ən yaxşı sistemdir”.

İlahiyyatçı bütün müsəlman ölkələrində dini qurumların olduğunu dedi: “İslam ölkələrinin heç birində belə bir qurum olmaması məsələsinə gəlincə isə Sərdar bəy əgər Türkiyəni nəzərdə tutursa, orada Diyanət İşləri Məqamlığı var. Əgər Pakistanı nəzərdə tutursunuzsa, Pakistan dünyəvi qayda qanunlarla idarə olunmaqla yanaşı, Qazilər Şurası, İslam Məhkəməsi var. Əgər İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və bu kontengində yerləşən İslam ölkələrini nəzərdə tutursa, onların da hamısında şəriət məhkəmə hüquq sistemi mövcuddur – baxmayaraq ki, müəyyən mənada konstitusion dövlət quruculuqları da var. Düzdür, bəziləri krallıq, əmirlikdir. Amma yenə də onlarda İslamı idarə etmə var. Keçən müsahibəmdə də demişdim ki, Sərdar Cəlaloğlunun bu çıxışlarını ciddi saymıram. Əgər hansısa iradı varsa, ortaya çıxış yolunu da göstərsin”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın