Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Rusiya bizimlə necə “bazarlaşmağı” düşünür?.. – TƏHLİL

Rusiya bizimlə necə “bazarlaşmağı” düşünür?.. – TƏHLİL

Ölkənin ən müxtəlif insanlarının tarixi artıq üçüncü on illiyə adlayan Dağlıq Qarabağ probleminin həlli üçün formatlar və formullar araması, bunun yollarını araşdırmağa can atması çox təbii haldır, çünki Qarabağ bizim ən ümdə problemimizdir və onun həlli hər bir nəsil üçün vicdan və şərəf məsələsidir və bu problem həllini tapmayanadək özümüzü heç bir halda rahat hiss edə bilmərik.

Təsadüfi deyil ki, bu xüsusda fikirlər və təkliflər indiki seçki debatlarında da səslənir. Amma burada elə bəri başdan bir detalı qeyd etmək lazım gəlir: bütün hallarda bilmək lazımdır, bizim kimi illərdir ki, siyasət və dövlət adamlarımız, diplomatlarımız da həmin məsələ üstündə düşünür və onun həllinə çalışırlar.
Təbii ki, bu, o anlama gəlmir ki, digərləri bu haqda düşünə, fikir səsləndirə bilməzlər. Yox, heç kim bunu iddia etmir. Elə ona görə də debatlarda səslənən bir fikrə münasibət bildirmək qərarına gəldik, çünki həmin fikrin ictimai yükü var.

Nədənsə ən müxtəlif insanlarımız hələ də bu fikirdədir ki, siyasətçilərimiz və diplomatlarımız Rusiya ilə yetərincə anlaşa, kobud şəkildə desək, “bazarlaşa”- “sövdələşə” bilmirlər.

Səslənən təkliflərdən biri də məhz elə bu konteksdə idi. Namizədlərdən biri dedi ki, Rusiya ilə açıq danışmalı və Dağlıq Qarabağın qaytarılması müqabilində hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə üzv olmağımız tələb olunarsa, bu tələbləri də qəbul etməliyik.
Nə demək olardı bu xüsusda? Bir daha deyirik ki, elə sadə insanlarımızın da bir çoxu düşünür ki, Rusiyanın tələblərinə “hə” deməklə torpaqlarımızı qaytara bilərik. Amma burada bir nüans vardır. Biz heç kimi məyus etmirik, amma Azərbaycan 1993-cü ildən MDB-nin üzvüdür, 1993 – 1999-cu illərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olub. Baxın, bir daha deyirik ki, biz təxminən altı il KTMT -da olmuşuq. İndi bir suala vacab verin: bu illər ərzində Dağlıq Qarabağ problemi həll olundumu? Bu illər ərzində Qarabağın işğaldakı torpaqlarının heç olmasa, altı santimetri qaytarıldımı?

Yox, əfsus ki, olmadı. Onda təminat varmı ki, Azərbaycan təzədən KTMT-na qayıtsa, Dağlıq Qarabağ problemi həll olunacaq? Bir daha deyirik ki, belə təminat yoxdur. Bilirsiniz, KTMT-na daxil olmaq və onu tərk etmək elə də çətin iş deyil, məsələn, Özbəkistan bunu bir neçə dəfə edibdir. Sadəcə, məsələ bundadır ki, bunun elə bir mənası yoxdur.

Hətta onu da qəbul edirik ki, müəyyən şərtlər daxilində, məsələn, təkrarən rus hərbi bazalarını Azərbaycana qaytarmadan KTMT-nın üzvü olmaq suverenlik üçün elə bir problem deyil- bir daha yada salırıq ki, biz bu təşkilatda artıq altı il olmuşuq. Elə Avrasiya İqtisadi Birliyilə bağlı da eyni sözləri demək mümkündür – bu təşkilatlar çərçivəsində hələki ciddi bir iş yoxdur.

Bunun da səbəbləri var. Bir səbəbi budur ki, Rusiyanın daha, böyük geoiqtisadi və geosiyasi layihələrin “mühərriki” olmaq gücü yoxdur və ətrafındakı dövlətlərə real olaraq heç nə təklif edə bilmir. İkinci səbəbisə budur ki, üzv dövlətlər özləri də Rusiya ilə hərbi, siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində maraqlı deyillər, sadəcə, ildə bir-iki dəfə bu qurumların toplantısında görünür, bəzən isə heç bunu da etmir, həmin toplantılara öz nazirlərini göndərirlər.
Həm də Rusiyanın bizdən istəyi sadəcə, KTMT-a və ya Avrasiya İttifaqına üzv olmaq deyildir. Onlar yenidən Rusiyanın hərbi bazalarını Azərbaycana qaytarmaq istəyirlər, bizim sərhədlərimizə özləri nəzarət etmək istəyirlər.

Avrasiya İqtisadi Birliyilə bağlı da çox böyük iddiaları var. Keçmiş sovet məkanında vahid iqtisadi zona yaratmaq, rublu əsas valyuta etmək arzusundadırlar. Sadəcə, bunun üçün yetərli iqtisadi gücləri yoxdur.

Bəli, məsələ bu yerdədir. Ona görə də heç kim düşünməsin ki, guya bizim siyasət və diplomatiya adamlarımız ruslarla “danışa” bilmirlər. Bir daha deyirik ki, problem bunda deyildir. Vladimir Jirinovski cənabları boş yerə çərənləmir, o, Kremlin əsl arzu – istəklərini ifadə edir.
Bəs onda nə etməli? Öz siyasətimizi davam etdirməli, Ermənistan ətrafındakı siyasi-iqtisadi izolyasiya həlqəsini daha da daraltmalıyıq. Hər fürsətdə ona sarsıdıcı hərbi təzyiq etməliyik.

Bilavasitə Kremlin özünü də qəti unutmamalı, Türkiyə və İranın köməyilə ona da təzyiq göstərməliyik ki, heç olmasa, ordumuz vasitəsilə Qarabağı qaytarmağımıza mane olmasınlar.

Bu indi daha real görünür, çünki Kreml məngənədədir, onun üçün qonşu dövlətlərlə əlaqələr müstəsna dərəcədə əhəmiyyətlidir və biz də bundan faydalanmağa çalışmalıyıq.

Düzdür, başqa suallar da var burada. Rusiya ilə Türkiyənin münasibətləri günbəgün sıxlaşmaqdadır. Maraqlıdır ki, bunun davamlılığı nə qədər olacaq?
Ən əsası da yaxınlaşma regionun geosiyasi arxitekturasında ciddi dəyişikliklər yarada, məsələn, Türkiyənin NATO-dan və yaxud ABŞ-la müttəfiqlikdən tamam uzaqlaşması ilə nəticələnə bilərmi?

Sualı oxucuya ilk baxışda yersiz də görünə bilər. Amma detalları diqqətlə götür-qoy edəndə, Türkiyənin daxili siyasi atmosferindəki bəzi simptomları ciddi şəkildə araşdıranda, Rusiya-Ankara münasibətlərinin günbəgün intensivləşməsini nəzərə alanda, ən başlıcası rusiyalı siyasi xadimlərin bu xüsusdakı bəyanatlarını yada salanda görürsən ki, o, heç də predmetsiz deyil.

Müxtəlif vaxtlarda V.Jirinovski və Kremlə xüsusi yaxınlığı bəlli olan A.Duqin Türkiyənin Şimali Atlantika blokunu tərk edəcəyi haqqında Ankarının birinci şəxslərinə istinad edərək bəyanatlar vermiş, hətta bu hadisənin yaxın vaxtlarda baş verəcəyini bildirmişdilər. Təbii ki, bütün bunlar hələ o demək deyildir ki, Türkiyə elə sabah və yaxud da bir neçə aydan sonra özünün Brüsseldəki təmsilçisini geri çağıracaq.

Amma bu günlərdə, Rusiya ilə Qərb arasında əsl diplomatik savaş getdiyi bir vaxtda və Ankaranın bu savaşa qatılmayacağı haqda bəyanat verdiyi məqamda məsələ xüsusilə aktuallıq kəsb edir. Ötən yazılarda da qeyd etmişdik ki, Kremlin nəzərləri yenidən Asiyaya tərəf yönəlibdir, ən müxtəlif geosiyasi formullar nəzərdən keçirilir və Ankara ilə Tehrana bu formullarda xüsusi önəm verilir.

Xüsusən də Türkiyəylə bağlı ciddi araşdırmalar aparılır. Hətta rusiyalı geosiyasi strateqlər iki ölkə arasında dərin inteqrasiyanı və ya iş birliyini zəruri edən ciddi arqumentlər səsləndirirlər.

İlk öncə hər iki ölkənin coğrafiyası diqqətə gətirilir və ingilis coğrafiyaçısı Helvord Makkinderin belə fikri əsas götürülür ki, hər bir xalqın taleyini onun yerləşdiyi coğrafiya həll edir. Türkiyənin ərazisinin yalnız üç faizi, Rusiyanın ərazisininsə üçdən biri Avropada, qalan hissəsi Asiyada yerləşir.

İkincisi, hər iki ölkənin Qərblə münasibətləri qeyri-qənaətbəxş vəziyyətdədir. Rusiya aydındır. Türkiyəyə gəldikdə isə, artıq hamı bir məsələni dəqiq bilir: çətin ki, bundan sonra Türkiyənin Avropa Birlyilə müansibətləri alınsın.

Üstəlik, ən yaxın müttəfiqlə, ABŞ – la da xeyli problemlər var: Vaşinqton nəinki kürd separatçılarına, üstəlik, Gülənə də dəstək verir. Bu isə istər-istəməz Ankarada narazılıq yaradır. Elə NATO ilə münasibətlərdə də xeyli problemlər sezilir. İndi ABŞ da, digər NATO ölkələri də Türkiyəni Rusiyadan silah almaqda qınayır, di gəl, bir məsələ var: axı Türkiyənin müttəfiqləri ona bu silahı satmadılar!

Eləcə də diqqətli oxucu yəqin, bir neçə ay bundan öncə NATO təlimlərində baş vermiş insidenti xatırlayır: hədəflər M.K.Atatürkün və R..Ərdoğanın adı ilə işarələnmişdi! Düzdür, NATO-nun baş katibi bir neçə dəfə üzr istədi. Amma adi bir təsadüf idimi bu?

Ücüncüsü, ruslar Qərbdə getdikcə artmaqda olan islamofobiyanı da unutmur və belə faktı diqqətə gətirirlər ki, Rusiyada təkcə 20 milyondan artıq yerli müsəlman yaşayır və onların fikrincə, bu amil də Türkiyə ilə Rusiya arasındakı anlaşmanın dərinləşməsinə yardımçı ola bilər.

Qərəz, vəziyyət də, arqumentlər də budur. Onları “Əsassızdır!” deyib kənara tullamaq da olmur. Avropanın və ABŞ-ın Türkiyəyə qarşı qeyri – səmimi münasibətinin daha bir təzahürünü elə bu günlərdə gördük.

Öncə kürd silahlılarının Menbicdən çıxması xəbəri yayıldı. Üstəlik deyildi ki, D.Tramp kürd separatçılarına 200 milyon dollarlıq yardımı da dayandırmaq haqda qərar verib.

Bəs sonradan nələr oldu? Fransada kürd separatçıları ilə görüşən E.Makron birdən – birə kürdlərlə Türkiyə arasında “vasitəçi” olmaq eşqinə düşdü! Ertəsi günsə xəbər yayıldı ki, ABŞ və Fransa Mənbicə əlavə qüvvələr yeridib – Fransa 50, ABŞ isə 300 hərbçi…

Bu fonda elə bu həftə V.Putinin Türkiyəyə səfəri başladı. Üstəlik, Ankara ilə Moskva arasındakı əlaqələr o qədər dərinləşir ki, bu, istər-istəməz bir az fərqli qənaətlərə də yönəldir. Bu əlaqələrin təzaürü kimi, “Türk axını”nı, “Akkuyu” AES –lə bağlı işlərin başlanmasını, eləcə də S-400 komplekslərinin alınmasını göstərmək olar. Amma biz yenə də istəmirik ki, Türkiyə ilə ABŞ arasında, Türkiyə -NATO müstəvisində soyuqluq və anlaşılmazlıq yaransın. Bəzi rusiyalı politoloqlar da yazır ki, elə onların da maraqlarına daha çox NATO üzvü olan Türkiyə cavab verir.

Azərbaycan üçün də ABŞ-Türkiyə və ya NATO-Türkiyə münasibətləri çox önəmlidir, çünki ABŞ da, NATO da elə amillərdir ki, onları böyük siyasətdə nəzərə almamaq mümkün deyildir. Düşünürük ki, Ankarada da bunun fərqindədirlər.

Rusiya Avropa və Asiyanı özü üçün gerbində birləşdirməyə nail olmuşdu – reallıqda isə o, Qərbə buraxılmamış, Şərqdə isə öz yerini tapa bilməmişdi. Türkiyənin isə unikal şansı yaranıb, həm Qərblə çox ciddi bağları var, həm də Şərqlə. Bu bağları isə qətiyyən qırmaq olmaz.

Regionda mürəkkəblik və yaxud qeyri-müəyyənlik yaradan başqa amillər də var. Bir tərəfdən xarici işlər naziri S.Lavrovun prezident V.Putinin kabinetində təmsil olunmayacağı haqda xəbərlər, digər tərəfdən Bakıya təyin ediləcək səfirin də artıq təxmin edilməsi istər- istəməz sual yaradır: Kremldən Bakı üçün başqa sürpriz gözlənilmir ki?

Təbii ki, xarici siyasətin əsas oriyentirlərini prezident müəyyən edir, sonuncu söz həmişə ona aid olur və o, faktiki olaraq siyasi qərarların qəbul olunması sistemində sonuncu ünvan, instansiya kimi çıxış edir və bunu əsas götürərək demək olar ki, qeyri-adi qərarlar olmayacaq, çünki təxminən iyirmi ildi ki, Putinə, onun Azərbaycana münasibətinə bələdik, üstəlik, bu adamın əski sovet ölkələrinə baxışını və regional problemlərə yanaşmasını gözəl bilirik.

Amma əvvəllər də qeyd etmişik ki, müəyyənliyin də iki tərəfi olur: mənfi və müsbət. Sonuncular arasındakı nisbəti isə zaman özü müəyyən edəcək.
İndilik isə başqa detalı bir daha qeyd etmək istərdik. Bu da Türkiyə ilə Rusiya arasında getdikcə dərinləşən münasibətlərdir ki, onu təkrar-təkrar vurğulamaq zorundayıq.

Etiraf etmək lazımdır ki, bu gün, məsələn, Suriya məsələsində üstünlük və təşəbbüs İran, Türkiyə və Rusiya üçlüyünün tərəfindədir, hətta demək olardı ki, Suriyada adı çəkilən üçlük Vaşinqtona qalib gəldi.

Düzdür, ABŞ hələki Suriyadan qopmaq istəmir, baxmayaraq ki, prezident Tramp elə bu günlərdə ölkəsinin Suriyadan çıxacağını bəyan etdi. Lakin o da var ki, əvvəldə dediyimiz kimi, bəyanatın üstündən heç iki gün keçməmiş ABŞ və Fransanın Mənbicə əlavə qüvvələr yeritməsi haqda xəbərlər yayıldı.

Görünür, proses çox çəkəcək, amma bir daha deyirik ki, ən azı ABŞ-ın Astana prosesindən kənarda qalması çox şeyə işarədir.

Bütün bunları niyə ətraflı şərh edirik? Rusiya, Türkiyə və İran Suriya probleminin çözümndə təşəbbüsü ələ aldı. Bu da o deməkdir ki, regional üçlük problemi həll edəcəyinə ümidlidir.

Artıq necə illərdir ki, Dağlıq Qarabağ probleminin də regional müstəvidə həll oluna bilməsi haqda fikirlər dolaşır. Özü də bu fikirləri adi insanlar yox, bilavasitə adını çəkdiyimiz üçlüyün rəhbərləri səsləndirirlər. Bəs onlara bu problemi həll etmək üçün kart-blanş vermək olarmı? Düşünürük ki, olar. Burada Ankara və Tehrandan, xüsusən də İranın məsələyə nə dərəcədə səmimi yanaşacağından çox şey asılıdır.

Bizi təkrar-təkrar mövzuya qayıtmağa vadar edən səbəb də budur –Rusiya, Türkiyə və İran arasında əvvəllər müşahidə olunmamış, çox sıx ittifaq yaranır.
Düzdür, buna pessimistcəsinə yanaşanlar da var və bu düşərgədə rusiyalı təhlilçilər də az deyil.

Kimisi Astana üçlüyünün də fərdi maraqlar ucbatından gec-tez dağılacağını deyir, kimi də Kremlə Ankara ilə çox da böyük planlar qurmamağı məsləhət görür, çünki onlar hesab edirlər ki, Türkiyə bütün hallarda NATO üzvüdür, hətta ərazisində ABŞ-ın hərbi bazası da var və həm də Ankaranın Cənubi Qafqazda və Mərkəzi Asiyada Moskva üçün ən böyük rəqib olduğu bildirilir.

Amma məşhur məsəl var; canavardan qorxan meşəyə getməməlidir. Hazırda Ankara ilə Moskva arasında dərinləşmiş inteqrasiya dönməz xarakter alır. Təkcə “Akkuyu” AES-nin tikintisi 20 milyard dollarılıq bir layihədir və iki ölkə arasındakı sıx münasibətlərin müvəqqəti olduğu və yaxın zamanda pozulacağı düşünülsəydi belə layihəyə start verilməzdi.

Təbii ki, təzyiqlər olacaq. İran və Rusiya ABŞ-ın və Avropanın hədəfindədir. Bu baxımdan Türkiyəyə də təzyiq ediləcəyi aydırndır. Gəl ki, Türkiyənin riskləri hesabladığı duyulur. Ona görə də narahatlığa əsas yoxdur.

Əksinə, çalışmaq lazımdır ki, bu prosesdən maksimum dərəcədə faydalanaq. İndi bu fonda böyük təlaş yaşayan Ermənistandır, regional üçlüyün ittifaqının güclənməsi onu bərk əndişələndirir.

Kremldə də Dağlıq Qarabağ problemini regional müstəviyə keçirmək istəyi sezilir və hətta Ermənistanı da buna razı salmaq üçün problemə yanaşmada ölkələr aşağıdakı kimi təsnif edilir: Rusiya neytral ölkədir, Türkiyə Azərbaycanın, İran isə Ermənistanın tərəfindədir.

Belə təsnifatı əsaslandırmaq üçün bu yaxınlarda Kremlin ideoloqlarından biri A.Duqin demişdi ki, Türkiyə ilə Azərbaycanın ittifaqı milli zəmində formalaşıb, İranla Ermənistanın yaxınlığı isə hind- Avropa birliyi, tarixi kök birliyilə müəyyən edilir, üstəlik, Azərbaycanla İran arasında Cənubi Azərbaycan problemi də var.

Fikir səslənən kimi dərhal ona reaksiya vermişdik, çünki burada Ermənistanı arxayınlaşdırmaq və onu Qarabağ probleminin regional müstəviyə keçməsinə razı salmaq istəyindən əlavə həm də Tehranla Bakı arasında soyuqluq yaratmaq cəhdi də duyulurdu.

Amma problemin həlli naminə hətta D.Duqinin “özünəməxsus təsnifat”ını da qəbul etmək olar. Fəqət, bizə daha çox başqa ssenari ehtimallı görünür və düşünürük ki, Ermənsitan Qərbdə dayaq tapmağa cəhd edəcək. Ruslar da ermənilərin xislətini bilirlər, ona görə də burada möhkəmlənmək üçün əlavə tədbirlər görürlər.
Qərəz, vəziyyət belədir. İl siyasi cəhətdən maraqlı olmağı vəd edir. Amma çox istərdik ki, o, ən azı Qarabağ məsələsində diplomatlarımız demişkən substantiv, yəni nəticəli olsun, çünki on illərdir ki, bu nəticəni gözləyirik…

Hüseynbala SƏLİMOV

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …