Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / Rusiyanın Gürcüstana müdaxiləsindən 13 il ötür: nə dəyişib? – ŞƏRH

Rusiyanın Gürcüstana müdaxiləsindən 13 il ötür: nə dəyişib? – ŞƏRH

Rusiya ilə Gürcüstan arasında “5 günlük” müharibədən (7-12 avqust 2008) 13 il ötür. Rusiya bu müharibə nəticəsində Abxaziya və Cənubi Osetiyanı ilhaq elədi və ardınca onları “dövlət” kimi tanıdı ki, həm də oradakı öz hərbi qüvvələrinə legitimlik donu geydirsin.

Rusiya qoşunlarının Gürcüstana müdaxiləsinin ildönümü ilə bağlı dünən BMT Təhlükəsizlik Şurası müvafiq bəyanat qəbul edib. Həmçinin 7 dövlət – ABŞ, Fransa, İngiltərə, Norveç, Estoniya, Albaniya və İrlandiya Moskvanı tanınma qərarını geri götürməyə və öz qoşunlarını separatçı bölgələrdən çıxarmağa çağırıb. Moskva nə vaxtsa buna gedə bilərmi? Bundan ötrü bölgədə və dünyada hansı geosiyasi dəyişikliklər baş verməlidir?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Rusiya-Gürcüstan müharibəsi Vladimir Putinin nə qədər qəsbkar olduğunu göstərdi: “Baxmayaraq ki, Rusiyada iki çeçen müharibəsi olmuşdu, Gürcüstana hücum Rusiyanın SSRİ dağılandan sonra qonşu ölkələrə ilk həmləsi idi. Müstəqil bir dövlətə hücum olundu, Avropa və Qərbin etirazları olmasaydı, Tiflisə qədər gedəcəkdilər. Nəticə Gürcüstan üçün çox ağır oldu: ölkə parçalandı. İndiyə qədər də Gürcüstanın ərazi bütövlüyü bərpa olunmayıb”.

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu: “Ukrayna, Moldova və Gürcüstanın taleyi bizə dərs olmalıdır”

Politoloq bildirir ki, əslində Qərbin ən böyük yanlışlığı da Rusiyanın Gürcüstana hücumuna sərgilədiyi münasibət oldu:  “Rusiyaya aqressiyasına uyğun şəkildə kəskin reaksiya verilsəydi, sonrakı dövrdə Krımın ilhaqı baş verməyəcəkdi. Rusiya Ukraynanı parçalaya bilməyəcəkdi. Məhz Qərbin qeyri-adekvat reaksiyası Rusiyanın ”Parçala,hökm sür!” siyasətini uğurla davam etdirməsinə, hətta genişləndirməsinə şərait yaratdı. SSRİ dağılandan indiyə qədər Rusiya öz nüfuz dairəsi hesab etdiyi keçmiş respublikalara bu və ya başqa formada müdaxilə etməkdədir: bütün münaqişə ocaqlarında onun əli var. Yalnız Azərbaycan qalmışdı ki, Rusiyanın hərbi iştirakı yox idi, ona da nail olub. Ona görə də düşünürəm ki, Ukrayna, Moldova və Gürcüstanın taleyi bizə dərs olmalıdır. Elə etməliyik ki, 4 ildən sonra Rusiya Qarabağı tərk eləsin. Bu müddət uzansa, Rusiya oradakı separatizm ocağını daha da gücləndirəcək. Əlbəttə, Rusiya girdiyi ölkədən çıxmamaq üçün əlindən gələni edir. Amma biz yenə də nümunə göstərməliyik. Necə ki, Qarabağ münaqişəsini öz gücümüzlə həll edərək dünyaya nümunə olduq, eləcə də Rusiya hərbi qüvvələrini beş illik müddət tamamlanan kimi ərazimizdən çıxarmaqla nümunə olmalıyıq”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Qərb Abxaziya və Cənubi Osetiya məsələsindən davamlı olaraq, Rusiyaya qarşı təzyiq üçün istifadə edir: “Təbii ki, Qərb Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsini istəyir, amma bunun üçün əməli addımdan daha çox, kağız üzərində qalan qərarlar verilir, ”5 günlük müharibə” zamanı etdikləri kimi. Eyni proses Ukraynada yaşandı və bu gün Qərbin Ukrayna məsələsində etdiyi Gürcüstanda etdiklərindən fərqlənmir. Rusiyaya qarşı qəbul edilən qərarlar, sanksiyalar Moskvanı geri çəkilməsinə təsir etməyəcək. 13 ildir vəziyyət dəyişməyib və dəyişməsi çətin görünür. Fikrimcə, Abxaziya və Cənubi Osetiya məsələsinin həll edilə bilmə imkanları yetişir, burada Gürcüstanın mövqeyindən çox şey asılıdır. Qarabağ məsələsi həll edildi və bunun əsas səbəbi baş verən geosiyasi dəyişiklikdir. Bu nəticə Prezident İlham Əliyevin prosesləri yaxşı oxuya bilməsi, Bakının Gürcüstan və Ukraynanın yaşadıqlarından dərslər çıxarması hesabına əldə olundu”.

Ermənistandakı seçkilər Zəngəzur dəhlizinə necə təsir edəcək - rəylər

Asif Nərimanoğlu: “Həm Donbasın, həm də Abxaziya və Cənubi Osetiyanın həllinin açarı Ankaradadır”

A.Nərimanlının sözlərinə görə, Qarabağ münaqişəsinin həllindən sonra regionda geosiyasi dəyişikliyin tərkib hissəsi olan reallıqlar yaranıb: “Bir tərəfdə Türkiyə, digər tərəfdə Rusiya var və ”Altılıq” platforması adlanan yeni layihə gündəmdədir. Bu platformaya qarşı olan ABŞ Gürcüstanı oyundankənar vəziyyətdə saxlayır. Halbuki Gürcüstanın bu proseslərdən kənarda qalması bu ölkənin gələcəyi baxımından risklidir. Çünki artıq yeni dünya qurulur və bu dünyada ABŞ-ın təsir imkanlarının azaldığını görürük. Gürcüstan siyasi kursunu dəyişərsə və altılıq platformasına gələrsə, Abxaziya və Cənubi Osetiya məsələsinin həll edilməsi imkanlarını genişləndirə bilər. Və fikrimcə, bu məsələni həll edə biləcək tərəflər Türkiyə və Rusiyadır. Türkiyə yeni regional güc olaraq formalaşır və Rusiya toqquşan maraqlarına rəğmən, Cənubi Qafqazda olduğu kimi, Mərkəzi Asiyada da Ankara ilə birlikdə hərəkət etmək istəyir. Ukraynanın son dövrlər Türkiyəyə yaxınlaşmaq strategiyası bu kontekstdə təsadüfi deyil. Kiyev Qərb cəbhəsinin nəticə vermədiyini anlayır, Türkiyənin gələcək gücünü də anlayır. Mümkündür ki, Krımın olmasa belə, Donbas məsələsinin həll edilməsi üçün Ankara və Moskva anlaşa bilər. Eyni ssenarinin Abxaziya, Cənubi Osetiya məsələsində də ola biləcəyi mümkündür, amma bu, Tiflisin addımlarından asılı olacaq. Qeyd etdiyim kimi, Gürcüstanın probleminin həlli “Altılıq” platformasındadır və Rusiyanı Qərb yox, Türkiyə razılığa gətirə bilər. Həll planının necə, hansı formada olacağı isə danışıqlardan asılıdır. Amma həm Donbasın, həm Abxaziya və Cənubi Osetiyanın həllinin açarı Ankaradadır. Kiyev prosesi doğru oxuya bilir, amma Tiflis haqqında bunu hələ ki, deyə bilmərik”.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …