Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / ReAl rəhbərliyinin Brüssel səfəri qalmaqala səbəb oldu

ReAl rəhbərliyinin Brüssel səfəri qalmaqala səbəb oldu

Siyasət gündəmində yeni qalmaqal var. Musavat.com xəbər verir ki, bunun əsasını sabiq səfir Arif Məmmədov qoyub. O, sosial şəbəkədəki statusunda “Real diplomatiya” adlı bir paylaşım edib. Sözügedən paylaşımı təqdim edirik: “Dünən Avropa İttifaqında uzun müddətdir işləyən bir dostumla görüşdüm. O mənə sevinclə xəbər verir ki, təbrik edirəm, eşitdim İlham Əliyev çox ciddi islahatlara başlayıb. Onun bu optimist yanaşması ilə razılaşmadım, əlbəttə, amma həm də maraqlandım ki, bu təəssürat hansı məlumatların əsasında formalaşıb.

O da mənə cavab verir ki Azərbaycan müxalifətinin nümayyəndə heyəti Brüssel səfəri çərçivəsində görüşlərində ölkədə gedən proseslər haqqında çox müsbət rəy bildiriblər. Və ona görə də həmin ərəfədə E.Məmmədyarovun səfəri zamanı hakimiyyətin addımlarını müsbət giymətləndirdik və Azərbaycan-Aİ arasında imzalanacaq sazişə də müsbət rəy bildirdik..

Bir qədər ətraflı maraqlandım və bəlli oldu ki, Azərbaycan müxalifətinin təmsilçisi kimi qəbul edilən heyətin tezisləri bu cür olub :

-İlham Əliyev islahat aparmaq istəyir, amma ətrafında islahatların düşməni olan konservatorlar var. Buna baxmayaraq, İ. Əliyev bu ərəfədə atdığı addımlarla islahatların anonsunu verib ;

– Siyasi dustaqların böyük bir qrupunun azadlığa buraxılması bu islahatların real başlanğıcı sayıla bilər ;

– Mitinqlər və küçə yürüşləri İlham Əliyevin başladığı islahatları ləngitmək və hətta qarşısını almaq üçün hakimiyyətdəki konservatorlara arqument verir ;

– Azərbaycanda siyasi müxalifət düşərgəsində bəzi qüvvələrin taktikası ölkəni Suriyaya çevirə bilər ;

-Real bu proseslərədə özünəməxsus xətt tutub, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yoluna yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürür.

Yeri gəlmişkən, bu günlərdə Amerika Birləşmiş Ştatlarına göndərilən Səməd Seyidov+Asim Mollazadə qrupu da elə təxminən bu tezislərlə çıxış ediblər.

Belə görünür ki, hakimiyyət də “kürü diplomatiyası”ndan imtina edərək REAL diplomatiyaya start verməkdədir”.

Bu status bir neçə şəxs tərəfindən paylaşılıb və aydınlaşıb ki, A.Məmmədovun açıq şəkildə yazmadığı, amma ReAL partiyası üzvlərinə eyham vurduğu bu görüşdə iştirak edənlərdən biri də partiyanın icraçı katibi Natiq Cəfərli olub. N.Cəfərli sosial şəbəkədə gedən müzakirələrdə bu söhbəti qeyri-ciddi adlandırıb və aşağıdakıları yazıb: “Mən də deyim ki, mənə Brüsseldə bir nəfər dedi ki, Arif müəllim maşın alveri ilə məşğuldur, belə desəm, ciddi olarammı? Diplomatik görüşlərin məğzi də odur ki, danışıqlar ciddi adamlarla və ciddi mövzularda olur. Qeyri-ciddi adamların qeyri-ciddi sözlərinə nə deyim axı?!”

Картинки по запросу natiq cəfərli

Bu müzakirələrdən sonra N.Cəfərli aşağıdakı statusu yazıb: “Məşhur bir deyim var: Əlində ancaq çəkic olan ətrafda hər şeyi mismar kimi görür. Bəzi adamlar var ki, hayatı boyu ətrafında xəyanətlər görüblər, ya özləri xəyanətin içində olublar, qara sövdələşmələrə gediblər, gizli və qapalı anlaşmalarda olublar, ona görə də hamıya o gözlə baxmağa başlayırlar. Mənim belə insanlara sadəcə yazığım gəlir, bədbəxt adamlardırlar, çünki həyatları boyu əqidədən, dəyərlərdən yoxsul yaşayıblar…”

Картинки по запросу ilqar memmedov

ReAl lideri İlqar Məmmədov Facebook statusunda məsələyə belə münasibət bildirib: “ReAl idarə heyəti üzvlərinin Brüsselə səfəri zamanı keçirdikləri görüşdə guya İlham Əliyevin siyasətini müdafiə etmələri haqqında YAP və Milli Şura fəallarının BİRGƏ tirajladığı “xəbər” isbatla mükəlləfdir. Sübut yükü tamamilə YAP və Milli Şuranın birgə istinad etdikləri iddia sahibləri üzərindədir. Bu məsuliyyətin ağırlığı altında iddia sahiblərinin ad-sanı əzilə bilər deyə, tələsib ortaya sübut qoysunlar”.

Картинки по запросу erkin qedirli

Eyni ərəfədə ReAl idarə heyətinin üzvü, sözügedən səfərdə iştirak etmiş Erkin Qədirli ittihamlara detallı cavab verib. Statusu təqdim edirik: “Dünən Arif Məmmədov hansısa “məlumatlı dostuna” istinadən bir yazı paylaşıb. Orada doğru olan yalnız bir cümlə var. ReAl doğrudan da AB ilə Azərbaycan arasında bağlanması gözlənilən anlaşmaya müsbət baxır və anlaşmanın baş tutmasını istəyir. Bunu açıq görüşlərdə də deyirik, qapalı görüşlərdə də. Brüsseldə də bunu dedik. Brüsseldə bizə bu anlaşmanın baş tutmasını istəməyən müxalifətçilər və sivil toplum nümayəndələrinin olduğunu dedilər, amma heç kəsin adını çəkmədilər. Biz də soruşmadıq. Arif Məmmədovun belə bir yazını paylaşması, ölkəmizin AB ilə anlaşmaya qarşı olduğu anlamına gəlirmi? Bilmirəm. Özü bilər.

Mən həqiqətpərəst deyiləm, həqiqəti hər şeydən üstün tutmuram. Həqiqətin yersiz və ziyanlı ola bildiyini çox görmüşəm. Peşəm də həqiqətpərəst olmamağımı tələb edir. Hüquqda həqiqət hər şeydən üstün tutulsaydı, bir çox sirrlər qanunla qorunmazdı. Nəhayət, qanacaq deyilən bir şey də var (olmalıdır). Amma mənə, özəlliklə də ReAla hücumlar olanda, mən ancaq həqiqətlə müdafiə olunuram.

Arif Məmmədov görüşdüyü adamın adını yazmadı. Mənsə görüşdüyümüz adamların adlarını yazıram:

– Dorota Dlouchy-Suliga (Avropa xarici çalışmalar xidmətində (EEAS) Azərbaycan, Ermənistan və Belarus bölümünün rəbhəri;

– Vassilis Maragos (Qonşuluq və genişlənmə danışıqları üzrə baş idarənin Azərbaycan, Ermənistan və Belarus bölümünün rəbhəri;

– Jari Haapala və Gaby Hagmüller (həmin bölümün işçiləri);
İsveçin diplomatik nümayəndəliyində görüşdüyümüz diplomatlar:

– Mikael Benthe (İsveç)

– Juan Lugo (İspaniya)

– və bir Fransa diplomatı vardı, təəssüf ki, onun kartı indi məndə yoxdur, deyəsən, Brüsseldəki oteldə unutdum, ya da cibimdən düşdü).

Mən açıq oynayıram, səmimiyəm. Arif Məmmədov isə anonimlik edir. Sözünə və adına önəm verirsə, görüşdüyü adamın adını açıqlasın. ReAlın idarə heyətinin üzvü Rəsul Cəfərov hələ Brüsseldədir, onunla görüşsün, ya da yazışsın (zəngləşsin), görək kimdir o adam və dediyini haradan götürüb. Elə bir adam doğrudan varsa, yəni, Arif Məmmədov onu da uydurmayıbsa, deməli, o da yalan danışır.

Arif Məmmədov’un yazdıqları yalandır.

İqtidarın içindəki qruplar, aralarındakı qarşıdurmalar, orada “köhnə – yeni” nəsil qarşıdurması haqqında mən çoxdan danışır və yazıram. Öz səhifəmdə bu haqda dəfələrlə oxumusunuz. Brüsseldə də bu yöndə danışdım. Meydan TV-nin canlı yayımında da bunu dedim. Açıq bildirdiyim fikirlərimi anonim dostundan gizli məlumat kimi aldığını iddia edən Arif Məmmədov havaydan özünü yormasın. Buradan “ReAl İlham Əliyevin islahatlarını təbliğ edir” nəticəsi hasil olmur, ola da bilməz.

“Mitinqlər”, “Suriya”-filan söhbətləri də olmayıb, ola da bilməzdi. Mənim yazı və danışıq tərzimi bilənlər yaxşı anlayar ki, mən bu söhbətləri şəxsiyyətimə heç vaxt yaraşdırmaram. Burada da açıq oynayıram. Mən mitinqlərə qarşı deyiləm. Mən ReAlın AXCP-nin mitinqlərinə qatılmasına qarşıyam. 19 yanvar mitinqində İlqar Məmmədovun iştirakına da qarşı olmuşam, idarə heyətində bunun əleyhinə səs vermişəm, mitinqə də bu səbəbdən gəlməmişdim. Amma Brüsseldə belə söhbətlər olmayıb, yeri də deyildi heç. Biz orada AB məmurlarının suallarına cavab verirdik, onlar da bu mövzuda heç bir sual vermədilər. Sual versəydilər, çox şeyi deyə bilərdim. Təkrar edirəm, mən açıq oynayıram, səmimi danışıram. Olmayan şeyləri mənim və üzv olduğum təşkilatın adına yazmayın.

Yalansız (şərsiz, böhtansız) keçinə bilmirsinizsə, onu elə danışın (yazın) ki, heç olmasa maraqlı olsun.

Nizami Gəncəvi’nin bu sözləri yerinə düşür:

Doğruya azacıq bənzəyən yalan
Yaxşıdır yalana bənzər doğrudan”.

Картинки по запросу qenimet zahid

Musavat.com xəbər verir ki, bu qovğaya qoşulanlardan biri də hazırda Fransada yaşayan qəzetçi Qənimət Zahid olub. Q.Zahid yazıb ki, şəxsən öz araşdırması nəticəsində Arif Məmmədovun “ReAl-çıların Brüssel səfəri haqda yazdıqları təsdiqlənib. Statusun davamına diqqət edək: “Tələsməyin, mənbələrə də, şəxslərə də istinad edəcəm. Arif bəy öz mənbələrindən öyrənib ki, ReAl nümayəndə heyəti Brüsseldə aşağıdakı 4 tezisi səsləndirib:

1. Siyasi dustaqların böyük bir qrupunun azadlığa buraxılması bu islahatların real başlanğıcı sayıla bilər. Mənim araşdırmam: Natiq Cəfərli öz statusunda yazıb: “Dünənki əfv addımı pozitiv xəbər oldu, siyasi açılım işarəsi kimi qəbul edilə bilər”. Bunu Bakıda yazırsınızsa, Brüsseldə niyə demiyəsiniz? Təbii ki, orada da demisiniz. Nəyə etiraz edirsiniz?

2. Mitinqlər və küçə yürüşləri İlham Əliyevin başladığı islahatları ləngitmək və hətta qarşısını almaq üçün hakimiyyətdəki konservatorlara arqument verir; Mənim araşdırmam: Əgər sizin lideriniz Bakıda hamının qarşısında “Mitinqlər İlham Əliyevə sərf edir” deyirsə, biz nəyə görə sizin uzaq Brüsseldə Milli Şuranın mitinqlərinin İlham Əliyevin ətrafına sərf etdiyini deməyinizə inanmayaq? Axı mitinqlər haqda Brüsseldə dediyiniz iddia olunan fikirlər sizin mitinqlər haqda dediyiniz ən yumşaq fikirlərdir. Nəyi təkzib edirsiz?

3. Azərbaycanda siyasi müxalifət düşərgəsində bəzi qüvvələrin taktikası ölkəni Suriyaya çevirə bilər. Mənim araşdırmam: Sədriniz İlqar Məmmədov hamının gözünün qarşısında Milli Şuranı inqilab etməyə cəhddə qınayıb. Sitatlar çoxdur, bir neçəsini bura yerləşdirirəm: “Ya seçkisiz “inqilabi inqilab” absurdu”, “seçkisiz inqilab haqqında söhbətlər – danışanın nağılı, gedənin isə fəlakət yoludur”, “İlham Əliyev mitinqə 4 dəfə icazə vermədisə inqilab etməyəcəksiniz?” Əgər sədriniz Bakıda hamının qarşısında Milli Şuranı günaşırı inqilaba cəhddə ittiham edirsə, sizin Brüsseldə müxalifətin ölkəni Suriyaya çevirəcəyinizi demənizə niyə inhanmayaq?

4. ReAl bu proseslərədə özünəməxsus xətt tutub, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yoluna yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürür. Bunu da təkzib etmək istəyirsiniz?

Bu fikirləri siz hər gün səsləndirmirsiniz? Sizi başa düşürəm, Azərbaycandan Brüsselə müxalifət adı ilə səfər etmiş şəxslərin bu tezisləri səsləndirməsinin ictimaiyyətə açıqlanması sizə diskomfort yaradır, güzgüdəki rəsmdən bir az sıxılırsız. Ancaq nə etmək olar, siz xeyli müddətdir ki, bu yanlış yoldasınız. Arif bəyi təkzib etmək haqda yox, bu yanlış siyasi xəttdən imtina haqda düşünsəniz, çox- çox yaxşı olar. Elə özünüz üçün də. Sayğılarla!”

N.Cəfərli isə Musavat.com-a açıqlamasında bildirdi ki, bir neçə saat öncə A.Məmmədovla canlı debatda olub və sonuncu ittihamlarını təsdiqləyə, mənbə göstərə bilməyib. Onun sözlərinə görə, Q.Zahidin yazdıqları da sübut deyil. Müsahibimiz hesab edir ki, bu məsələnin qaldırılması, cəmiyyətə yanlış formada təqdimatının sadə bir səbəbi var: “Səbəbi odur ki, Azərbaycanda uzun illərdir ki, köhnə müxalifət belə bir yanlış fikir formalaşdırırdı ki, Azərbaycanda hökuməti Qərbin dəstəyi ilə dəyişmək olur. ReAl partiyası üzvlərinin intensiv xarici görüşləri – son bir ildə bu, 8-ci səfərdir – bunlarda qısqanclıq yaratdı ki, Avropa və Amerika birləşib, ReAl-ın hakimiyyətə gəlməsinə çalışır. Erkin Qədirli bu görüş barədə açıq məlumat verib. Orada hansı mövzuların müzakirə olunduğunu da yazıb. Azərbaycan Avropa Birliyi ilə müqavilə bağlamalıdır, biz də ona dəstək veririk. Amma bunun üçün Azərbaycanda QHT, KİV, seçki qanunvericiliyində demokratikləşməyə doğru dəyişmə olmalıdır. Nə olub, hamısını yazmışıq. Bizdən başqa xarici səfərlərə gedənlərin heç biri şəffaf açıqlama verməyib. Başqa siyasilər də gedib. Hansı biri bu açıqlamanı, hesabatı verib? Biz hər zaman cəmiyyətə açıq olmaq tərəfdarıyıq”.

N.Cəfərli bildirib ki, belə reaksiyaların yeganə səbəbi qısqanclıqdır. Onun sözlərinə görə, bəzi adamlar “Qərbdə ReAl-ı görürlər” deyərək qəribə bir havaya düşüblər.

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …