Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / “Rusiyanın marağı olmasa, erməni separatçıları atəşkəsi pozmağa cəsarət etməz” – Təbriz Musayev

“Rusiyanın marağı olmasa, erməni separatçıları atəşkəsi pozmağa cəsarət etməz” – Təbriz Musayev

Məlum olduğu kimi, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bəyan edib ki, Azərbaycanla sülh müqaviləsi bağlanması prioritet məsələlərdən biridir: “Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir. Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”.

O da məlumdur ki, Rusiyanın Ukraynaya hücumundan sonra erməni separatçıların Qarabağda fəallığı artıb. Tez-tez Azərbaycanın mövqelərini atəşə tuturlar. O cümlədən, digər təxribatlara əl atırlar. Bənzər hallar Azərbaycan-Ermənistan sərhədində də yaşanır. Belə olan halda, yəni Ermənistan XİN rəsmisinin sülh mesajları fonunda atəşkəsin son günlər tez-tez pozulması nə deməkdir? Tutaq ki, Qarabağdakı separatçılara İrəvan tam nəzarət edə bilmədiyi üçün atəşkəs pozulur, bəs Naxçıvan istiqamətində təxribat nə deməkdir?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar onu göstərir ki, Ermənistanın sülh çağırışlarının səmimiliyinə inanmaq olmaz: “Onlar belə çağırışlar etməklə həm özləri barədə saxta sülhsevər millət təəssüratı yaratmaq istəyirlər, həm də vaxt uzadırlar. Baş nazir Nikol Paşinyan da ara-sıra sülh sazişi ilə bağlı fikirlər səsləndirir. Ancaq gəlin görək, qarşı tərəf bununla bağlı, proseslərin sürətləndirilməsi ilə əlaqədar konkret addımlar atırmı? Biz bunu müşahidə etmirik. Fevralın 22-də Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə bəyan etdi ki, Ermənistan tərəfi prosesləri yubadır. Ermənistan Azərbaycanla sülh sazişini imzalamaqda maraqlı olsaydı, o zaman atəşkəsin pozulmasına rəvac verməzdi. Ən azından, Ermənistan-Azərbaycan sərhədində stabilliyin qorunmasına xüsusi diqqət göstərərdi. Ancaq biz bunun tam əksini müşahidə edirik. Qarabağda atəşkəsin pozulmasında üçüncü qüvvələrin də rolu var. Söhbət Ermənistandakı “Qarabağ klanı” və Rusiyadan gedir. Rusiyanın marağı olmasa, erməni separatçıları Qarabağda atəşkəsi pozmağa cəsarət etməz. Moskva bilərəkdən buna şərait yaradır ki, Qarabağda gərginlik davam etsin. Zatən hər şey ortadadır. Sülhməramlılar gah onların statusuna daxil olmayan işlərlə məşğul olurlar, gah da separatçıları təxribat törətməyə sövq edirlər. Baxmayaraq ki, Vətən müharibəsi dönəmində erməni separatçıların belini qırdıq. Ancaq Rusiya istəmir ki, Qarabağdakı erməni separatizminə birdəfəlik son qoyulsun. Çünki ənənəvi olaraq Kreml bundan hər iki dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələlər bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır”.

İAT sədri onu da qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi uzanarsa, Ermənistan Qarabağ məsələsində prosesləri pozmaq üçün səylərini artıracaq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …