Çərşənbə , İyun 26 2019
Ana səhifə / Siyasət / Razi Nurullayev: “Qoy “Lukoil” məni də məhkəməyə versin” – QALMAQAL

Razi Nurullayev: “Qoy “Lukoil” məni də məhkəməyə versin” – QALMAQAL

“Cebhe.info portalında oxudum ki, “Lukoil – Azərbaycan” şirkəti Azad İstehlakçılar İctimai Birliyini (AİİB) məhkəməyə verəcəyini bildirib. Birliyin sədri Eyyub Hüseynovun da cavabı var.

Söhbət bu şirkətin yanacaqdoldurma məntəqələrində sürücüləri aldatmasından gedir. Bəli, bu məlumat 100% doğrudur. Bu barədə mən də dəfələrlə çıxış etmişəm. Ən azı bu hadisə xatırladığım 4 dəfə başımıza gəlib”.

Qaynarinfo xəbər verir ki, bu haqda keçmiş prezidentliyə namizəd Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, bir dəfə “Şamaxinka” deyilən ərazidəki məntəqədə avtomobilinə 20 manatlıq benzin vurduran zaman benzin çəninin əqrəbinin qalxmadığını görüb:

“İşçi çəndən şlanqı çıxarmaq istəyən zaman tez xəbərdarlıqla onu saxladıq və dedim ki, əminsən benzin vuruldu? Göstərciyə baxıb dedi ki, “atıb”. Yəni, aparat avtomatik dayanıb. Bu məsələni onlarla sürücü də mənə danışıb. Eyni biabırçılıqlar Cəfər Xəndan küçəsində, “İstanbul evləri” deyilən ərazidəki qoşa məntəqələrdə də dəfələrlə baş verib. Sonuncu dəfə isə “Toyota Corolla” avtomobilinə dolu çən sifariş verdik, heç işığı da yanmırdı.

Mən telefonla məşğul idim, sükanda həyat yoldaşım idi. Gördüm yoldaşım çaş-baş qalıb, elə bil məni “tok” vurdu. Dedim 78 manat? Üzümdə və səsimdə elə qəzəb işarəsi var idi ki, o da özünü itirdi. Avtomobildən endim, dedi ki, üzr istəyirəm, yanlış dedim, 68 manat, yox-yox, 66 manat. Dedim ki, müdirini çağır. Kimsə, adını xatırlamıram, yaxınlaşdı və elə onun da üzündən hiyləgərlik yağırdı. O da düzəltdi: 62 manat. Açığı gördüm ki, mübahisə etmək həyat yoldaşıma pis təsir edir və öz əsəblərimi də qorudum”.

Razi Nurullayev daha sonra sosial şəbəkə hesabında “Lukoil – Azərbaycan” şirkəti haqda ittihamlara belə davam edib:

“Hər dəfə bu barədə yazmışam, demişəm, mətbuat vasitəsilə müraciət etmişəm ki, bu şirkət oğurluqla məşğuldur. Bu barədə axtarış versəniz, onlarla məqalə çıxır. Şirkət niyə bir əncam çəkməyib? Əgər bu xırda işçilər səviyyəsində baş versəydi, çoxdan həll olunardı. Bu, köklü və əsaslı bir korrupsiya faktı, vətəndaşların cibinə girib oğurluq etməkdir. Təəccüblənirəm ki, niyə aidiyyatı dövlət orqanları bu faktlara qarşı araşdırma aparmayıb, mətbuatda yazılanlara və açıqlamalara reaksiya verməyiblər? Mən bütün vətəndaşları ayıq-sayıq olmağa, öz haqlarını bu cür şirkətlərə yedirtməməyə çağırıram. Bu məsələ gündəmdə olmuşkən, başınıza gələnlərlə bağlı siz də yazın, danışın və yazanları, “Azad İstehlakçılar” İB-ni də müdafiə edin”, – deyə o, vurğulayıb.

R.Nurullayev digər yanacaqdoldurma mənətəqələrində baş verənlərdən də yazmağa çağırıb.

Həmçinin oxuyun

Pakistan prezidenti azərbaycanlı səfirlə Qarabağı müzakirə edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.  Qəbula görə təşəkkürünü …