Bazar ertəsi , May 23 2022
Ana səhifə / Siyasət / Səfirliyimizin rəsmi səhifəsindəki elan və Elmira Axundovanın Ukraynadan qaçışı

Səfirliyimizin rəsmi səhifəsindəki elan və Elmira Axundovanın Ukraynadan qaçışı

Azərbaycanın Ukraynadakı səfirliyinin Facebook-dakı rəsmi hesabında “Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə” sərlövhəli elan aranı qatıb. Səfir Elmira Axundovanın Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində postunu qoyaraq qaçması yenidən gündəmə gəlib.

Yada salaq ki, müharibənin ilk günlərində Ukraynada yaşayan, müharibə ərəfəsində Kiyevə səfər etmiş həmvətənlərimiz çox ciddi problemlərlə üzləşiblər. Rusiya Silahlı Qüvvələrinin hərbi təyyarələrinin, ağır artilleriyalarının Ukrayna şəhərlərinə bomba, raket zərbələri endirdikləri bir vaxtda sənədlərini qaydasına salmaq üçün Kiyevdəki səfirliyimizə üz tutan həmvətənlərimizə  aydın olub ki, səfir hamıdan əvvəl Ukrayna sərhədlərini aşıb. Həmyerlilərimiz o günlərdə faktiki olaraq Ukraynada müharibənin dəhşətlərini yaşamaq məcburiyyəti ilə üz-üzə qalıblar. Elmira Axundova isə Bakıya qayıdandan sonra bir neçə gün susdu, sonra isə ortalığa çıxıb qaçışını “mən qadınam” deməklə pərdələməyə uğursuz cəhd etdi. Qaçaq səfirə verilən cavablar da sərt oldu.

foto 2.jpg (253 KB)

Elmira Axundovanı qadın kimi evində oturub küftə bişirməyə çağıranlar, fərarilikdə suçlayanların sırası geniş idi. Səfirin postunu qoyub qaçması rüsvayçılığı səngimək üzrə olduğu bir vaxtda, martın 24-də səfirliyin sosial şəbəkədəki rəsmi səhifəsinə yerləşdirilmiş elanda Ukraynadan təxliyə olunmaq istəyən həmvətənlərimizin Azərbaycana qayıdış şəhadətnaməsi almaq üçün hansı sənədləri təqdim etməli olduqları diqqətə çatdırılıb. Bu elan Elmira Axundovanın rüşvayçı qaçışını yenidən diqqət mərkəzinə qaytarıb.

İzləyicilər elanın şərh bölümünə ironik rəylər yazmaqdadırlar. 

Məsələn, izləyicilərdən Simon Yusifov yazır:

-Toydan sonra nağara )

Günel Qənbərova isə elanın müharibənin başlanmasının 1 ayının tamamında yerləşdirilməsinə belə fikir bildirir:

– Hər şey qaydasındadır, elan vaxtından çox əvvəl yerləşdirilib )) müharibə bitəndən sonra yerləşdirilsəydi, daha yaxşı olardı )) hörmətli Azərbaycan səfirliyi, bizlər siz olmadan da vəziyyətdən çıxdıq. Sizin Ukrayna ərazisində olmağınızın heç bir mənası və əhəmiyyəti yoxdur. Sizsiz də yaxşı insanlar sadə azərbaycanlılara kömək edib dəstək verdilər ))

İlham Rəhimov adlı izləyici Günel Qənbərovanın fikirlərinə münasibət bildirib. “Düz yazmısınız. Kiyevdəki diasporamız yerindədir, Kiyevdədir. Kimə kömək lazım olsa, müraciət etsin” deyə, İlham Rəhimov qeyd edir.

Anar İsbatzadə adlı izləyici isə yazır: -Ukraynadan (1 nəfər) azərbaycanlı fərariyə toxunulmayacaq. Axı o qadındır…

Hikmət Mirzəzadə adlı izləyicinin qeydi: -Siz lucshe susun. Başdan-ayağa biabırçılıqsız. Səfirlik bağlansa, daha yaxsıdır. Onsuz da belə də işə yaramırsız.

Rüfət Rüstəmli isə Hikmət Mirzadadəyə belə cavab verir: – Nə səfirlik cavab verir, nə Xarkov konsulluğu. Türklər hər gün avtobus çıxardır öz vətəndaşlarına. Bizimkilər deyir ki, öz yolunla gəl. Polşaya sağ gəlib çıxsan, qalanı Allah kərimdir.

Rəsmi səhifədə belə şərhlər bəs deyincədir.

Şərhlərdən də göründüyü kimi, Ukraynadakı səfirliyimizin vəzifəsini faktiki olaraq bu ölkədəki diaspora fəallarımız həyata keçiriblər. Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin, bu mərd, məğrur insan sonuncu azərbaycanlını Ukraynadan göndərməyənə qədər ölkədən çıxmayacağını açıqlamışdı.

“Onların təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni edəcəyəm. Onlara əlimdən gələn dəstəyi göstərəcəm, dərmanla, ərzaqla təmin etməyə çalışacam”, – deyə Oleq Krapivin bildirmişdi.

Oleq Krapivin Kiyevdə bu açıqlamanı verdiyi bir vaxtda Elmira Axundova Bakıda xəstəliyindən şikayətlənməyə başlamışdı. Türkiyəyə onurğa əməliyyatına getməsini mətbuata ötürmüşdü. Sonradan belə iddialar ortaya çıxdı ki, Elmira Axundova Türkiyədə əməliyyatda olub. Lakin onurğasında deyil, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanmasını aradan qaldırmaq üçün plastik əməliyyata giribmiş…

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə bağlı son durum nədir? O, istefa ərizəsi yazacaqmı? Onun səlahiyyətlərinə niyə xitam verilmir? Səfir görəvini yarımçıq qoyub, niyə Azərbaycana dönüb? Ona bu icazəni, “heyəti yığ, geri dön” tapşırığını kim(lər) verib?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevadan bu suallara cavab almaq istəklərimiz baş tutmadı. Xidmət rəhbəri gün ərzində telefon zənglərimizi cavabsız qoydu. Elmira Axundova ilə əlaqə saxlayıb barəsindəki ittihamlara cavab ala bilmədik. Qaçaq səfir telefon zənglərimizə cavab vermədi.

Hazırda itkin səfirin harda olduğu bilinmir. Ehtimal olunur ki, Bakıdakı çoxsaylı evlərindən birində oturub Ukraynadakı müharibənin bitməsini və heç nə olmamış kimi geri dönəcəyi günü gözləyir.

Əvəz Zeynallı Cəmil Həsənlini biabır etdi: “Özlərini

Əvəz Zeynallı

“Xural” TV-nin rəhbəri Əvəz Zeynallı “Yeni Müsavat”a deyib ki, Elmira Axundova təcili olaraq səfir postundan uzaqlaşdırılmalıdır: “Elmira Axundova diplomat deyil. Onu uğurlu yazıçı da adlandırmaq olmaz. O zaman Ramiz Mehdiyevin ötürməsi, Elmar Məmmədyarovun ”yüngül əli” ilə Ukraynaya səfir göndərildi. Bu həmin vaxt idi ki, Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adları çoxmilyonluq dələduzluq işinə qarışmışdı. Elmira Axundovanın dələduzluq işində zərərçəkənə yalvarışları olan səs yazısı ortalıqda, oğlunun işi məhkəmələrdə idi. Belə bir zədəli reputasiyalı birini Ukrayna kimi bir ölkəyə səfir göndərilməsi ilk növbədə Azərbaycan adına ləkədir. Bu adımın Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ilk günündə postunu qoyub Bakıya qaçması yolverilməz bir addım idi. Həmin vaxt həmvətənlərimiz Ukraynada basil-başına qalmışdı. Elmira Axundova da Bakıya gəlib əsdi-coşdu, gurladı. Onun fərariliyindən danışan, yazan hər kəsi müxalifətçilikdə suçladı. Amma bu günə qədər Xarici İşlər Nazirliyindən səfirin qaçışı ilə bağlı hər hansı bir açıqlama gəlməyib”.

Əvəz Zeynallı deyir ki, Elmira Axundova səfir kimi yararsız biri olduğunu təsdiqləyib: “Deyir anam ukraynalıdır. Bunun nə əhəmiyyəti var ki? Almaniyaya alman, Fransaya fransız tapıb səfir göndərməyin heç bir mənası yoxdur. Əksinə, bu Azərbaycanın maraqlarına cavab vermir. O baxımdan ki, ukraynalı Ukraynanın maraqlarını qoyub Azərbaycanın maraqlarından çıxış etməyəcək. Bundan başqa Elmira Axundova tərcümeyi-halında yazır ki, Rusiya doğumludur. Belə çıxır ki, buna görə onu Rusiyaya səfir göndərməlidirlər? Bu yanaşma kökündən səhvdir. Azərbaycanda kifayət qədər iti ağıllı, çevik, xəstə olmayan diplomatlar var. Bu gün bütün dünyanın nəbzi Ukrayna ilə vurur. Təcili şəkildə ora Azərbaycanın maraqlarını hər şeydən üstün tutan diplomatlarımızdan biri səfir göndərilməlidir. Elmira Axundova gedib Ramiz Mehdiyevin kitablarına mədhiyyələr yazsın, qadınlığını eləsin”.

Həmçinin oxuyun

“Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının …