Ana səhifə / Siyasət / Şəhid zabitimiz Tural Haşımlı Ordubad şəhidlər xiyabanında son mənzilə yola salınıb

Şəhid zabitimiz Tural Haşımlı Ordubad şəhidlər xiyabanında son mənzilə yola salınıb

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş 1988-ci il təvəllüdlü Haşımlı Tural Əbdül oğlunun nəşi fevralın 28-də doğulduğu Ordubad rayonuna gətirilib və Ordubad şəhərindəki şəhidlər xiyabanında torpağa tapşırılıb.

Naxcivantv.az xəbər verir ki, şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.

Şəhidin nəşi Dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

İzdihamlı dəfn mərasimində iştirak edən minlərlə insan “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndirərək, Dırnıs kəndinin igid oğlunun xatirəsinə ehtiramlarını bildiriblər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın