Şənbə , İyun 19 2021
Ana səhifə / Siyasət / REAL konstitusiyanın dəyişməsini istəyir – YAP-dan reaksiya

REAL konstitusiyanın dəyişməsini istəyir – YAP-dan reaksiya

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərlinin modern.az-a verdiyi son açıqlamada  deyib ki, ölkədə yeni konstitusiyanın işlənilməsi daha ciddi və pozitiv nəticələr verə bilər. Sitat: “Belə bir təşəbbüs olsa və onun gündəliyi ölkədəki siyasi, iqtisadi və ictimai vəziyyətlə əlaqəli açıq müzakirələr tələb edən iclas olsa, təbii ki, REAL Partiyası da bu formada iştirak etməyə hazırdır. Çünki bizim illərdir səsləndirdiyimiz təkliflər, indiki dövrə aid öz fikirlərimiz və bəzi ciddi dəyişikliklərlə bağlı mövqeyimiz də var. Belə bir formada görüşün keçirilməsi əgər doğrudan da gələcəkdə ciddi struktur və institusional islahatlara kömək edəcəksə, təbii ki, görüşmək mümkündür. Amma daha yaxşı olardı ki, ölkədəki ictimai sazişin yenilənməsi üçün bütün siyasi partiyaların iştirakı ilə yeni konstitusiya məsələsi gündəmə gəlsin. Yeni konstitusiyanın işlənilməsi ilə bağlı fikir mübadiləsi və diskussiyalar aparılsın”.

Göründüyü kimi, N.Cəfərli REAL-ın bu istiqamətdəki təklifləri barədə danışmayıb. Onun fikirlərinin ardından indiki şəraitdə konstitusiyada dəyişikliklərin edilməsi məsələsinin ortaya atılmasına və cəmiyyəti bununla məşğul etməyə ehtiyac olub-olmadığı barədə çoxlu sayda mövqelərə rast gəlirik. Hazırda Qarabağda çox ciddi işlərimizin olduğunu düşünüb, buna ehtiyacın görməyənlər də var, bunun əksini düşünənlər də…

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP sədri Sərdar Cəlaloğlu təklif həyata keçərsə, bunun Qarabağdakı işlərimizə mane olmayacağını düşünür: “Biz işlərimizi paralel aparmağı öyrənməliyik. Hüquqi islahatların, azad edilən ərazilərin bərpasının və yerdə qalan ərazilərin azad edilməsi ilə bağlı görüləcək işlərin paralel şəkildə aparılması mümkündür. Əslində inkişafın qarşısında duran əsas maneələrdən biri də ardıcıllıq məntiqinə istinad etməkdir. Mənə elə gəlir ki, indiki halda hüquqi islahatların aparılması Qarabağdakı mübarizəmizə, görəcəyimiz işlərə mane ola bilməz. Ola bilər ki, islahat adı ilə hansısa bir məsələ gündəmə gətirək və dövlətimiz əleyhinə olan qüvvələr bundan istifadə etməyə çalışsınlar. Konstitusion hüquqlar dedikdə hansı məsələlərin nəzərdə tutulduğunu gündəmə gətirmək lazımdır. Amma istənilən halda bunların Dağlıq Qarabağ məsələsinə mane olacağını düşünmürəm. İstək, məqsəd varsa, el birliyi ilə doğrudan da cəmiyyətimizi yeni bir müstəviyə çıxarmaq istəsək, əlbəttə, bu, alqışlanmalı ideyadır. Burada pis bir şey yoxdur. Amma bu ideyanın arxasında başqa niyyətlər varsa, bizim də bunun qarşısını almağa gücümüz yoxdursa, elə bu formada qalsa daha yaxşıdır”.

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə təklifə normal yanaşır: “Dəyişikliklər təklifi ilə tanış deyiləm. Amma hesab edirəm ki, indiki vaxtda buna ehtiyac yoxdur. Sonuncu dəyişikliklər beş il öncə olub. Dövrün tələblərinə, şəraitinə uyğun olaraq yeniliklər edildi. Hazırkı konstitusiya qarşımızda duran hədəflərimizin həyata keçirilməsinə tam cavab verir. Amma bununla belə, hansısa bir siyasi qüvvənin fərqli baxışı ola bilər. Bu baxımdan adıçəkilən partiyanın təkliflərlə çıxış etməsinə normal baxıram. Biz demokratik, hüquqi dövlətik. Ayrı-ayrı təkliflərin olması normaldır. Bu, cəmiyyətin demokratik olmasını, vətəndaşların fəallığını göstərir. 2016-cı ildə dəyişikliklər olandan sonra dövlətimiz daha da qüvvətli oldu. Bundan biz qalib çıxdıq. İndiki əhval-ruhiyyə qarşımızda duran digər məsələləri də həll etməyə imkan verir”.

N.Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərli isə fikirlərini daha geniş şəkildə şərh etdi: “Bununla bağlı proqram sənədlərimizdə açıq şəkildə yazmışıq. İlkin mərhələdə yerli özünüidarəetmə ilə bağlı funksional, ciddi qanunvericilik dəyişikliyinə ehtiyac var. Yerli icra hakimiyyətlərinin ləğv edilib, böyük şəhər bələdiyyələrinin yaradılması ilk təkliflərimizdən biri olub. Digər önəmli məsələlərdən biri də parlamentin və hökumətin gücləndirilməsidir. İndiki sistemdə aydın deyil ki, Nazirlər Kabineti nə işlə məşğuldur. Parlamentar idarəetmənin gücləndirilməsinin tərəfdarıyıq. Prezident özü müşavirələr keçirirsə, tapşırıqlar verirsə, nazirləri birbaşa özü qəbul edirsə, o zaman Nazirlər Kabineti nə işlə məşğuldur? Burada çox ciddi problem var. Biz düşünürük ki, Nazirlər Kabinetinin rolu gücləndirilməlidir.

Hökumət daha çox parlamentdən çıxmalıdır. Qanunverici orqan hökumət qarşısında hesabat verməlidir. Burada da proporsional seçki sisteminin güclənməsi siyasi partiyaların güclənməsi deməkdir. Bu da gələcəkdə siyasi sistemin rəqabət müstəvisində güclü olmasına gətirib çıxaracaq. Bizdə siyasi partiyalar hələ də ideoloji əsaslarla qurulmayıb. Daha çox şəxslər ətrafında formalaşan klublara bənzəyirlər. İdarəetmə yenilənməlidir ki, iqtisadi, sosial və digər məsələlər öz həllini tapsın. Ölkədə yeni ictimai saziş üçün əsas yaranıb. Belə ki, müharibədə qələbə qazanmışıq, kifayət qədər ciddi hərbi uğur var. Cəmiyyət olaraq inkişaf etmişik. Say tərkibimiz də dəyişib, yeni gənclik yetişib. Bu nəslin ictimai sazişdə iştirakı təmin olunmalıdır. Bütün bu problemlər həllini tapandan sonra digər məsələlər də həll olunacaq”.

Həmçinin oxuyun

Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib. Son günlərdə …