Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Rusiya və Türkiyə ilə hərbi əməkdaşlıq – Azərbaycanın müstəqil xarici siyasətinin daha bir göstəricisidir

Rusiya və Türkiyə ilə hərbi əməkdaşlıq – Azərbaycanın müstəqil xarici siyasətinin daha bir göstəricisidir

Arzu Nağıyev:  “Bu gün regionda baş verən münaqişələr və siyasi proseslər bu təlimlərin keçirilməsini daha da zəruri edir”
“Bu istiqamətdə Azərbaycanın həm NATO, həm də digər tərəfdaşlarla yürütdüyü siyasət təqdirəlayiqdir”
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı – 2015” taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, avqustun 22-dən başlayacaq təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum, “F-4E” bombardmançı, “C-130” Herkules hərbi-nəqliyyat təyyarələri, “Mi-35” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat, “Cougar AS532” axtarış-xilasetmə helikopterləri iştirak edəcək.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.
Təlimlər sentyabrın 18-dək davam edəcək.
Eyni zamanda, bir müddət öncə rus hərbi gəmiləri əməkdaşlıq çərçivəsində Bakıya gəlmişdi. Bütün bu faktorlar bizim müstəqil xarici siyasət yürütmək qabiliyyətində olduğumuzun göstəricisi sayıla bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu qənaətə gəlmək üçün əsas var: “Azərbaycanla eyni səviyyəli tərəfdaşlar kimi hərbi təlimlər keçirilirsə, bu, hərbi qurumlarımızın yüksək səviyyəli hazırlığından xəbər verir. Eyni zamanda, bu təlimlərin keçirilməsinin mühüm əhəmiyyəti döyüş taktikasının daha da mükəmməlləşməsi və mübadiləsi deməkdir. Türkiyə Hərbi Hava Qüvvələri ilə birgə təlimlərin bir müsbət cəhəti də Azərbaycan Hərbi Hava Qüvvələrinin NATO standartlarına uyğun olaraq döyüş taktikasına yiyələnməsindən və yeni texnikanı mənimsəməsindən ibarətdir. Xüsusi qeyd etmək yerinə düşərdi ki, bu il Naxçıvanda da hər iki dövlətin hərbi qüvvələrinin çox uğurlu təlimləri keçirildi. Bu gün regionda baş verən münaqişələr və siyasi proseslər bu təlimlərin keçirilməsini daha da zəruri edir. Bu istiqamətdə Azərbaycanın həm NATO, həm də digər tərəfdaşlarla yürütdüyü siyasət təqdirəlayiqdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …

Bir cavab yazın