Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Rusiyanın üzərinə götürdüyü missiyanı aşan hərəkətlərinə son qoyulmalıdır – AMİP

Rusiyanın üzərinə götürdüyü missiyanı aşan hərəkətlərinə son qoyulmalıdır – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası bəyanat verib.

Bəyanatda deyilir: “Məlum olduğu kimi dünən Xocalı şəhərində Qarabağdakı separatçı rejimin “Fövqaladə Hallar Nazirliyi” rəhbərinin birinci müavini Samvel Petrosyanın Rusiya Fövqaladə Hallar Nazirliyinin bir qrup səlahiyyətlisinə medallar təqdim etməsi ilə bağlı mərasim keçirilib.

10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatla sülhməramlı missiyanı üzərinə götürən Rusiya hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsində yerləşməsi təbii olaraq Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmamışdı. Baş verən yeni hallar isə etimad limiti onsuz da böyük olmayan Rusiya sülhməramlılarına olan inamı tamamilə heçə endirir.

         Rusiyanın ilk olaraq xəritə qalmaqalıyla ortaya çıxan münasibəti, daha sonra sülhməramlı orduya rəhbərlik edən şəxsin separatçı rejimin terrorçu başçısıyla isti münasibəti, Azərbaycanın azad etdiyi hərbi əsirlərin Rusiya tərəfindən araik arutunyana təhvil verilməsi və indi də minlərlə insanımıza qarşı terror aktı, qətliam törədilmiş Xocalı şəhərində Rusiya Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının separatçılardan medal alması hədsiz hiddət doğurur.

Rusiyanın münaqişənin həllindəki fəaliyyət istiqamətləri noyabrda imzalanmış üçtərəfli bəyanatla təsbit olunub. Bəyanata əsasən də nə İrəvandan Xankəndinə erməni daşımaq, nə Xankəndi və Xocalıda ermənilər üçün evlər tikmək sülhməramlının vəzifəsi deyil. Yerləşdiyi ərazilərdə özünü ev sahibi kimi aparmaq yolverilməzdir. Bütün tərəflər birdəfəlik olaraq anlamalıdırlar ki, bu torpaqların sahibi Azərbaycandır.

         Azərbaycan Milli İstiqlal Partiyası baş verənlərdən çıxış edərək hesab edir ki, vəzifəsi terorçuları bölgədən çıxarmaq olan Rusiyanın hazırda müşahidə olunan fəaliyyəti əslində separatçı rejimi qanuniləşdirmək cəhdindən başqa bir şey deyil. Rusiya ya sülhməramlı missiyanın həyata keçirilməsində və regiondakı fəaliyyətində Azərbaycanın maraqlarını nəzərə almalı ya da Azərbaycan ərazilərini tərk etməlidir!

         AMİP olaraq Azərbaycan hakimiyyətindən tələb edirik ki, Rusiya tərəfinin üzərinə götürdüyü missiyanı aşan hərəkətlərinə qarşı adekvat addımlar atılsın. Baş verən hadisə ilə bağlı Rusiyaya NOTA verilsin və rəsmi izahat tələb olunsun”.

Azinforum.az

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …