Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / “Region uğrunda mübarizə güclənəcək” – Politoloq

“Region uğrunda mübarizə güclənəcək” – Politoloq

Politoloq Nəzakət Məmmədova “Cənubi Qafqaz regionu: 2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər” mövzusunda mətbuat konfransı keçirib.

Azinforum.az xəbər verir ki, N.Məmmədova bu il regionda çox böyük dəyişikliklər olduğunu, gözlənilməz proseslərin baş verdiyini bildirib. O qeyd edib ki, bu il ölkəmiz üçün ən əlamətdar hadisə aprel ayında keçirilən prezident seçkisi olub:

“Bu seçki bir neçə aspektdən önəmlidir. Məhz bu seçkidə qalibiyyət aparılan layihələrin davamlılığını təmin etdi. Hansı ki, həmin layihələr Avrasiyada inteqasiyaya təsir göstərən amillərdir. Eyni zamanda ölkə daxilində sabitliyin davamlılığının təmin edilməsi baxımından bu seçkilər əhəmiyyətli oldu.

Daha bir maraqlı məqam o oldu ki, bu il regionumuz ABŞ və Avropa Birliyinin diqqətini daha çox cəlb etdi. Nəinki cəlb etdi, bu qüvvələr bölgədə daha da fəallaşdı. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və İranla bağlı baş verənlər bölgəmizi önəmli bölgəyə çevirdi. ABŞ və Avropa Birliyindən regiona çoxlu səfərlər edildi. Bu sırada ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun, Almaniya kansleri Angela Merkelin və Fransa Prezidenti Emmanuel Makronun adını çəkmək mümkündür”.

N.Məmmədova qeyd edib ki, bu il 200 ildən çoxdur davam edən Rusiya-Ermənistan streteji müttəfiqlik münasibətlərində çat yarandı:

“Bu, əlbəttə, bizim xeyrimizədir. Eyni zamanda Ermənistanın hər zaman arxalandığı Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatında siyasi ixtilaflar baş verdi. Ermənistan ona böyük köməkliklər edən Rusiyadan tədricən uzaqlaşmağa başladı. Bu, ABŞ və Avropa Birliyinin diqqətini cəlb etdi. İlk fəallaşan ABŞ oldu. Ancaq Avropa Birliyi də İrana görə Ermənistana maraq göstərməyə başladı. Ermənistan Rusiyadan uzaqlaşır, bu faktdır. Ancaq Ermənistandakı proseslərə Rusiya çox təmkinlə yanaşdı. Görünür, ABŞ Rusiyaya ismarıc verib ki, bu dəyişiklik Kremlə qarşı yönəlməyib. Ermənistanda baş verənlər daha çox İranın şimaldan blokadaya alınması məqsədi daşıyır. Gördülər ki, bu, cənubdan alınmır. İran cənubda poliqon, bir növ şiə hilalı yaradıb ABŞ-a meydan oxuyur. Ancaq Merkel ABŞ-ın İrana cəbhə açmasına qarşı çıxır. Azərbaycan öz ərazisindən İrana qarşı istifadə etməyə imkan vermir. Ermənistan isə zəif bənddir. Ümumiyyətlə, Ermənistan bölgədə ən zəif bənddir”.

N.Məmmədova qeyd edib ki, digər tərəfdən, bögədə silah satışı ilə bağlı yenilik baş verdi:

“Bilirsiniz ki, Avropa Birliyi bölgə ölkələrinə silah satışına qadağa qoyub. Makronun Ermənistana səfəri ilə Fransanın bölgəyə silah satışına çalışdığı göz önündədir. Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransa arasında da silah alqı-satqısına dair müqavilə imzalandı. Beləliklə, bu il regionda silah satışına dair yeni oyunçular meydana çıxdı”.

2019-cu ildən gözləntilərə gəldikdə isə N.Məmmədova qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyində Avropa Birliyini Fransanın əvəz etməsi gündəmə gəlib:

“BMT-də bu məsələnin gündəmə gətirilməsi məsələsi var. Fransa artıq ona olan etimadı itirib. BMT-nin strukturunda da islahat aparması gözləniləndir. Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə imperialist maraqlarından çıxış edirlər. Həmsədrlik institutunda dəyişiklik olması ətalətin qarşısını ala, danışıqlara dinamika gətirə bilər. Almaniyanın həmsədrliyə gətirilməsi gündəmə gələ bilər. Gələn il ərzində həmsədrlər arasında nüfuz davasının güclənəcəyini gözləmək olar”.

N.Məmmədova qeyd edib ki, gələn il qondarma Dağlıq Qarabağ rejimi ilə Ermənistan hakimiyyəti arasında qarşıdurmanın güclənəcəyi gözləniləndir:

“Dağlıq Qarabağ rejimi Ermənistan hakimiyyəti ilə münasibətlərinin pisləşməsi səbəbindən çıxış yolu kimi Rusiya ilə münasibətlərini daha da gücləndirə, onların dəstəyinə bel bağlaya bilər. Mən əminəm ki, Paşinyanın namizədliyini Qərbə tövsiyə edən Levon Ter-Petrosyan olub. Ermənistan köhnə müttəfiqlərini itirib, yeni müttəfiqlərlə isə əlaqələr qura bilmir. Azərbaycan Ermənistandan diplomatik, siyasi cəhətdən üstündür, bu faktdır. Hazırda Avropa Birliyi və Rusiyanın də mövqeyi Azərbaycanın xeyrinədir. Ermənistandan Rusiyadan uzaqlaşıb. Avropa Birliyi də ərazi bütövlüyünün təmin olunması prizmasından çıxış edir. Beləliklə, biz deyə bilərik ki, Azərbaycan hərbi baxımdan güclü olduğu kimi siyasi baxımdan da əlverişli vəziyyətdədir. Gələn il Rusiyanın Ermənistana təzyiqləri artacağı gözləniləndir. Hətta elə vəziyyət yarada bilərlər ki, Paşinyan istefaya gedə bilər. Qarabağ klanı, oliqarxlar, Respublika Partiyası, Rusiyanın təzyqiləri qarşısnda inanmıram ki, Paşinyan duruş gətirə bilsin. Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq istəyi də bu təzyiq vasitələrindən biridir”.

Politoloq 2019-cu ildə regionda geosiyasi mübarizənin güclənməsinin gözlənildiyini vurğulayıb:

“Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanın xarici işlər və müdafiə nazirliklərində öz kadrlarını yerləşdirə bilmir. Bir ölkənin rəhbəri əsas nazirliklərə öz kadrını yerləşdirə bilmirsə, o, hansı müstəqil siyasətdən danışa bilər?!”

N.Məmmədova Azərbaycanın yürütdüyü hazırkı balanslı siyasətin doğru olduğunu da vurğulayıb. O qeyd edib ki, əgər Azərbaycan hansısa güc mərkəzinə yaxınlaşsa, digər güc mərkəzinin təzyiqlərinə məruz qala bilər:

“Mən Dağlıq Qarabağ münaqişəsi bölgəsinə hansısa ölkənin sülhməramlılarının yerləşdirilməsinin əleyhinəyəm. Gürcüstanda da Rusiya sülhməramlıları var idi, amma o sülhməramlılar 2008-ci ildə silahı Gürcüstan dövlətinə qarşı çevirdilər”.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …