Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Rauf Mirqədirov: “Ermənistan bir dövlət kimi “COP29”-a dəvət almalıdır”

Rauf Mirqədirov: “Ermənistan bir dövlət kimi “COP29”-a dəvət almalıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxış edərkən Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıya dəvət edilməsinin mümkünlüyünü deyib.

Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin də rəhbəri olduğunu və hakim çevrələrdə müzakirə olunan məsələlərin zaman-zaman cəmiyyətə sızdırılmasında iştirakını nəzərə alsaq, belə bir təklifin havadan verilmədiyini təxmin etmək olar.

Bakıda noyabrda “COP29”-un keçiriləcəyini də nəzərə alsaq, belə bir səfərin reallaşa biləcəyini güman etmək olar. Xatırladaq ki, “COP29”-un Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycanla Ermənistan arasında konsensus əldə olunduqdan sonra verilib və rəsmi Yerevan Şərqi Avropa ölkələrinə çağırış edərək, Bakının namizədliyini dəstəkləməyi xahiş edib.

Hazırda Azərbaycan diplomatları vasitəsilə dünyanın bir çox liderlərinə “COP29”-da iştirak etmələri üçün dəvət məktubları təqdim edirlər.

Zahid Oruc. Foto: Meydan TV

Ermənistan rəsmilərinin Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı presedentlər də olub.

“Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlib-gəlməməsi bir çox amillərdən asılıdır”

Məsələni Meydan TV üçün şərh edən siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Ermənistan bir dövlət kimi “COP 29”-a dəvət almalıdır.

“Çünki “COP29” BMT-nin qlobal tədbiridir və Ermənistan da təşkilatın üzvüdür. Nəzərə almaq lazımdır ki, tədbirin Azərbaycanda keçirilməsinə Ermənistan da razılıq verib”.

Siyasi şərhçinin fikrincə, Paşinyan da daxil Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlib-gəlməməsi bir çox amillərdən asılıdır. Onun sözlərinə görə, ən vacib amil Paşinyanın həmin dövrə qədər hakimiyyətdə qalıb-qalmamasıdır:

“Artıq onun devrilməsi istiqamətində konkret addımlar atılır və belə bir məqsədin olması həm Ermənistan daxilində, həm də xaricində gizlədilmir. Xüsusilə də Moskvada bu münasibət açıq görünür”.

R.Mirqədirov deyib ki, Paşinyan Azərbaycan-Ermənistan sərhədindən, “Zvartnost” hava limanından Rusiya sərhədçilərinin çıxarılmasını tələb etdiyini və Moskvada mayın 8-də Putinlə razılığa gəldiyini nəzərə almaq lazımdır.

“Yaxın günlər-aylar Paşinyan üçün ağır olacaq, sərhədlərin demarkasiyasının Ermənistanda nə cür əks-səda doğurduğunu da bilirsiniz. Hazırda onu xəyanətdə ittiham edirlər”, – o deyib.

R.Mirqədirov vurğulayıb ki, əgər Ermənistanın Azərbaycanla, Türkiyə ilə münasibətləri ay yarım əvvəl olduğu kimi pozitiv yöndə inkişaf edərsə, sülh sazişinin imzalanıb-imzalanmaması Ermənistan dövlətinin nümayəndə heyətinin Bakıya gəlməsinə maneçilik yaratmayacaq.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Ermənistan və Azərbaycanda cəmiyyətin belə bir səfərə necə reaksiya verəcəyinə toxunan siyasi şərhçi qeyd edib ki, belə bir şey çox azsaylı ifrat radikalları çıxmaq şərtilə Azərbaycanda kifayət qədər normal qarşılanar:

“Çünki müxalifətin mütləq əksəriyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına loyal yanaşır və sülh prosesini dəstəkləyir. Səbəb qalib dövlət və qalib xalq psixologiyasıdır. Artıq problem həll olunubsa, regionda münasibətləri normallaşdırmaq lazımdır”.

Ermənistana gəlincə, ekspert vurğulayıb ki, burada vəziyyət uzun müddət gərgin olacaq.

“Paşinyan hakimiyyətdə qalarsa, yaxud gedərsə, bunun əhəmiyyəti yoxdur. Oradan hər hansı nümayəndə heyətinin Azərbaycana səfəri ciddi etirazlar doğura bilər”, – R.Mirqədirov bildirib.

““COP29”-da Ermənistanın hansı səviyyədə təmsil olunmasını Yerevan özü həll edəcək”

Politoloq Fərhad Məmmədov isə hesab edir ki, Ermənistan nümayəndəsinin “COP29”-a dəvət edilməsi məntiqlidir:

“Nəzərə almaq lazımdır ki, “COP29” sammitinin Azərbaycanda keçirilməsi 7 dekabr Azərbaycan-Ermənistan ikitərəfli bəyanatı əsasında baş verib. Yəni Ermənistan “COP29”-un regional bürosuna üzv seçilib, əvəzində isə sammitin Azərbaycanda keçirilməsinə səs verib. Belə olan halda məntiqlidir ki, Ermənistan dövlət olaraq “COP29”-a, Bakıya dəvət edilsin. Lakin bu tədbirdə Ermənistanın hansı səviyyədə təmsil olunmasını Yerevan özü həll edəcək”.

Fərhad Məmmədov. Foto: Meydan TV

Bununla belə, politoloq düşünmür ki, Ermənistanın “COP29”-da təmsilçiliyi Baş nazir Nikol Paşinyan səviyyəsində olsun.

“Əgər Ermənistan nümayəndə heyətinə Nikol Paşinyanın rəhbərlik edəcəyi haqda qərar qəbul etsə, ondan öncə Bakı ilə Yerevan arasında danışıqların irəliləyəcəyinin şahidi olacağıq. Yəni hazırkı dövrdə Paşinyan səviyyəsində təmsilçiliyin olacağını düşünmürəm. Lakin bu aylar ərzində nəqliyyat dəhlizi, sərhəd və sülh sazişi ilə bağlı saziş əldə olunsa, Ermənistanın Baş nazirinin də Bakıda keçirilən sammitdə iştirakı mümkün ola bilər”, – o deyib.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …