Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / Rauf Arifoğlu: “Biz Heydər Əliyevə qarşı dəhşətli yanlışlıqlar etmişik”

Rauf Arifoğlu: “Biz Heydər Əliyevə qarşı dəhşətli yanlışlıqlar etmişik”

“Biz Heydər Əliyevə münasibətdə təkcə Rauf Arifoğlu olaraq yox, düşərgə olaraq dəhşətli yanlışlıqlar etmişik. Onun zərbələrinin nəticəsində indi özümüz yaşayırıq”.

Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azxeber.com”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə Elçibəy Heydər Əliyevi hakimiyyətə çağırdı ki, bu da həmin müddətdə onun ən doğru addımı idi:

“O qurtuluş günü YAP-çılar üçün, Azərbaycan üçün deyildi, bizim üçün idi. O gəlməsəydi, bizi Sürət Hüseynov asacaqdı. Çünki məlum oldu ki, liderlərimizin hamısı qorxaqdır, hamısı qaçdılar. Mən burada Elçibəyi istisna edirəm. Çünki onun başqa çarəsi olmadı. Vətəndaş müharibəsinin qarşısını almaq üçün başqa yerə getmədi, öz kəndinə getdi. Amma yerdə qalan hər kəs – hərbçisi də, qoşun komandiri də, naziri də, döyüşçüsü də, hər kəs qaçdı. Ortada bir adam qalmadı.

Heydər Əliyev dedi ki, biz sizinlə işləyək, çünki kadr yox idi. Haradan gətirsin, necə gətirsin, özü təkbaşına gəlib. Bizim liderlər gizli şəraitdə komanda verdilər ki, hamı istefa versin. Bu, dəhşətli səhv idi. Həmin ekstremal vəziyyətdə Heydər Əliyev komanda yığaraq özünə güc yığdı. Çünki ona bir yandan biz təzyiq edirdik, bir yandan Sürət Hüseynov, bir yandan Moskva, bir yandan İran. O fövqəladə şəraitdə biz onu buraxdıq, Sürət Hüseynovla tək qaldı. Bizim taktika da o idi ki, bir-birilərini məhv edəcəklər və biz yenidən hakimiyyətə qayıdacağıq. Ondan sonra da bir radikal tərz başladı. Bizi xilas edən bir adamı 1998-ci ilədək prezident kimi tanımadıq. Səhv idik. Biz Azərbaycanın bugünkü qələbəsini bəlkə də daha da yaxınlaşdıra bilərdik. Bir cəbhədə ermənilərlə vuruşurdu, bir cəbhədə Sürətlə, bir cəbhədə də bizlə, bizim media ilə vuruşurdu. Amma mən gənc idim, o düşərgənin içərisində idim.

Heydər Əliyev hakimiyyətə gələndə mənim 26 yaşım var idi. Lider bildiyim insanların sözünə baxırdım, düşünürdüm ki, yəqin onlar deyən doğrudur. İndi baxıram ki, hamısı fəlakət imiş. Heç biz hakimiyyəti tam verməyə də bilərdik. Hamısı vəzifəsini dondurdu, özləri də Leninqrada, meşəliyə qaçdılar. Niyə gizlənirsən, adamı dəvət etmisiniz, qalın işləyin. Rauf Arifoğlunu da, başqalarını da qabağa verməzdiniz. Ömrümüzü çürütməzdiniz. Azərbaycanı çürütməzdiniz. O zaman ekstremal vəziyyətdə yığılan komandanı İlham Əliyev hələ də təmizləyə bilmir. Biz qalsa idik, bizim kadrlar hərəkət uşaqları idi, təmiz kadrlar idi. Onların hamısına bir komanda verib Heydər Əliyevə qarşı düşmən elan etdilər. Bəs düşmən idisə, niyə gətirdiniz, özünüz dəvət etmişdiniz… Gətirdinizsə, niyə düşmən dediniz? Bax kök oradandır, mən özbaşına radikal olmadım. Mən bir düşərgəni təmsil edirdim. 20 ildən çox rupor olmuşam. Onların tarixi səhvi idi, Azərbaycanı bir bataqlıqa saldılar, indi İlham Əliyev zorla təmizləyir. Elə indi də eyni prosesi aparırlar. Sadəcə biz yaşlandıq, ağıllandıq, uzaqlaşdıq”.

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …