Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / “Şəhidlərin dəfnində “Ya Hüseyn!” qışqıranların içində İran meyillilər var”

“Şəhidlərin dəfnində “Ya Hüseyn!” qışqıranların içində İran meyillilər var”

“Cəbhə bölgəsində təcavüzkar Ermənistan tərəfindən törədilən hərbi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Azərbaycan Ordusu, xalqımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və torpaqlarımızın azadlığı, müdafiəsi uğrunda aparılan işləri dəstəkləyir. 

Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbçilərimizin dəfni zamanı bir qrup şəxs tərəfindən “Ya Hüseyn!” şüarının səsləndirilməsi, sinə vurulması narazılıq yaradıb. Əvvəla, biz Hüseyni İranla, nə də İranı Hüseynçiliklə tanımırıq. İranın Azərbaycana qarşı apardığı siyasəti də bilirik. Lakin şəhidlərimizin dəfn mərasimində mərsiyə deyib, “Ya Hüseyn!” qışqıranların, deməzdim ki, tam əksəriyyəti İran meyillidir. Təbii ki, onların içində İran meyillilər də var. Ölkəmizdə dəfn mərasimləri zamanı “Hüseyn” adını səsləndirənlər olur. Fikrimcə, bunu İranla bağlamaq olmaz. Çünki imam Hüseyn bizim qəlbimizdədir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, şəhidlərin dəfnində təbliğat aparmaq istəyən İran meyilli qruplara aidiyyəti orqanlar, strukturlar nəzarət etməlidirlər: “İran meyilli qüvvələrin apardıqları siyasətə dəstək verilə bilməz. Azərbaycanın daxili siyasəti var. Cənab Prezidentin apardığı siyasəti əldə rəhbər tutaraq siyasət aparmalıyıq. İşğaldan azad etdiyimiz torpaqlar nə İranın, nə Avropa dövlətlərinin, nə də digər dövlətlərin apardığı siyasətlə geri qaytarılıb. Artıq 90-cı illər keçib. Çoxdan keçib, 30 il… Ermənistanın apardığı siyasət də göz qabağındadır, daxilində bu gün mitinqlər gedir. Onlar Baş nazir Paşinyanın istefasını istəyirlər. Çünki görürlər ki, doğrudan da, dövlət düzgün siyasət aparmır, əksinə, gəncləri perspektivi olmayan qırğına sürükləyir. Bizdə 50 şəhid varsa, onlar on qat çox itki verib. Ermənistana uzaqdan dəstək verib “hə, hə” deyənlərin, Azərbaycana qarşı onlara güc vəd edənlərin siyasəti Azərbaycana heç bir təsir edə bilməz. Bütün şəhidlərimizin valideynlərinə, bacı-qardaşlarına, xanımlarına səbir diləyirəm”.

C.Paşazadə İranın Azərbaycanla Ermənistan arasındakı gərginliyin həlli üçün vasitəçilik etməyə hazır olduğu barədə yaydığı bəyanatından sonra susqunluq nümayiş etdirib itkilərimizə görə başsağlığı verməməsi məsələsinə də toxunub: “İranın Azərbaycanın siyasətini dəstəkləməməsi, bizə həqiqi qonşuluq etməməsi, özünü böyük bir dövlət sayıb böyüklük göstərməməsini tək biz yox, əksər dövlətlər görür.  Bu gün Qazaxıstandayam, böyük tədbirlər keçirilib. İştirak edən hər bir siyasətçi Qazaxıstan-Azərbaycan münasibətləri, ölkəmizin gücü haqqında danışıb, Azərbaycana dəstəklərini bildiriblər. Çıxışlarında da bunu göstərdilər. Bizi uzaq məsafədə olan ölkələr dəstəklədikləri halda, Azərbaycanla böyük sərhədi olan, Cənubi azərbaycanlıların ən çox yaşadığı, şiə ölkəsi, “qapı qonşu”muz İranın bizi dəstəkləməməsi doğru siyasət deyil. İran 1979-cu ildən, molla rejimini yaradandan bəri hələ də dövlət siyasətini tam qura bilməyib. Tam siyasət qura bilməməsinin nəticəsində daxildə “rejim” bir dövlət kimi özünü göstərir. Bunun nəticəsidir ki, ətraf ölkələr də ona “rejim” gözü ilə baxır. Bu, İranın daxili məsələsidir, özü bilər. Allahın izni ilə bunu da keçərik. Biz qalibik, qalib də gələcəyik”. 

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …