Ana səhifə / Siyasət / Ruslar niyə Putinə etibar edir? “İmperator gərək yeni ərazilər tutsun…”

Ruslar niyə Putinə etibar edir? “İmperator gərək yeni ərazilər tutsun…”

“Rus xalqının Vladimir Putinə güvənməsinin bir çox səbəbləri var”.

Bu sözləri Yenisabah.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

O, Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) keçirdiyi sorğunun nəticələrini şərh edib.

Xatırladaq ki, sorğunun nəticələrinə görə, rusiyalıların 79%-i prezident Vladimir Putinin fəaliyyətini bəyənir və 81%-i ona güvənir.

S. Əkbər bununla bağlı qeyd edib:

“Sorğu nəticələrinin bu göstəricilərinin ilk səbəbi tarixidir və bunun tarixi dərinliyi var. Bildiyiniz kimi, Rusiya öz təbiəti etibarilə imperiyadır. İstər çar Rusiyası olsun, istər SSRİ, istərsə də Putin Rusiyası.

Rusiya imperiya ambisiyalı dövlət olduğuna görə də hər zaman buna uyğun siyasət aparılır, o cümlədən də idealoji sahədə. Yəni Rusiyanın böyüklüyü ilə yanaşı, onun yürütdüyü “Великая держава” (“Böyük dövlət” – red) deyilən rus idealogiyası mövcuddur. Ona görə də, böyük dövlətçilik ideyası rus şüurunda aparıcı olub.

İmperiya siyasəti də hər zaman genişlənməyə hesablanıb. İmperator da gərək yeni ərazilər tutsun. Yeni ərazilər tutan, Rusiyanın torpaqlarını genişləndirən imperatorlar da həmişə xalqdan dəstək qazanıb”.

Partiya sədri əlavə edib ki, Putinin hakimiyyəti dövründə, daha doğrusu, 2005-ci ildən bu yana Rusiyada bu istiqamətdə məqsədyönlü siyasət aparılır:

“Faktiki olaraq təkpartiyalı sistem yaradılıb, müxalifət sıradan çıxarılıb, müstəqil KİV-lər bağlanılıb, hətta QHT-ləri bu qəbilə aid etmək olar. Qısası, tam total nəzarət tətbiq olunub. Yəni bir mərkəzdən idarə olunan KİV sistemi yaradılıb və ona dövlət, daha doğrusu, “Roskomnadzor” nəzarət edir.

Üçüncü səbəbə gəldikdə bu, Putin Rusiyasının atdığı praktiki addımlardır. İlk növbədə, müstəqillik uğrunda mübarizə aparan Çeçenistanın ram edilməsi ilə başlayıb. Bundan sonra 2008-ci ildə Gürcüstanın bir hissəsinin işğalı və Abxaziya ilə Cənubi Osetiyaya qoşun yeridilməsi baş tutub. 2014-cü ildə isə Krımın ilhaqı və Donbasın bir hissəsinin faktiki işğal olunması. Nəhayət, Ukrayna müharibəsi bu siyasətin praktiki addımalarını göstərib”.

“Beləliklə, 3 əsas səbəbi göstərdim, amma başqa səbəblər də var. Mənə elə gəlir ki, dünyanın apardığı siyasət düzgündür. Bu, yalnız şəxsən Putinin və rejiminin cəzalandırılması yox, eləcə dəyetişdirdiyi imperialist düşüncəli cəmiyyətin cəzalandırılmasına hesablanıb. Əks təqdirdə, imperiya düşüncəli, şovinist rus cəmiyyəti ayılmayacaq və reallığı dərk etməyəcək. Reallığı dərk etməyincə də, bax, belə qeyri-adekvat reaksiya görünəcək. Əslində, bu, özləri üçün adekvatdır, lakin normal dünya üçün onların yanaşması qeyri-adekvat.

Bu siyasət Putinin xırda qələbələri ilə də möhkəmləndirilir. Beləliklə də, qüsurlu bir həlqə yaranır. Bu qüsurlu həlqəni qırmanın yolu isə Putin Rusiyasının Ukraynada məğlub edilməsindən keçir”, – deyə S. Əkbər fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …