Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Rusiyanın problemi Ermənistan yox, Azərbaycandır, Zəngəzur dəhlizi isə…” – Şevçenko

“Rusiyanın problemi Ermənistan yox, Azərbaycandır, Zəngəzur dəhlizi isə…” – Şevçenko

“Rusiya üçün Azərbaycanın ambisiyaları ciddi problemdir. Çünki ən azı, Moskvadan ötrü Azərbaycanla konfliktə girmək ağlasığmaz olsa da, onu cilovlamaq lazımdır. Ona görə də Rusiyanın Güney Qafqazda əsas problemi heç bir halda, nə Moskva və Parisin razılığı ilə hərəkət edən, özünü KTMT-nin əleyhdarı və Avropa dəyərlərinin tərəfdarı kimi təqdim edən, əslində isə tamamilə asılı olan Paşinyandır, nə də təbii ki, Moskvanın göstərişi ilə Qarabağa gələn Vardanyandır, bu, Azərbaycandır”.

Bu fikri tanınmış rusiyalı ekspert, Azərbaycan-Ermənistan konflikti ilə bağlı bir qayda olaraq ədalətli mövqe sərgiləyən Maksim Şevçenko Minval.az-a müsahibəsində deyib.

Azərbaycan və Rusiya liderləri arasında gözəl insani münasibətlər, qarşılıqlı hörmətin mövcudluğuna rəğmən, M.Şevçenko hesab edir ki, siyasət birinci şəxslərin münasibətlərindən yüksəkdə durur və onun öz qanunları var. “Məhz buna görə də iddia edirəm ki, Azərbaycanın bölgədə potensial geosiyasi çəkisinin artması Moskvada təhlükə olmasa da, strateji problem kimi qəbul olunur. Üstəlik, bu gün Rusiyaya qarşı açıq düşmən mövqe tutan Londonla Bakının əlaqələri göz qabağındadır”, – deyə o qeyd edib.

Bu səbəbə onun qənaətincə, bütün bu problemlər – Laçında, Xankəndidə baş verənlər, Ermənistanla münasibətlər Moskvanın həm də Parislə tərəfdaş münasibətləri çərçivəsində Azərbaycanı sıxışdırmağa yönəlik böyük bir oyunun tərkib hissəsidir.

Sözünə davam edən politoloq deyib: “Azərbaycan iki əsas məsələni həll etməyib: 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ölkə ərazisini tam azad etməyib və ikincisi, Zəngəzur dəhlizini açmaq mümkün olmayıb. Baxmayaraq ki, 2020-ci ilin dekabrında Bakı hər şeyin bir addımlığında idi. Əminəm ki, hər iki məsələdə Azərbaycana sözdə kömək vəd ediləcək, gerçəkdə isə hər cür “dolayı hərəkətlər”lə bu işlərə pəl vurulacaq, əngəl yaradılacaq”.

Analitikə görə, Azərbaycanda həmçinin Rusiyanın guya Zəngəzur dəhlizinə Şimal-Cənub dəhlizi kontekstində ehtiyacı olması ilə bağlı yanlış düşüncə var: “Bu doğru deyil. Zəngəzur dəhlizi Rusiyaya gərək deyil. Rusiya bəlkə də ondan imtina etməz, amma bunun həyata keçirilməsi üçün barmağını-barmağına vurmaz. Əgər Azərbaycan, hər halda, onu reallaşdıra bilsə, – nəyə ki, mövcud situasiyada şübhə edirəm, – onda Rusiya da ondan yararlanar. Bu, Rusiyanın layihəsi deyil və bu dəhlizə o, nəzarət etmir”.

Bəs azərbaycanlı politoloqlar nə düşünür, Şevçenkonun fikirlərini bölüşürlərmi? Doğrudanmı Rusiya üçün bölgədə ən böyük problem Azərbaycandır və Zəngəzur dəhlizi Moskvaya gərək deyil?

Ermənistan Brüsseldə gözlədiyi dəstəyi əldə edə bilməyəcək” -

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinə davamlı olaraq daha çox ədalətli mövqedən fikir ifadə eləyən rusiyalı təqiqatçı Maksim Şevçenko verdiyi müsahibədə bir çox ciddi məsələlərə toxunub: “Rusiyanın maraqları, Rusiyanın maraqlarına maneçilik törədə biləcək qüvvələr və bu qüvvələrə münasibətlə bağlı mövqeyini ifadə edib. Şevçenkonun müsahibəsində maraqlı və düzgün hesab olunan fikirlər kifayət qədərdir. Xüsusilə də Azərbaycanın artan gücünün rəsmi Kreml tərəfindən diqqətlə və qısqanclıqla izlənilməsi ilə bağlı dedikləri haqlı mövqedir. Eyni zamanda Azərbaycanın bir çox Qərb dövlətləri ilə balanslı siyasət yeritməyə çalışması və Cənubi Qafqazdakı proseslərin əsas aparıcı qüvvəsinin Azərbaycan olması ilə bağlı fikirlər də tamamilə düzgündür.

Amma təbii ki, Şevçenko bir qədər dərinə gedib və hesab edirəm ki, bir sıra məsələləri ya bilməyərəkdən, ya da görmək istəməyərəkdən obyektivlikdən kənara çıxıb. Xüsusilə də Cənubi Qafqazda Rusiyanın maraqlarının təmin olunmasında əsas maneə kimi Ermənistanı deyil, Azərbaycanı görməsi, hesab edirəm, bir şovinist yanaşma və xristian təəssübkeşliyi ifadəsidir. Çünki Rusiyanın Cənubi Qafqaz maraqlarına ən böyük təhdidin məhz Ermənistan və oradakı hazırkı Paşinyan rejiminin dayandığı bəllidir. Rusiyanın əsas rəqiblərinin bölgəyə dəvət olunmasını və bölgədə iştirakçılığının təmin olunmasını elə son günlərdə məhz Paşinyan rejimi həyata keçirdi. Bu, gün kimi aydın məsələdir.

Şevçenko Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu haqlı olaraq qeyd edir, amma siyasətin birinci şəxslərin şəxsi münasibətlərindən yüksək durduğunu qeyd etsə də bu siyasətin hansı prizmada Azərbaycan və Rusiya maraqlarının toqquşduğunu, hansı müstəvidə uzlaşmadığını açıq şəkildə bəyan etmir. Ümumi sözlərlə bu maraqların uyğun gəlmədiyini deyir. Amma mən hesab edirəm ki, 2022-ci  il 22 fevral tarixli Azərbaycan və Rusiya arasında qarşılıqlı Birgə Fəaliyyət haqqında Strateji müttəfiqlik münasibətlərini əks etdirə bəyannamənin imzalanması Azərbaycan və Rusiya arasında münasibətləri ən üst səviyyəyə daşımaqla yanaşı, həm də Azərbaycanı Rusiya üçün çox əhəmiyyətli partnyora çevirib. Maraqlıdır ki, Şevçenko bunu görməzdən gəlir. Zəngəzur dəhlizi ilə bağlı isə maraqlı və reallıqlara uyğun olmayan yanaşma nümayiş etdirib. Zəngəzur dəhlizinin açılmasının Rusiyanın blokadaya alındığı indiki şəraitdə Rusiya üçün nə qədər böyük əhəmiyyət daşıyacağını xüsusi sübut etməyə ehtiyac yoxdur”.

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev 

Politoloq Azad Məsiyev isə bildirdi ki, Azərbaycan Cənubi Qafqazda ən strateji mövqedə yerləşən dövlətdir: “Bu mövqe Şərqlə Qərbi birləşdirən dəhliz üzərindədir. Ona görə də dünyada, regionda gedən geosiyasi proseslərdə Azərbaycan önəmli və diqqət mərkəzində olan dövlətə çevrilir. Dünyanın çox yerində olduğu kimi, Cənubi Qafqaz regionunda da iki böyük dövlətin-Rusiyanın və ABŞ-ın maraqları toqquşur. Episentr isə Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişə artıq Rusiya ilə ABŞ arasında gedir. Azərbaycan 44 günlük müharibədə torpaqlarının böyük hissəsini azad edib, Ermənistanla məsələni demək olar, həll edib. Məsələnin de-yure həlli isə ABŞ və Rusiya arasında gedən mübarizə üzündən hələ ki alınmır. Paşinyan hakimiyyəti Birləşmiş Ştatların əlində oyuncağa çevrilib. Vaşinqton çalışır ki, Paşinyan üzərindən Cənubi Qafqazda söz sahibi olsun və Rusiyanı bölgədən tamamilə çıxarsın. Ona görə də maraqlar toqquşur. Rusiya isə Cənubi Qafqazı öz təsir dairəsindən buraxmaq istəmir. Azərbaycanın Cənubi Qafqazın əsas aparıcı dövləti olması ona diqqəti daha da artırır. Azərbaycan Rusiya üçün önəmli dövlətdir. Azərbaycan xarici siyasətində təkqütblü siyasət yürütmür, həm Rusiya ilə, həm Qərblə əməkdaşlıq edir və milli maraqlarını hər şeydən öndə tutur. Rusiya da illərdir bunu görür və əslində buna normal yanaşır. Ötən ilin 22 fevralında Rusiya ilə Azərbaycan arasında 43 maddədən ibarət əməkdaşlıq və müttəfiqlik haqqında sənəd imzalanıb. Rusiya üçün Azərbaycan xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsi hər iki dövlətin maraq dairəsindədir. Rusiyanın Ermənistanla münasibəti ilə Rusiyanın Azərbaycanla münasibətləri çox fərqlidir. Əslində bu gün Rusiya üçün Ermənistan problemə çevrilib”.

Politoloq Zəngəzur dəhlizinin Rusiyaya lazım olmadığı barədə iddiaları düzgün saymır: “Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr üçtərəfli bəyanatını Rusiya Prezidenti də imzalayıb və həmin bəyanata görə dəhlizə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Zəngəzur dəhlizinin Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan əhəmiyyəti var”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …