Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / Rus sülhməramlıları və Azərbaycan arasında narazılığın səbəbi nədir?

Rus sülhməramlıları və Azərbaycan arasında narazılığın səbəbi nədir?

Azərbaycan və Ermənistan arasında vaxtaşırı baş verən atışmalar fonunda Bakı ilk dəfə olaraq bu həftə, Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazılığını bildirir.

Azərbaycanın mövqeyini Müdafiə Nazirliyi ifadə edib. Rəsmi açıqlamaya görə, Rusiya Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşdirilməsi “hallarına son qoymalıdır”.

Erməni hərbçilərinin Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi ərazidə olduğu barədə məlumatlar uzun müddətdir ki, yayılır və bunu Azərbaycanın bəyanatla çıxış etdiyi eyni gündə Rusiya sülhməramlılarının yaydığı açıqlama təsdiqləyir. Bu açıqlamada Azərbaycanın “Dağlıq Qarabağın silahlı birləşmələrinin” mövqelərinə zərbə endirdiyi bildirilir.

Belə məlumatların ortada olmasına rəğmən Bakı indiyədək Moskva qarşısında öz iradlarını belə kəskin və açıq şəkildə ifadə etməmişdi. Buna səbəb nədir?

Bır sıra təhlilçiyə görə Azərbaycanın Rusiya açıq iradı Moskvanın Qarabağa dair siyasətinin dəyişməsindən irəli gəlir. BBC News Azərbaycancaya danışan siyasi şərhçi Şahin Cəfərliyə əsasən, 44 günlük müharibədən sonra “əsas təsir rıçaqları” Ermənistandan Rusiyanın əlinə keçib.

“Hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında əsas söz sahibi məhz Rusiya dövlətidir”. Təhlilçinin sözlərinə görə, Ermənistanın müəyyən rolu olsa da, məsələni həll etmək istəyən Azərbaycan artıq Rusiya ilə danışmalı olacaq.

Mandat məsələsi

Hazırda Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edir. Bakı burada ötən il müharibəyə son qoyan 10 noyabr bəyannaməsinə istinad edir. Bu sənədin dördüncü bəndini göstərən Azərbaycan bildirir ki, bölgəyə Rusiya sülməramlıları yerləşdirilən kimi erməni qüvvələri Qarabağdan geri çəkilməli idi.

Erməni tərəfi isə bəyannamənin ilk bəndinə əsaslanır. Yerevan deyir ki, birinci bənd Qarabağda erməni qüvvələrini saxlamağa əsas verir və onlar yeddi rayondan öz qüvvələrini geri çəkməklə bəyannamənin dördüncü bəndinə artıq əməl ediblər.

“Bu çox həssas bir mövzudur. 44 gün davam edən müharibədə çox sayda itki verən Ermənistandan çağırılan əsgərlərin hələ də Qarabağda olduğu bildirilir. Onlar sonra Ermənistana qayıtsalar belə, komandanlığı və tərkibi yerlilərdən ibarət olan Qarabağ erməni hərbi birləşmələrinin aqibəti sual altında qalır”, – Carnegie Fondunun saytında dərc edilən məqalənin müəllifi Tom de Waal hələ bu ilin fevralında belə yazırdı.

Tom de Waal-ın dediyinə görə bunların hamısı Rusiya sülhməramlı qüvvələrinin hələ müəyyən olunmamış mandatı məsələsi ilə bağlıdır və Moskva ilə Bakı bu barədə razılığa gələ bilməyiblər.

Bu məsələnin Azərbaycanda narazılıqla qarşılandığı sirr deyil. Şahid Cəfərliyə görə, indi ola bilsin ki, Moskva sözü gedən mandatın imzalanmasına nail olmaq istəyir. Erməni mənbələrinə istinad edən təhlilçinin sözlərincə, Azərbaycan sənədi imzalamaq üçün sülhməramlı əməliyyat zonasında suverenliyinin bərpasına yönəlmiş şərtlər irəli sürüb.

“Belə görünür ki, Rusiya bu şərtləri qəbul eləmir və məsələ buna görə açıq qalıb, – Şahin Cəfərli deyir. – İndi mümkündür ki, Rusiya Azərbaycan tərəfinə təzyiq göstərir ki, bu sənəd Azərbaycan tərəfindən də imzalansın”.

“Biz bu məsələni Rusiya qarşısında qaldırırıq”

Rus sülhməramlılarının mandatı sülhün qorunmasını nəzərdə tutsa da, onların fəaliyyəti humanitar problemlərdən tutmuş infrastruktur layihələrədək geniş sahəni əhatə edir.

Çərşənbə günü yayılan Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi açıqlamasında Rusiya kontingentinin “Azərbaycan ərazisində” “müvəqqəti olaraq” yerləşdirildiyi vurğulanır. Bu, ifadə artıq bir müddətdir ki, Bakının rəsmi bəyanatlarında əks olunur.

Bəzi təhlilçilərə görə, belə ifadə seçməklə Bakı Moskvanın sülhməramlı fəaliyyətindən narazı olduğuna dair birmənalı siqnal göndərir. Millət vəkili Rasim Musabəyova əsasən, hazırda bu məsələ ilə bağlı ölkələr arasında fikir ixtilafı yaranıb.

“Biz bu məsələni Rusiya qarşısında qaldırırıq”. Millət vəkili vurğulayır ki, Azərbaycanın öz ərazisi üzərində nəzarəti bərpa “etmək hüququ var”.

Qarabağdakı müharibə vaxtı bir sıra təhlillərdə Rusiyanın Ermənistana gözləniləndən daha az dəstək verildiyi qeyd olunurdu. Lakin hazırkı vəziyyəti şərh edən Şahin Cəfərli Rusiyanın siyasətində əmələ gələn yeniliyi qeyd edir.

“44 günlük müharibədə Rusiya və Qarabağdakı separatçı administrasiya sarsıdıcı zərbələr aldı, indi mən düşünürəm ki, Rusiya bu tarazlığı bərpa etmək istəyir və onların dirçəlməsinə yönələn siyasət aparır”.

“Rusiya sülhməramlılarının birtərəfli qaydada yerləşdirilməsi Dağlıq Qarabağda hərbi mövcudluğa həmişə can atan Moskvanın mühüm qələbəsidir”, – Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosian belə hesab edir.

“Rusiyanın gücünün və regiondakı nüfuzunun gücləndirilməsi üçün buna əsas olduğunu nəzərə alanda, Rusiyanın bura qüvvələrinin yerləşdirilməsini yalnız 5 illik müddətlə məhdudlaşdırılacağı az ehtimallı görünür”.

Onun sözlərinə görə, hər bir konkret halda, Rusiya sülhməramlılarının harada yerləşdirilməsindən asılı olmayaraq, onlar “heç vaxt həmin yerdən çıxmayıblar”.

Atəşkəs niyə tez-tez pozulur? Sülhməramlılar nə işə baxır? “Göstərmək istəyirlər ki, müharibə həll olunmayıb”

Hərçənd ki, Rasim Musabəyova görə, Azərbaycan keçmişdə Rusiya hərbçilərini ölkədən çıxarmağa nail olub və Qarabağa Skandinaviya, Qazaxıstan kimi ölkələrin qüvvələri də gətirilə bilər: “Nə edə bilər buna qarşı Rusiya?”.

Bəzi şərhçilərə görə, Moskva münaqişənin dondurulmasına nail olmaq istəyir. Bu fikrə şərik çıxanlardan biri də Şahin Cəfərldir: “Rusiya konflikti dondurdu, və belə görünür ki, bu qeyri-müəyyənlik hələ də davam edəcək”.

Azərbaycan Qarabağ münaqişəsinin tarixə təslim olduğunu bildirir. Lakin son günlərin hadisələri göstərir ki, Rusiya vasitəsiylə əldə olunan 10 noyabr razılaşması müharibəyə son qoysa da, problemləri tam aradan qaldırmayıb.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …