Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / “Rusiya sülhməramlılarının Qarabağda çoxbaşlı oyunları artıq sona çatmaqdadır”

“Rusiya sülhməramlılarının Qarabağda çoxbaşlı oyunları artıq sona çatmaqdadır”

Erməni təxribatları davam etdiyi üçün,  Ordumuzun hissə və bölmələrinin ərazilərimiz çərçivəsində yerdəyişmələri də fasiləsiz olacaq.

Hazırda dünyanın ən bədbəxt ölkəsi Rusiya, ən uğursuz ordusu isə Rusiya ordusudur. Hər keçən gün bu daha aşkar hiss olunur və özləri də bunu təkzib etmirlər. Ukraynada baş verən uğursuz fəaliyyətlərini Azərbaycana aid ərazilərdə kompensasiya etməyə çalışan Rusiya Müdafiə Nazirliyi dünən verdiyi bəyanatı ilə martın 24-dən 25-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozmaqda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olmaqda günahlandırdı. 

 Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi ilə ilk dəfə rastlaşmırıq. Azərbaycanda belə bir ərazi vahidi olmadığını ruslar da bilir. Rusiya MN-nin erməniləri küsdürməmək üçün bu ifadədən istifadə etməsi bizim üçün qəbuledilən deyil. Əks halda biz də Rusiyanın müxtəlif bölgələri üçün xoşa gəlməz ərazi adlarından istifadə edə bilərik. Rusiya Müdafiə Nazirliyinin kargüzarları bunu unutmalı deyil. 

 Rusiya sülhməramlılarının 16 ay dəmkeş fəaliyyətindən səbr kasası aşan Azərbaycan Ordusu, fasiləsiz olaraq atəşkəsi pozan erməni silahlılarını cəzalandırmağa başlayıb. Qarabağ erməniləri isə mitinqə çıxıb sülhməramlıları onları müdafiə etməməkdə günahlandırırlar. Sülhməramlının və ya Rusiya Müdafiə Nazirliyinin cəsarəti çatmır ki, imzalanan birgə Bəynatın şərtlərini mitinq iştirakçılarına oxusun, cari və gələcək fəaliyyətlərinin nədən ibarət olacağını onlara başa salsın. Əslində 16 ay əvvəl erməni silahlıları Kəlbəcər, Ağdan və Laçından təmizləndiyi kimi digər ərazilərdən də dərhal təmizlənsəydi, bu gün biz Qarabağda bu gərginliyi müşahidə etməzdik. Dolayısı ilə bu gün baş verənlərin əsas səbəbi, Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı yarıtmaz fəaliyyətidir. Görünür S.Şoyqu və ətrafındakı kargüzarları hələ də  V.Putinin Qarabağın Azərbaycana aid olmasına dair bəyanatına zidd hərəkət etməklə Rusiya Prezidentinə meydan oxuyurlar.  

Hadisələrin gedişatından görünür ki, Rusiya sülhməramlılarının Qarabağda çoxbaşlı oyunları artıq sona çatmaqdadır. Bunu Azərbaycan Ordusu son yerdəyişmə proseslərində nümayiş etdirdi. Erməni təxribatları davam etdiyi üçün,  Ordumuzun hissə və bölmələrinin ərazilərimiz çərçivəsində yerdəyişmələri də fasiləsiz olacaq.   Qarabağ erməniləri isə Rusiya sülhməramlılarının ərazidən qovulmasını və dəyişdirilməsini təklif edirlər. Əslində Rusiyanın şəxsi heyətə ehtiycı böyükdür.  Qazı, yolu, elektriki, interneti, hərdən isə telefon şəbəkəsi olmayan ərazidə 40 erməninin təklifi ilə, hansı ölkə və necə sülhməramlı qoşun yerləşdirəcəyi məlum deyil. Ərazinin sahibi Azərbaycanın razılığı olmadan kiminsə bu ərazilərə gələ biləcəyinin mümkünsüzlüyünə hələlik toxunmuram.  Mitinqlərdə rus sülhməramlıları ilə seperatçılara qarşı səslənən bəyanatlar, terroçü başı A.Arutunyanın “hərbi vəziyyət” elan etməsi ilə müşaiyət olundu. Son dəfə bu addım 27 sentyabrda, Ermənistanın Azərbaycana hücum etdiyi zaman atılmışdı.

Bu Qarabağdakı erməni terrorçuların bənzər fəaliyyətlərə hazırlığı kimi dəyərləndirilməlidir.  Beləliklə illər boyu Ermənistanda və Qarabağda rusların “Xilaskar” obrazı yaratmaq cəhdi, Ordumuzun “Fərrux dağ” yerdəyişməsi ilə yox oldu. “Fərrux dağ” həmləsi 15 erməni itkisi ilə çoxlarının ürəyində dağ çəkdi.  Rus sülhməramlılarının bir il yarım ərzində Qarabağ ermənilərini yedizdirməsi, onlara evlər tikməsi, infrastruktur yaratması, tibbi xidmət göstərməsi, rus əsgərini susuz qoyub yerli erməniyə “Zil-131” ilə əhaliyə su daşıması, faşist Njdenin heykəllərinə göz yumması belə rusların Qarabağdakı “Xilaskar” obrazını qorumağa imkan vermədi. İndi Qarabağ ermənilərinin Rusiya haqqında nə düşündəklərini aşkar şəkildə eşitmək üçün Ordumuz sülhməramlılara geniş imkanlar yaradıb.  Azərbaycan bütün qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsinə dair üçtərəfli sazişin 4-cü bəndinin Ermənistan və Rusiya tərəfindən həyata keçirilməsini il yarımdır ki, səbrlə gözlədi. Bu səbr kasasını Kreml və İrəvan bilərəkdən daşırdılar. İndi isə eynilə noyabrın 16-da olduğu kimi, tumanlarını başlarına çəkiblər. Amma bu bəyanatlar, Qarabağın adının təhrif olunması və s. heç nəyi dəyişməz. Bunu Azərbaycan Müdafiə Nazirliyinin yumşaq bəyanatından da qismən görmək mümkündür. Bəyanatın son cümləsindəki “xahiş” ifadəsi ilə qəti razı deyiləm. Biz ərazimizdə baş verən rus və ermənilərin qanunsuz fəaliyyətləri barədə kimdənsə nəsə xahiş etməli deyilik.  Rusiya sülhməramlılarına xatırlatmaq yerinə düşər ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən erməni silahlıları tam təmizlənməyənə qədər hər dəqiqə təxribatlar baş verə bilər.

Hazırda Qarabağ ərazisindəki erməni silahlıları daha genişmiqyaslı təxribatlara hazırlaşır. Terrorçu başı Arayikin “hərbi vəziyyət” elan etməsi də bu hazırlığın tərkib hissəsidir. Kiçik miqyaslı təxribatların qarşısını almaq bəlkə də çətin olmaya bilər, amma genişmiqyaslı təxribatların təkrarlanması üçün Azərbaycan Silahlı Qüvvələri daha təsirli tədbirlər görməyə mütləq məcbur olacaq. Bu isə Rusiyanın sülhməramlı fəaliyyətlərinin səmərəliliyini tamamilə şübhə altına alacaq və Şoyqunun rəhbərlik etdiyi qurumun, xüsusilə də indiki bərbad vəziyyətində, maraqlarına tamamilə ziddir. Odur ki, vəziyyətdə yeganə çxış yolu Rusiya sülhməramlılarının üzərinə götürdüyü öhdəliklərin, o cümlədən birgə Bəyanatın 4-cü bəndini tam həcmdə və dərhal yerinə yetirməsindən ibarətdir. Əgər erməni silahlılarının Azərbaycan torpaqlarından çıxarılması yenə də ləngiyəcəksə, o zaman Azərbaycan Silahlı Qüvvələri bu fəaliyyətləri təkbaşına və qısa müddətdə həyata keçirəcək. 

Ədalət Verdiyev, hərbi ekspert

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …