Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Səfirin Qarabağ mesajı: Rusiya mövqeyini dəyişir? – ŞƏRH

Səfirin Qarabağ mesajı: Rusiya mövqeyini dəyişir? – ŞƏRH

Rusiya rəsmilərinin  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son günlər verdiyi açıqlamalar diqqəti cəlb edir. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Qarabağ münaqişəsi ilə bağlı danışarkən maraqlı açıqlama verib. “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə İrəvan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik. Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. 

Mənim həmkarım və dostum Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı razılıq əsasında həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”-deyə, rusiyalı nazir bildirib.

Lavrovun çıxışından sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçirdiyi mətbuat konfransında, Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı olaraq İrəvanla Bakı arasında birbaşa dialoqun yaranması istiqamətində işlədiyini deyib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq alır.

Bugünlərdə isə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinə toxunaraq 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında daha əlverişli mühit yaradılacağını deyib. “Gələn il münaqişənin həlli ilə bağlı danışıqlar prosesində daha müsbət ab-hava yaranacağına nikbin yanaşıram. Deyərdim ki, əvvəlki il elə də nəticəsiz olmayıb və artıq bunun əsası qoyulub, yüksək səviyyədə və xarici işlər nazirləri səviyyəsində müəyyən görüşlər olub”-deyə, səfir Boçarnikov qeyd edib.

Maraqlıdır, Rusiyanın son zamanlar sərgilədiyi mövqe nəyə işarədir?

Bu, rəsmi Moskvanın Qarabağla bağlı mövqeyinin dəyişdiyi anlamına gəlirmi?

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya Qarabağ məsələsində mövqeyini dəyişir, amma bunu daha çox öz xeyrinə etməyə çalışır:

“Yəni, Qarabağ probleminin həlli məsələsində Minsk qrupu çərçivəsindən kənara çıxaraq bu prosesi tamamilə öz inhisarına almağa çalışır. Amma burada bizi narahat edən əsas məsələ ondan ibarət olmalıdır ki, Qarabağ münaqişəsinin həlli üçün hansı təkliflər veriləcək. Doğrudur, danışıqlarda Ermənistan və Azərbaycanın vasitəçisiz görüşləri nəzərdə tutulur. Amma bu zaman Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmdə olacaq, ya yox, bu suala cavab verməkdə bir qədər çətinlik çəkirik. Çünki Rusiya hələ də 5 rayonun qaytarılması və bunun müqabilində Dağlıq Qarabağa status verilməsi mövqeyindədir. Ona görə də müəyyən qədər narahatlıqlar var. Əlbəttə, Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həllinə çox böyük dəstək verə bilər. Belə görünür ki, Rusiya məsələyə mövqeyini dəyişməklə yanaşı, status-kvonu da dəyişmək niyyətindədir. Amma bizim üçün önəmli olan Dağlıq Qarabağ probleminin həllində nəzərə alınacaq həlletmə variantlarıdır. Bu variantların hansı işə salınacaq, onu indidən demək çətindir. Bütün hallarda Rusiyanın açıqlamaları problemin həllini gündəmdə saxlayır. Bu mənada müəyyən hərəkətlənmələr görünür”.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …