Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlunu kimi zəhərləyib? — AÇIQLAMA

Sərdar Cəlaloğlunu kimi zəhərləyib? — AÇIQLAMA

Rusiyalı siyasətçi Aleksey Navalnının həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb. Bu barədə Berlində yerləşən “Şarite” klinikasından bildirilib. Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Həmçinin bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyəti ağır olsa da, həyatı üçün ciddi təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Xatırladaq ki, Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Şarite” klinikasına aparılıb. Bəs, Azərbaycanda tanınan siyasətçilər yeməyi harada yeyir, suyu harada içirlər? Ümumiyyətlə, zəhərlənmək qorxusu yaşayıblarmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, siyasətçilərin zəhərlənməsi halları antik dövrlərdən var: “Həbsdə olduğum dövrdə zəhərlənmişdim. Məhkəmədən həbsxanaya qaytarılandan sonra soyuducuda olan suyu götürüb içdim. Çox ağır şəkildə zəhərləndim, az qalırdı ki, ölüm. Deyə bilmərəm ki, suya nə isə qatmışdılar. Amma həddindən artıq çox ağır şəkildə zəhərlənmişdim”.

Partiya sədri deyir ki, növbəti dəfə dostları ilə restoranda çörək yeyəndən sonra çox ağır şəkildə zəhərlənib: “Dostlarla bir yerdə oturub çörək yedik. 1 saat sonra çox qeyri-adi formada zəhərlənmə əlamətləri baş verdi. Qusma, tərləmə, öyümə oldu. 4-5 saat çox ağır duruma düşdüm. Çoxlu su, dərmanlar içdim, vəziyyətdən çıxdım. 2 dəfə çox ağır şəkildə zəhərlənmişəm. Bu zəhərlənmələrin qəsd olub-olmadığını deyə bilmərəm. Yemək keyfiyyətsiz olub, su soyuducuda qalıb deyə belə zəhərlənmişəm və ya bu kənardan olub, bunu bilmirəm”.

Sərdar Cəlaloğlu ixtisasca həkim olduğundan zəhərlənmə halları zamanı atılacaq addımları da bilir. Deyir ki, müxtəlif növ zəhərlənmələr var və hər birinə qarşı da atılacaq addımlar fərqlidir: “Həkim kimi deyirəm ki, dəm qazından zəhərlənmə zamanı ancaq təmiz hava lazımdır ki, insan vəziyyətdən çıxsın. Ağır metan duzları var, ondan zəhərlənəndə təsirini ötüşdürmək çətindir. Çünki metan duzundan zəhərlənmə zamanı böyrəklər sıradan çıxır. Qida toksiki infeksiyaları var, bu zaman öyümə baş verir. Bu zaman zəhərlənən çoxlu maye qəbul edib qusmalı, mədə yuyulmalıdır. Bəzi zəhərlənmələrdə şirin yeməklər çox yaxşı təsir göstərir. Zəhərlənmələr müxtəlifdir. Qan zəhərlənməsi, tənəffüs zəhərlənməsi, dərmanların özündən də zəhərlənmək mümkündür. Zəhərlənmə bərk maddə udandan sonra baş veribsə, həmin maddə mütləq şəkildə bədəndən çıxarılmalıdır. Maye zəhərlənməsidirsə, bu halda maye bədəndən çıxarılmalıdır. Zəhərlənən şəxsin vəziyyətdən çıxarılması zəhərin xarakterindən asılıdır”.

Partiya sədri deyir ki, söhbət hansısa siyasətçini ortadan götürməkdən gedirsə, ən yaxşı vasitə zəhərləməklə neytrallaşdırmaqdır: “Putin KQB-nin İngiltərəyə qaçan əməkdaşı  Litvinenkonu orada radioaktiv maddələrlə zəhərlətdirdi. Haaqa Məhkəməsi də bu haqda qərar çıxarıb. Navalnının da zəhərlənməsində Kremlin izlərinin olması haqda söhbətlər gəzir. Antik dövrlərdən siyasətçilərin, ictimai xadimlərin zəhərlə öldürülməsi halları var. İmam Kazım, imam Həsən, başqa imamlarımız zəhərlənərək öldürülüb. Zəhərlənmə siyasi terrorlarda, siyasi qisas almalarda ən geniş yayılmış üsullardan biridir. Zəhərlənmələrdə adətən bunun kim tərəfindən törədildiyinə birbaşa sübutlar olmur, bunu təyin etmək çox çətin olur. Bir qayda olaraq məişət zəhərlənməsi baş verir. Qida ilə, su ilə zəhəri verirlər. Müəyyən etmək olmur ki, zəhər suda, qidada olub yoxsa zəhəri suya, qidaya sonradan əlavə ediblər”.

Partiya sədri deyir ki, zəhərlənəcəklərini düşünənlər tədbirli olmalıdırlar: “Əlbəttə, kimsə düşünürsə ki, hakimiyyət onu zəhərləyə bilər, zəhərlənməklə aradan götürüləcəyini hesab edirsə, harada nə yediyinə, nə içdiyinə diqqət etməlidir. Siyasi opponentlərin zəhərlənmədən başqa yolları da var. Məsələn, gecə vaxtı hücum edib döyüb öldürmə, oğurlama. Bütün dünyada ən geniş yayılmış üsul, əlbəttə ki, zəhərlənmədir. Rus çarı vaxtında  Raxmanini öldürmək istəyirdilər. Çünki  o, Anna Pavlovnanı o qədər öz təsirinə salmışdı ki, Nikolay onun məsləhəti olmadan heç bir addım atmırdı. Hətta deyirdilər ki, Birinci Dünya müharibəsində də Nikolayın bütün addımlarını Raxmanin müəyyənləşdirirdi. Həmin vaxt knyazlar bir yerə toplaşıb Raxmanini zəhərləməklə aradan götürməyə qərar veriblər. Raxmanini zəhərləməklə aradan götürmüşdülər. General Potyomkin vardı, II Yekatirinanın sevgilisi idi. Saraydakılar onun hərəkətlərini təhqir hesab edirdilər. Yığışıb onu zəhərləməklə aradan götürmək qərarını vermişdilər. İntəhası zəhəri – mışyakı ona şirin yeməklərin içində veriblər. Zəhər, yəni mışyak şirin yeməkdə təsirsiz olur. Potyomkinə şirin yeməklərin içində mışyakdan nə qədər veriblərsə, ölmədiyini görüblər. Düşünüblər ki, Potyomkin ölümsüzdür. Əslində isə mışyak şirin yeməkdə təsirini itirib. Belə siyasi zəhərlənmələr tarix boyu çox olub. Mülkiyyət məsələlərində də varisin zəhərlənməsi halları çox rast gəlinən qəsdlərdəndir”.

Partiya sədri deyir ki, zəhərlənmə ən müxtəlif dövrlərdə, ən müxtəlif motivlərlə törədilən qəsd olub və bu gün də var. Ona görə də zəhərlənəcəyini düşünən kəs bu cür ölümdən yaxa qurtarmaq üçün tədbirini görməlidir. “Zəhərlənmə qorxusu olan siyasətçi suyu da üfürə-üfürə içməlidir”, deyə S.Cəlaloğlu bildirib.

Həmçinin oxuyun

“Övladlarını səfərbərlikdən yayındıran məmurlar varsa, onların adları açıqlanmalıdır” – Deputat

“Bəzi məmurların hərbi səfərbərlikdə iştirak etməmək üçün övladlarını xaricə göndərməsi barədə məlumatlar yayılır. Hesab edirəm …