Bazar ertəsi , May 27 2019
Ana səhifə / Siyasət / “Rusiya Azərbaycanın işinə qarışmayacaq, amma Ermənistana…” – Politoloq

“Rusiya Azərbaycanın işinə qarışmayacaq, amma Ermənistana…” – Politoloq

Azərbaycanın təkcə ABŞ-la yox, Avropa İttifaqı ilə də sıx əməkdaşlığa davam edir. Bunun nəticəsi olaraq ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində Azərbaycan və Avropa İttifaqı arasında assosiasiya sazişi imzalanacaq.

Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu belə deyib.

Politoloq vurğulayıb ki, son zamanlarda Avropa İttifaqından Bakıya olan diplomatik səfərlər sıxlaşıb: “Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılır. Amma son zamanlarda daha çox ABŞ və Azərbaycan arasında sıx təmasların olduğunu görürük. ABŞ Prezidenti Donald Trampın azərbaycanlı həmkarına göndərdiyi məktublarda da çox isti sözlər var idi. Azərbaycan prezidenti İlham Əliyev də Cənub Qaz Dəhlizinin açılış mərasimində Amerikanın ünvanına müsbət fikirlər səsləndirdi ki, ABŞ bizə siyasi-iqtisadi dəstək verir və bunun hesabına Qərb banklarından maliyyə alıb bu layihəni reallaşdıra bildik”.

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın yeni hakimiyyəti də Avropa İttifaqına və ABŞ-a yaxınlaşmağa çalışır: “Çünki Ermənistanın iqtisadi vəziyyəti ağırdır və problemləri həll etmək üçün kreditlər lazımdır. Rusiya İrəvana lazım olan bu kreditləri verməyəcək”.

Rusiyanın bölgə dövlətlərinin Qərblə sıxlaşan təmaslarına təsir imkanlarına gəlincə, Elxan Şahinoğlu hesab edir ki, bu istiqamətdə Moskvanın yanaşmaları fərqli olacaq:

“Rusiya Azərbaycanın Qərbə yönəlik siyasətinə qarışa bilməz. Çünki Azərbaycan uzun illərdir bu siyasəti yürüdür. Amma Ermənistanın Qərbə yaxınlaşması Rusiyanı qıcıqlandıracaq. Çünki Ermənistan yarandığı gündən Rusiyanın nəzarəti altındadır. Hesab edirəm ki, Nikol Paşinyan Qərbə yaxınlaşmağa cəhd etsə, Rusiya ona qarşı təzyiq vasitələrindən istifadə edəcək”.

Həmçinin oxuyun

Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan …