Ana səhifə / Siyasət / “Rövşən Bağırov rayona icra başçısı təyin ediləndən sonra Lerikin sosial problemləri azalmayıb”

“Rövşən Bağırov rayona icra başçısı təyin ediləndən sonra Lerikin sosial problemləri azalmayıb”

Lerik rayonunun Bürsülüm kənd inzibati vahidliyinə 8 kənd daxildir. Bunlar Ancəqov, Bobla, Bürsülüm, Ləkər, Nosovyədi, Vənədi, Vov və Zeynəko kəndləridir. Limər çayının (Lənkəran çayının qolu) sağ sahilində, Peştəsər silsiləsinin yamacında yerləşən bu kənd XIX əsrin sonlarında Anzolu, Təngəbin və başqa kəndlərdən çıxmış ailələrin onlara məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranıb.

Biabırçı durum ondan ibarətdir ki, Bürsülüm kəndində 3 dövlət əhəmiyyətli bina – xəstəxana, mədəniyyət klubu və poçt yarıuçuq daxmada yerləşir. Üç dövlət əhəmiyyətli qurumun yerləşdiyi tikilinin damının bir hissəsi aşıb. O dərəcədə bərbad vəziyyətdədir. Heç buna dam deməyə də adamın dili gəlmir. Səkkiz kəndin daxil olduğu inzibati vahidlikdə minlərlə sakin yaşayır. Belə olan halda, indiki dövrdə adi və normal inzibati binanın olmaması olduqca təəccüblü haldır.

Məsələ ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, buna aydınlıq gətirən olmadı.

Sözügedən məsələ ilə əlaqədar 2020-ci ildə keçirilən parlament seçkilərində 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd olmuş Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikirlərini öyrəndik. R.Hüseynovun sözlərinə görə, Lerikdə nəinki Bürsülüm kəndində, digər bir sıra kəndlərdə də analoji vəziyyət hökm sürür: “Seçki kampaniyası dövründə rayonun bütün kəndlərində oldum. Bürsülümdəki həmin uçuq daxmanı gördüm. Ona inzibati bina demək olmaz. Çünki bundan əsər-əlamət qalmayıb. Ümumiyyətlə, Bürsülüm kimi digər ucqar kəndlərdə vəziyyət bu cürdür. Rayon mərkəzinə nisbətən yaxın olan kəndlərdə inzibati binalar normal durumdadır. Sözügedən problemlərin həlli ilə bağlı bir neçə dəfə Lerik rayon rəhbərliyinə, deputat İqbal Məmmədova yazılı və şifahi müraciət etmişik. Ancaq çox təəssüf ki, ciddi nəticə əldə olunmayıb. Millət vəkili İqbal Məmmədova şəxsən rəsmi müraciət etmişəm. O mənə dedi ki, sözügedən problemlərlə bağlı dövlət qurumlarına rəsmi müraciət edib. Ondan xahiş etdim ki, həmin müraciətləri mənə yönəltsin və biz birlikdə dövlət qurumlarından problemlərin həllini tələb edək. O üzdən, mən rayonun deputatından cavab gözləyirəm. Məqsədimiz odur ki, Nazirlər Kabinetinə və digər qurumlara birlikdə müraciət edək. Lerik kəndlərində tək inzibati binalar bərbad gündə deyil. Eyni zamanda, kəndlərin qaz, işıq, internet problemi var. Karantin rejimi ilə əlaqədar dərslər onlayn formada tədris olunur. Ancaq bir çox ailə internetə qoşula bilmir. Söhbət ev telefonu olan, amma interneti olmayan ailələrdən gedir.

Məlum olduğu kimi, icra başçısı yerlərdə Prezidentin səlahiyyətli nümayəndəsi sayılır. İcra başçısı rayonun inkişafı ilə bağlı, zəruri və həlli vacib məsələlərlə əlaqədar proqram tərtib etməlidir. Rayonun vacib problemləri ilə bağlı mərkəzə təqdimat verməlidir və s. Ancaq təəssüflər olsun ki, Lerikin timsalında biz bunu indiyə qədər görməmişik. Lerik dağlıq rayon olduğuna görə relyefi sərtdir. Onsuz da orada yaşamaq çətindir. Əlavə süni problemlərin yaranması isə rayondan miqrasiyanı sürətləndirir. Rövşən Bağırov 2007-ci ildə rayona icra başçısı təyin ediləndən sonra Lerikin sosial problemləri azalmayıb. Əksinə, daha da artıb. Bu müddət ərzində rayonu tərk edənlərin sayı kəskin şəkildə artıb. Regionların inkişafına dair proqramlar qəbul olunub. Ancaq bu inkişafdan Lerikə çox az pay düşüb. Rayonun inkişafı üçün ayrılan vəsait təyinatı üzrə xərclənmir. Bununla bağlı ciddi şübhələr var. Çox istərdik ki, bununla bağlı Bakıda komissiya yaradılsın və yoxlamalara start verilsin”.

Partiya sədri hesab edir ki, sadalanan neqativ hallar aradan qaldırılmadan rayonun üzləşdiyi problemləri həll etmək mümkün deyil. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi — Deputat

Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə …