Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Rusiyanın “pomidor müharibəsi”…

Rusiyanın “pomidor müharibəsi”…

Rusiyanın Rosselxoznadzor qurumu dekabrın 10-dan etibarən “zərərvericilərin müəyyənləşdirilməsi” səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.

Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır – Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbycandan gəlir.

Bəzi təhlilçilərə görə, Rusiyanın belə bir qərar verməsinə səbəb Azərbaycanın Türkiyə ilə dostluğunun onu qıcıqlandırması, digərlərinə görə isə, bu həftə Bakıda keçiriləcək və məğlub Rusiya hərbi avadanlıqlarını nümayiş olunacağı Zəfər paradıdır.

Rusiyanın siyasi münaqişələr zamanı pomidor idxalı qadağasından istifadə etməsi yenilik deyil – Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya lideri Vladimir Putin arasında münasibətlər gərginləşdiyi zaman Rusiya Türkiyədən pomidor alışına qadağa qoymuşdu.

Siyasi motivli

Rusiyalı politoloq, Moskvadakı MDB ölkələri institutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseeyev xatırladır ki, MDB ölkələri ilə ticarət sahəsində Moskva tərəfindən qadağalar mütləq siyasi motivli olmasa da, bəzi hallarda mahiyyətcə məhz belə də olur.

O, bu səpkidə Belarusa qarşı “süd məhsulları müharibəsini” xatırladıb.

Bundan əvvəl isə, müxtəlif illərdə Rusiya Gürcüstandan şərab, meyvə və mineral su məhsuluna, Moldovadan şərab məhsuluna, Ukraynadan şokolad-konfet məhsuluna müxtəlif növ qadağalar qoyub. Və hər dəfə də bu qadağalar həmin ölkələrin Rusiya ilə münasibətlərinin gərgin dövrünə təsadüf edib.

Həmçinin, 2015-ci ildə Turkiyə tərəfindən Suriya ilə sərhəd zonasında Rusiyanın Su-25 qırıcı təyyarəsi vurulduqdan sonra Rusiya Türkiyəyə qarşı cavab addımlarından biri kimi məhz bu ölkədən pomidor ixracına qadağa qoymuşdu.

Vladimir Yevseyev istisna etmir ki, Rusiya bu yolla Azərbaycanın xarici siyasətində nədənsə narazı olduğuna işarə edib: “Misal üşün, Moskva Azərbaycanın Türkiyə ilə həddən çox yaxınlaşmasından və regionda qüvvələr balansının dəyişə bilməsindən narahat ola bilər”, o, BBC News Azərbaycancaya deyib.

Rusiyalı expert Rosselxoznadzor-un qərarından əvvəl Sergey Lavrovun Azərbaycanın XİN başçısı ilə telefon danışığı aparmasına da diqqəti çəkib. “Ola bilsin ki, bu təsadüf deyil”, – Yevseyev deyib.

Siyasi təhlilçi Qubad İbadoğlu hesab edir ki, bu embarqo Rusiyanın Bakıda, cümə axşamı günü keçiriləcək qələbə paradına “cavabıdır”.

O xatırladıb ki, paradda Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi ələ keçirdiyi hərbi avadanlıq nümayiş olunacaq.

Ermənistan Rusiya silahlarının əsas idxalçısıdır və məğlub olmuş hərbi texnikanın Azərbaycan paytxatında nümayişi Rusiyanın hərbi sənaye kompleksini gözdən salır, Qubad İbadoğlu belə hesab edir.

Azərbaycan nə etməlidir?

Dekabrın 11-dən Türkiyənin Antalya və İzmir vilayətlərindən və Özbəkistanın Qaşqadərya bölgəsindən pomidor və bibər idxalına qadağa qoyulub.

Məlumata əsasən, Rosselxoznadzor həmçinin Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalını dekabrın 14-dən qadağan edib.

İqtisadi məsələlər üzrə şərhçi Natiq Cəfərli qeyd edir ki, Rusiyanın Ermənistanla ticarətində pomidor və bibər kənd təssərüfatı məhsullarının ticarəti dövriyyəsində ən aşağı olan iki istiqamət olub.

“Azərbaycanda isə pomidor nömrə birdir. Bu məhsul qeyri-neft ixracatında, aqrar sahə ticarətində birinci yeri tutur”, – Natiq Cəfərli deyib.

Ekspert istisna etmir ki, Ermənistanın da Rosselxoznadzor-un siyahısına salınması “sadəcə balans görüntüsü yaratmaq üçün ola bilər”.

RIA Novosti-nin xəbərində də qeyd olunub ki, “2019-cu ildə Ermənistan Rusiyaya pomidor tədarükündə Azərbaycan, Türkiyə, Çin, Mərakeş, Belarus, Özbəkistan və İrandan sonra səkkizinci yeri tutub.”

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın kənd təssərrüfatı məhsulunun 80-90 faizi Rusiyaya ixrac olunur:” Azərbaycan yalnız keçən il Rusiyaya 185 milyon dollarlıq pomidor məhsulu ixrac edib.”

Onun fikrincə, Yeni İl qabağı, bayram günləri ərəfəsində bu cür qadağanın qoyulması təsirli ola bilər, çünki məhz bu ərəfədə Azərbaycandan Rusiyaya bayram süfrəsi üçün pomidor və meyvə ixracatı adətən nəzərəçarpan dərəcədə daha artıq olur.

Cəfərlinin fikrincə, pomidora qadağadan dəyəcək zərər daha çox Şəmkir-Qazax zonasında, alma qadağasının zərərini isə Quba-Xaçmaz zonasında his edilə bilər.

“Rusiya bu cür addımları əvvəllər də atıb. Azərbaycan yeni bazarlar tapmalı, Avropa bazarlarına çıxmalı, çoxşahəli ixracat modelinə keçməlidir”, – iqtisadçı ekspert deyir.

Natiq Cəfərli də Rusiyanın “pomidor qərarının” arxasında siyasi motivin durduğu fikrini bölüşür.

“İndiki dövrdə, çox güman ki, Rusiyanı qıcıqlandıran əsas məsələlərdən biri Türkiyə-Azərbaycan yaxınlaşmasının növbəti mərhələyə keçməsidir və intensivliyidir. Türkiyənin məhdud həcmdə olsa da, Azərbaycanda mövcudluğu heç də Rusiyaya xoş gəlmir. Həm də simvolik bir gün seçilib – bu qərarın qüvvəyə minəcəyi dekabrın 10-da Azərbaycanda hərbi parad keçirirlir. Türkiyə prezidenti ilə Azərbaycan prezidenti birgə hərbi paradı qəbul edəcəklər,” – Cəfərli deyib.

“Şişrirtmə”

Politoloq və millət vəkili Rasim Musabəyov isə bu qadağanı “sırf texniki məsələ” sayaraq ona “siyasi çalar verməklə şişrirtməyi” düzgün saymır.

“Hansısa bir fikir səsləndirməzdən əvvəl, bizim kənd təsərrüfatı nazirliyinin bu məsələyə dair rəyini gözləmək lazımdır, fito-sanitar nəzarət qurumlarının mövqeyi aydınlaşmalıdır və yalnız bundan sonra əgər qarşı tərəfin qərarında gətirilən səbəblər təsdiqlənmirsə, o zaman fərqli motivlərdən danışmaq olar, – millət vəkili deyir. – Pomidorlar Rusiyaya satılmasa, burada özümüz həmin məhsulu istehlak edərik.”

“Bu cür texniki məsələlər nə qədər az siyasiləşdirilərsə, onların çözümü o qədər də asan olar,” – Rasim Musabəyov fikrini davam edib.

O qeyd edib ki, Azərbaycan öz kənd təsərrüfatı məhsulunu Rusiyaya fasiləsiz ixrac etməkdə maraqlıdır.

RIA Novostinin məlumatında qeyd olunur ki, Bakıda Rosselxoznadzor-un qadağa qərarının “texniki səhv olduğunu guman edərək məsələni tənzimləmək planlarını açıqlayıblar”.

Həmçinin oxuyun

Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir – Nə etməliyik?

10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlıları yerləşdikləri ərazilərlə bağlı bir neçə dəfə təxribata əl ataraq …