Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Siyasət / “Rus sülhməramlıları bölgəni tərk etməlidir!”

“Rus sülhməramlıları bölgəni tərk etməlidir!”

“Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik. Biz Azərbaycan Ordusunun apardığı əməliyyatları alqışlayır və Ordumuzla birgə olduğumuzu bəyan edirik. 

Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitlilin, sülhün pozulmasına yönələn addımların qarşısının alınmasını tələb edir”.

Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının bugünkü bəyanatında belə deyilir.

Sənəddə vurğulanır ki, Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. “Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, “sülhməramlı” adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur. Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur. Rusiya himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir”.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasına çağırır. “Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir”.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …