Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / “Sən maksimum öz adını dəyişə bilərsən!”

“Sən maksimum öz adını dəyişə bilərsən!”

“Bugünkü Azərbaycan özünü 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Ona görə də Azərbaycanın adının dəyişdirilməsinin heç bir mənası yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya lideri Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin 2024-cü il prezident seçkiləri ilə bağlı elan etdiyi platformada ölkənin adının dəyişdirilməsi üçün irəli sürdüyü təklifdən söz açıb.

Xatırladaq ki, BAXCP sədri Prezident seçiləcəyi təqdirdə ölkənin adının “Şimali Azərbaycan Respublikası” olaraq dəyişdiriləcəyini söyləyib.

S. Cəlaloğlu isə bu fikirlərlə razlaşmadığını dilə gətirib. O, əlavə edib ki, cənubdakı Azərbaycan ərazi adıdır:

“Bu, dövlət adı deyil ki, biz deyək, Cənubi Azərbaycan dövləti var. Cənubdakı coğrafi ərazi siyasi bir vahid deyil. Ona görə də bu cür siyasi oyunlar oynamağın heç bir mənası yoxdur. Vahid Azərbaycan var və Cənubi Azərbaycan da öz istiqlaliyyətini əldə edəndən sonra bizə qoşulacaq. Ona görə də bizim bəzi siyasilər işləri qarışdırmamalıdır. Bir halda ki, Azərbaycan AXC-nin varisidirsə, onun adı necədir, indi də elə saxlanmalıdır”.

Onun sözlərinə görə, Q. Həsənquliyev 0-dan aşağı səs toplayacaq:

“Keçən prezident seçkilərində də o, 4-cü yerə çıxmışdı. Lazım olanda ona bəzən çox, bəzən də az yer verilir. Onun prezident seçilməsi utopik bir şeydir. Çünki Qüdrət Həsənquliyevin real şərtlərlə deputat seçilmək imkanı yoxdur, o ki qaldı prezident seçilsin. Ona görə də Qüdrət Həsənquliyevin ideyalarının hamısı populizm xatirinə elan edilib. Onun başqa bir sözü yoxdur. Rusiya-Azərbaycan əlaqələri, Azərbaycanın daxili siyasəti ilə bağlı cəsarət edib hökuməti tənqid edə bilmədiyi üçün Qüdrət Həsənquliyev tamamilə gündəmdən kənar mövzuları gündəmə gətirməklə guya özünün təbliğat kampaniyasını qurmaq istəyir”.

ADP sədrinə görə, Azərbaycanın o qədər ciddi problemləri var ki, birincisi, onları həll etmək lazımdır:

“Məsələn, rus qoşunlarının Qarabağdan çıxarılması, Türk Dövlətləri Təşkilatının Türk Dövlətləri Birliyinə çevrilməsi, Azərbaycanın suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, daxili siyasətdə əyintilərin aradan qaldırılması və s. məsələlər var. Qüdrət Həsənquliyev bunların heç birini dilə gətirmir, çıxıb deyir ki, respublikanın adını dəyişəcəyəm, belə edəcəyəm, elə edəcəyəm… Sən maksimum öz adını dəyişə bilərsən! Axı sən kimsən ki, ölkənin adını dəyişirsən?! Birincisi, respublikanın adı referendum yolu ilə qəbul edilmiş Konstitusiya ilə tətbiq edilib. Konstitusiyasının 1-ci hissəsində isə Azərbaycan Respublika kimi qeyd olunub və hər hansı bir referendum yolu ilə Konstitusiyanın birinci bölməsinə aid müddəaların dəyişdirilməsi yolverilmzədir. Sən istər Prezident ol, istərsə də digəri, ixtiyarın yoxdur ki, birinci bölmədəki məsələləri referenduma çıxarıb müzakirə edəsən. Bunlar onu göstərir ki, Konstitusiyadan xəbəri olmayan adam prezident seçkilərində namizədliyini irəli sürüb bu cür təxribat xarakterli bəyanatlara çıxış edir”.

“Yenə deyirəm, əgər Qüdrət Həsənquliyev bunları müzakirəyə çıxarsa, bunun adı dövlət çevrilişi olacaq. Çünki müasir Azərbaycan dövlətinin əsasları elə Konstitusiyanın birinci bölməsində yer alıb. Orada dövlətin adı, milli tərkibi, ərazisi, paytaxtı və digər əsas müddəalar yer alıb ki, kimliyindən asılı olmayaraq heç kimin bunu dəyişməyə ixtiyarı yoxdur. Sən respublikanın adını hansı hüquqi əsasla dəyişdirə bilərsən?! Belə çıxır ki, Qüdrət Həsənquliyev dövlət çevrilişi etmək istəyir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …