Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rus dilinin ləğvi məsələsinə fərqli baxış

Rus dilinin ləğvi məsələsinə fərqli baxış

Hikmət Hacızadə: “Kiçik ölkələrdə pilot dilindən istifadə olunması normadır və heç bir təhlükə kəsb etmir”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu bu yaxınlarda Azərbaycanda rus dilində təhsilin ləğv edilməsi təklifi ilə çıxış edib. C.İsmayıloğlu təklifini rus dilində təhsilin ölkəmizdə qısa zamanda yaxa qurtarmalı olduğumuz imperiya qalıqlarından biri olması ilə əsaslandırıb.

Bu məsələnin müzakirəsi səngimir. Buna qarşı çıxan ekspertlərlə yanaşı, onu müdafiə edənlər də çoxdur. Azərbaycan Konstitusiyasına və “Təhsil haqqında” Qanuna görə, vətəndaş doğma dilində təhsil almalıdır. Amma növbəti bənd var; o bənddə başqa xarici dildə təhsil almaq istəyənlər üçün şəraitin yaradıldığı bildirilir. Bundan başqa, istənilən bölmənin məzunu başqa dildə (Azərbaycan, rus, ingilis və s.) təhsil ala bilər.

Bəs rəqəmlər nə deyir? 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda birbaşa nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə 2350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub. Göründüyü kimi, rus bölməsinin payı 51,5%-dir.

Bu isə ölkədə rusdilli təhsilə tələbatın heç də az olmadığını sübut edir. Bundan başqa, Təhsil Nazirliyi rus bölmələrinin ləğv edilməsi haqda yayılan xəbərləri yalanlayıb.

Fakt isə onu göstərir ki, sovet dövründə rus dili ayrıca fənn kimi tədris edilirdi. Xarici dil kimi yox, ölkənin ikinci dili kimi öyrədilirdi. Müstəqillik dövründə isə rus dili xarici dil sırasında daxil edildi. İndi tədris planında rus dili yoxdur. Yalnız xarici dil fənləri var. Hər məktəb 2 xarici dil seçə bilər. Lakin xarici dilə verilən ümumi dərs saatları yerində qalıb. Buna görə də rus dili saatları azalıb. Seçimə görə, xarici dil kimi rus dili, ingilis, alman, ərəb və s. dillər seçilə bilər.

Daha bir fakt isə ondan ibarətdir ki, əvvəllər məktəblərdə xeyli sayda rus dili müəllimi çalışsa da, sonradan bu müəllimlərə ehtiyac azaldığına görə onlar yenidən ixtisasartırma yolu ilə ixtisaslarını dəyişiblər.

Amma rus dili bu gün də beynəlxalq dil kimi qəbul olunur. Dünyanın bir çox ölkələrinə turist kimi gedən şəxslər rus dili bilgiləri sayəsində rahat səyahət edə bilirlər. Hələ də rus dili xarici dillər sırasında yer alır və turistlərə bir variant kimi təqdim olunur. Əksər ədəbiyyatların rus dilində olması, eləcə də ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın olması da rus dili bilgilərini bütün hallarda vacib edir.

Politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, bu məsələdə birmənalı fikir söyləmək olmaz. Müsahibimizin sözlərinə görə, dünyadan informasiya Niaqara axını ilə axır və Azərbaycan da kiçik ölkə kimi o informasiyadan hansısa formada yararlanmalıdır: “Biz balaca ölkəyik. O informasiyanı Azərbaycan dilinə tərcümə etmək iqtidarında deyilik. Biz başqa dil bilməsək – ingilis, rus, fransız – onda ölkədə dəhşətli savadsızlıq baş alıb gedəcək. Yaxşı, o zaman rus dilindən imtina edin, ingilis dili gəlsin. Azərbaycan dili məsələsini qaldıranların mövqeyini başa düşürəm. Bu mövqe o zaman əmələ gəlmişdi ki, sovet hökuməti azərbaycanlılardan sovet insanı yaratmaq istəyirdi, assimilyasiya yaratmağa çalışırdı və sair. İndi isə o təhlükə yoxdur”.

“İndi ölkədə Azərbaycan dilinə qarşı təhlükə yoxdur”

H.Hacızadə deyir ki, bizim bazarımız olduqca dardır və kitabı hansı dildə çıxarmaqdan asılı olmayaraq, 500 tirajdan artıq oxunmur. Müsahibimiz hesab edir ki, bu tiraja da heç bir tərcüməçi, naşir sahib çıxmır: “Nəticədə isə o kitablar çıxmasa, biz də bixəbər qalacağıq. Hazırda ölkədə Azərbaycan dilinə təhlükə yoxdur. Yox, əgər kimsə buna görə narahatdırsa, rus məktəblərində Azərbaycan dilinin tədrisini gücləndirsin. Xarici əbəbiyyat jurnalları var. Dünyanın bütün ölkələrində çıxan kitabları rus dilinə tərcümə edirlər. Təsəvvür edin ki, siz rus dilini bilmirsiz və o kitabı da tərcümə etməyiblər. Necə olacaq? Bu, bir faktdır ki, Skandinaviya ölkələrində da eyni vəziyyətdir. Orda da pilot dil ingilis dilidir. Onlar hər kitabı ingilis dilində oxuyurlar. Danimarka dilində yox, ingilis dilində oxuyurlar. Heç kim də narahat deyil. Hollandiyada da ali təhsil ingilis dilindədir. Kiçik ölkələrdə pilot dilindən istifadə olunması normadır və heç bir təhlükə kəsb etmir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın