Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Rusiya-Ukrayna savaşının 136-cı GÜNÜ: “Əsl cəhənnəmi” yaşadan Kreml dünyadan təcrid olunur – TƏHLİL

Rusiya-Ukrayna savaşının 136-cı GÜNÜ: “Əsl cəhənnəmi” yaşadan Kreml dünyadan təcrid olunur – TƏHLİL

Tank, PDM və ZTR-lər – 5 335 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 640 ədəd, səhra artilleriyası və minaatanlar – 813 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 885 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 947 ədəd, səhra artilleriyası və minaatanlar – 3 075 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz otuz altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 136-cı gün tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib:

“Gün ərzində əsasən tərəflərin mövqe döyüşləri və raket- artilleriya dueli davam etdi. Əməliyyatlar teatrında döyüşlər eyni templə davam etdi. Bütün cəbhə boyu tərəflərin taktiki vəziyyətində nisbi sakitlik hökm sürdü.

Rusiya qüvvələri Donetsk vilayətinə raket zərbələri endirib. Rusiya “Uraqan” raketləri ilə vilayətin müxtəlif şəhərlərini vurub. Raketlərdən biri 5 mərtəbəli yaşayış binasına düşüb. Bina yerlə bir olub. Nəticədə 6 nəfər həyatını itirib, 5 nəfər yaralanıb, 34 nəfər isə dağıntılar altında qalıb.

Ruslar Xarkov şəhərinə də çoxlu sayda raket zərbələri endiriblər. Bu istiqamətdə də 7 mülki şəxsin öldüyü bildirilir. Ümumiyyətlə, müharibə başlayandan bu günə qədər təkcə Donetsk vilayətində 583 vətəndaş həyatını itirib, 1517 nəfər isə yaralanıb. Volnovaxa və Mariupolda həyatını itirənlərin sayı isə bəlli deyil.

Rusiya qüvvələri Donetsk və Luqansk vilayətlərinə hücumlarını fasiləsiz davam etdirir. Luqanks qubernatoru Serhyi Haydai bəyan edib ki, Rusiya Ukraynanın şərqində “əsl cəhənnəmi” yaşadır. Görünən odur ki, ruslar bu iki vilayəti tam nəzarətinə götürməyənə qədər dayanmayacaqlar. Onlar yaşayış məntəqələrini bilərəkdən vururlar ki, xalq tamamilə bezsin və mərkəzi hakimiyyətə qarşı çıxsın. Ancaq hələki biz bunu görmürük.

Qərb, xüsusilə ABŞ Ukraynaya silah yardımı etməkdə davam edir. Rusiya Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində hökmranlığını gücləndirmək üçün hücumlarını artırdığı bir vaxtda ABŞ-nin Ukraynaya dörd Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) göndərəcəyi bildirilir.

Bununla ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni dəstək paketi çərçivəsində 4 HİMARS, eləcə də sursat və Haubitsaların göndərilməsi ilə Ukraynaya verilən raket sistemlərinin sayının 12-yə yüksəldiyini açıqlayıb.

Görünən odur ki, ABŞ Rusiyanın irəliləməsi ilə qəti barışmaq fikrində deyil. Tərəflər son dərəcə ciddi itkilər fonunda çox qərarlı görünürlər.

Rusiya ələ keçirdiyi bölgələrdə artıq Rusiya təhsil sisteminə keçiləcəyini bəyan edib. Rusiyanın Ukraynada zəbt etdiyi Xerson, Zaporojye və Mariupol şəhərlərində Rusiya təhsil sisteminə keçiləcək. Bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov dünən Ukraynanın Zaporojye vilayətinin ələ keçirilən Melitopol şəhərinə səfər edərkən deyib. Rusiya bəyan edib ki, Ukrayna dili ana dili kimi keçiriləcək, Ukrayna dilində təhsil almaq istəyən uşaqlar üçün müəyyən saatlar təyin ediləcək. Əsas dil isə rus dili olacaq.

Əslində Rusiyanın bu addımı onu deməyə əsas verir ki, onlar qondarma respublikalar qurmaq belə istəmirlər. Həmin əraziləri birbaşa Rusiyaya birləşdirmək niyyətindədirlər. Rusiyanın daha əvvəl Ukraynada ələ keçirdiyi şəhərlərdə rus ordusu tərəfindən rus televiziya və radiostansiyaları yaradılıb.

G20 Sammitində Rusiya XİN rəhbəri Sergey Lavrov belə desək, bezdirildi və sammiti tərk etməkdən başqa yolu qalmadı. Məsələ ondadır ki, Lavrovun görüşdə iştirakı Rusiya prezidenti Vladimir Putinin noyabrda keçiriləcək G20 Sammitinə mümkün səfərinə hazırlıq kimi də qiymətləndirildi. G20 dövlətləri Lavrova münasibətlə əslində Putinə də mesaj yollamış oldular ki, gəlsən səni də eyni aqibət gözləyəcək. Rusiya demək olar ki, bütün beynəlxalq qurumlardan, təşkilatlardan birbaşa və ya dolayısı ilə uzaqlaşdırılır.

Rusiyanın dünyadan təcridi hansı nəticələr verəcək, bunu görəcəyik…”.

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …