Ana səhifə / Siyasət / Rusiya ordusu Bakı-Tiflis-Ceyhanı da tuta bilər

Rusiya ordusu Bakı-Tiflis-Ceyhanı da tuta bilər

Rusiyanın separatçı Cənubi Osetiyadakı qüvvələrinin iyulun 10-da “sərhəd xəttini” sakitcə irəli çəkərək Bakı-Supsa neft kəmərinin 1600 metrlik hissəsini nəzarət altına alması Qərbdə ciddi narahatlıq doğurub.

Virtualaz.org saytı xəbər verir ki, Qərb siyasətçiləri və mediası bir neçə gün gecikmə ilə rusların Gürcüstanda irəliləməsi ətrafında böyük hay-küy qaldırıblar.

Artıq BMT baş katibi və AŞ PA prezidenti də bu məsələyə dair narahatlıq bəyanatları ilə çıxış edib.

Fransanın “Le Blog Finance” nəşrinin yazdığına görə, bəlkə də gürcülər Cənubi Osetiyanın inzibati sərhədlərinə nəzarət edən Rusiya hərbçilərinin sərhəd xəttini göstərən lövhələri bir neçə yüz metr irəli çəkməsinə göz yumardılar. Çünki rusların sərhəd lövhələrinin yerini dəyişməsi nəticəsində Gürcüstanın Qori rayonunun onsuz da Tiflisin nəzarətində olmayan iki kəndi Cənubi Osetiyanın nəzarətinə keçib.

Lakin məsələ ərazidə deyil, neftdədir. Əgər Cənubi Osetiyanın nəzarətinə keçən ərazidən strateji əhəmiyyətli Bakı-Supsa ixrac neft kəməri keçməsəydi, gürcülər buna o qədər də əhəmiyyət verməzdi.

“Rusiya hər gün öz piyadalarını bir az qabağa itələyir və havadan güclü neft qoxusu gəlir”-deyə Fransa nəşri yazır.

Bakı-Supsa ilkin neft kəməri Bakı-Tiflis-Ceyhan kəməri istifadəyə verilənə qədər Azərbaycan neftinin Rusiyadan asılı olmayan əsas ixrac marşrutu idi. Lakin bu kəmərin imkanları məhduddur. Çünki Supsa limanından neft götürən tankerlər Türkiyənin Bosfor və Dardanel boğazlarından keçməlidir.

Türkiyə isə boğazlardan neft tankerlərinin keçməsinə məhdudiyyət qoyub. Buna baxmayaraq rusların kəmərin bir hissəsini nəzarət altına alması daha çox Qərbə mesajdır.

“Rusiya bununla Qərbə nümayiş etdirmək istəyir ki, onun Qafqazdakı strateji layihələrinin təhlükəsizliyinə təminat yoxdur”– deyə nəşr yazır.

Bakı-Supsa kəmərinin keçdiyi ərazilərin bir hissəsinin separatçı Cənubi Osetiyanın nəzarətində qalması ehtimalı çoxdan yaranmışdı. 2013-cü ildə Gürcüstan hökuməti bildirmişdi ki, əgər kəmərin bir hissəsi bu ərazilərdə qalsa belə ciddi problem yaratmayacaq. Çünki kəmər yerin altına basdırılıb.

Lakin yeganə problem ondan ibarətdir ki, kəmərin həmin hissəsində nasazlıq yaransa onu aradan qaldırmaq mümkün olmayacaq.

Kəmərin cəmi 1600 metrlik hissəsi Cənubi Osetiyadan keçsə də bu kifayətdir ki, istəyəndə bütün kəmərin işini dayandırasan. Rusiya isə Qərbə onun Cənubi Qafqazdakı layihələrini  təhlükəsizliyinin təminat altında olmadığını sübut etmək üçün buna gedə bilər.

Təsadüfi deyil ki, sərhəd lövhələrinin irəli çəkilməsi NATO-nun Gürcüstanda irimiqyaslı təlimləri ilə eyni gündə baş vermişdi.

Neftegaz.ru agentliyinin xəbərinə görə, sərhəd lövhələrinin irəli çəkilməsinə görə rəsmi Tiflisin etirazlarına cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, lövhələr əvvəldən də həmin yerdə olub. Və Gürcüstanın “Rustavi-2” telekanalı bildirir ki, kəmər əslində Cənubi Osetiyanın SSRİ-nin vaxtında müəyyən edilmiş inzibati ərazilərindən keçir. Bunu təsdiq edən xəritələr Tiflisdə var.

Lakin gürcü ekspert Vaxtanq Maisaya yerli qəzetlərdən birinə müsahibəsində deyir ki, Rusiya Cənubi Osetiya ilə Gürcüstan arasında yeni sərhəd bannerləri yerləşdirməklə kifayətlənməyəcək: “Ruslar daha da irəli gedə və Tiflis-Qori avtomobil yoluna da sərhəd bannerləri qoya bilər”.

Qeyd edək ki, Tiflis-Qori magistralı Azərbaycanı Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli quru dəhlizidir. Hazırda sərhəd bannerləri magistralın cəmi 350 metrliyindədir.

Gürcü ekspertə görə, Rusiyanın hərbi doktrinası Gürcüstanın strateji əhəmiyyətli iqtisaid obyektlərini nəzarət altına almağa imkan verir. Çünki hərbi doktrinada göstərilib ki, Rusiya onun iqtisadi maraqlarına təhlükə yaradan təhdidlərə qarşı hərbi müdaxilə edə bilər.

Vaxtanq Maisaya deyir ki, Rusiya Bakı-Tiflis-Ceyhan kəmərinə də əl uzada və onu nəzarət altına ala, daha sonra partlada bilər.

Ekspertin fikrincə, bu neft kəmərlərinə xarici konsorsiumların pullarının yatırılması Rusiyanı dayandırmayacaq və o, hər şeyə gedəcək. Xüsusən də ona görə ki, Qərb dövlətləri Rusiyanın “sürüşkən təcavüzünə” qarşı ancaq ümumi məzmunlu bəyanatlarla kifayətlənirlər.

“Uzağı onlar bəyanatlarını bir az sərtləşdirəcəklər. Bu mərhələdə Qərbdən başqa heç nə gözləmək lazım deyil”-ekspert deyib.

Vaxtanq Maisaya deyir ki, Rusiyanın məqsədi Gürcüstanı beynəlxalq əhəmiyyətli layihələrdən çıxarmaq, onun ərazisindən neft-qaz kəmərlərinin keçməsinin qarşısını almaqdır.

“Çünki hərbi doktrinaya görə bunlar Rusiyanın iqtisadi təhlükəsizliyini təhdid edir”– deyə ekspert bildirib.

Onun fikrincə, Gürcüstan hökuməti Cənubi Osetiya ilə sərhədə qoşun yeritməli və nümayiş etdirməlidir ki, bundan o yana geri çəkilməyəcək.

Xatırladaq ki, rəsmi Bakı Azərbaycan neftini ixrac edən kəmərlərdən birinin separatçı Cənubi Osetiyanın nəzarətində qalmasına münasibət bildirməyib. SOCAR isə bildirib ki, bu məsələ Azərbaycan neftinin nəqlinə problem yaratmayacaq. Çünki Supsa limanına nefti başqa yolla da çatdırmaq mümkündür.

Əslində Bakı-Supsa kəməri ilə neft nəqlini tam dayandırıb bütün ixrac neftini BTC-yə yönəltmək də mümkündür. Çünki BTC-nin  nəql gücü hazırda buna imkan verir. Lakin məsələ daha çox siyasidir və ekspertlərin də hesab etdiyi kimi, rusların məqsədi Qərbə mesaj verməkdir.

Cənubi Osetiyada isə artıq Bakı-Supsa neft kəmərindən tranzit haqqı tutulması barədə müzakirələr gedir. Əslində belə müzakirələr sərhəd bannerlərinin irəli çəkilməsindən əvvəl də aparılıb. Cənubi Osetiyada hesab edirdilər ki, kəmər onların inzibati ərazisindən keçdiyi üçün tranzit haqlarının bir hissəsi də Sxinvaliyə çatmalıdır.

Cənubi Osetiya mətbuatı hətta bildirir ki, Bakı-Supsa kəmərindən Sxinvaliyə ayrıca tranzit haqqının ödənilməsi məsələsi BP, Azərbaycan və Gürcüstan hökumətləri qarşısında qaldırılıb. İndi isə kəmər de-fakto Cənubi Osetiyanın nəzarətindədir və separatçıların tranzit gəlirləri tələbini daha yüksəkdən qaldırması üçün güclü arqumentləri var.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın