Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Səfirlik Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı açıqlama yaydı

Səfirlik Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı açıqlama yaydı

Azərbaycanın Rusiyadakı Səfirliyi öz imkanları və səlahiyyətləri çərçivəsində Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır.

Bu barədə səfirliyin açıqlamasında bildirilib.

Məlumatda deyilir: “Səfirliyin 10 sentyabr 2020-ci il tarixli məlumatında vurğulandığı kimi, cari ilin 2-3 sentyabr tarixlərində Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar.

Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız: Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

Bildiririk ki, Səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədi ilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub və ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı haqlarının qorunması tapşırılıb. Görülmüş səylər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təcridxanada qalan digər üç nəfər: Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də Səfirliyin və vəkilin diqqəti mərkəzindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür.

Həmçinin qeyd etmək istəyirik ki, məqalədə adı çəkilən vəkil Murad Vəlixanov iyul ayında Səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürmüşdür. Səfirlikdən saxlanılan şəxslərə aid sənədlərlə təmin edilməsini xahiş edib. Səfirlik tərəfindən onun belə bir təşəbbüsü yüksək qiymətləndirilib və ona bəzi lazımi sənədlər təqdim edilib. Fürsətdən istifadə edərək göstərdiyi yanaşmaya görə Murad Vəlixanova bir daha təşəkkürümüzü bildiririk.

Eyni zamanda Səfirliyin 17 sentyabr tarixli məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda 4 nəfər Azərbaycan Respublikasının vətəndaşı elə məhkəmə zalından buraxılmışlar və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

Diqqətə çatdırmaq istəyirik ki, Səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Hər görülmüş iş, atılmış addım barəsində də KİV-ə məlumatın verilməsini məqsədəuyğun hesab etmir.

Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün Səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”.

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …