Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Siyasət / Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməyə heç bir mənəvi hüququ yoxdur – Arzuxan Əlizadə

Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməyə heç bir mənəvi hüququ yoxdur – Arzuxan Əlizadə

Son günlərin əsas müzakirə mövzusuna çevrilən və pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminin nümayəşkəranə surətdə pozulması ilə baş tutan Ramiz Mehtiyevin nəvəsinin toyu sonda toy sahibi olan qudaların 15 günlük inzibati həbsi və toyda iştirak edən bir neçə nəfərin cərimələnməsi ilə nəticələndi. Amma, nəzərə alsaq ki, həmin toy məclisində iştirak edən və karantin qaydalarını pozan şəxslərin əksəriyyəti uzun illər ərzində ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli postlarda təmsil olunublar və bəziləri bu gün də vəzifə başındadırlar, bu adamların hər biri etdikləri əmələ müvafiq olaraq daha sərt şəkildə cəzalandırılmalıdırlar.

Ona görə sərt cəzalandırılmalıdırlar deyirəm ki, fikir verdinizsə ciddi ictimai qınağa tuş gələn bu şəxslərdən heç biri böyük rezonans doğuran olaya görə ictimaiyyətdən üzr istəməyi belə özlərinə rəva bilmədilər. Halbuki, dövlətinə və millətinə hörmət edən hər kəs etdiyi yanlışlığa görə ilk növbədə ictimaiyyətdən üzr diləməliydi. Bu bütün sivil dünyada qəbul olunmuş davranış qaydasıdır. İctimai-siyasi tutumu olan şəxslər, ələlxüsus da dövlət görəvində olanlar qanunlara sıravi vətəndaşlardan daha artıq dərəcədə riayət etməli, nümunəvi davranışları ilə fərqlənməlidirlər. Amma, uzun illər ərzində Azərbaycan dövlətinə və dövlətçiliyinə ciddi zərbə vurmuş Ramiz Mehdiyev kimisinin yaxın çevrəsində qərarlaşan və həmin zehniyyətdə olan bu adamlardan belə mövqe gözləmək yəqin ki, sadəlövhlük olardı. Çünki, bu adamlar illər uzunu özlərini qanunlardan yüksəkdə tutub, ölkənin sadə vətəndaşlarına yuxarıdan aşağıya baxıblar. Korrupsiya və rüşvət piramidasının zirvəsində dayanan “boz kardinal” adlandırdıqları bosslarının sayəsində etdikləri cinayətlərə görə cəzasızlıq mühitində yaşamaq üstünlüyünə yiyələniblər. Bunlar üçün dövlət maraqları, milli maraqlar lazımsız söz yığınından başqa məna kəsb etməyib. Bu cənablar yüzlərlə ləyaqətli insanı incitməkdən, dövlətdən narazı, ölkədən didərgin salmaqdan da çəkinməyiblər. Uzun illər ərzində ölkənin siyasi mühitindəki gərginlik də R. Mehtiyev zehniyyətinin məhsulu olub. Bu gün həmin adamlara dövlətin gücünü və qanunların aliliyini “başa salan” hakimiyyət onu da nəzərə almalıdır ki, hakimiyyətin hər üç qolunda, icra, qanunvericilik və məhkəmə strukturlarında illər uzunu Ramiz Mehdiyevə dövlət kimi baxan, Azərbaycana deyil, Mehdiyevə və öz şəxsi maraqlarına xidmət edən, Abel Məhərrəmovun təbirincə desək “xırda” adamlar az deyil. İlk növbədə bu adamlardan qurtulmaq və onları zərərsizləşdirmək lazımdır. Bunlar marığa yatmış vəhşi pişiklər kimi məqam gözləyirlər. Fürsət düşən kimi revanş götürməyə və dövlətə arxadan zərbə vurmağa hazırdırlar, təki öz maraqları təmin olunsun. Ən təhlükəlisi də odur ki, bunların əksəriyyəti cəzasızlıq mühitində göstərdikləri cinayətkar fəaliyyət sayəsində böyük sərvət sahiblərinə çevrilib və bu sərvətin əhəmiyyətli hissəsini ölkə hüdudları xaricinə çıxarıblar. Hesab edirəm ki, atılan addımların ardınca ölkənin təklükəsizlik orqanları qısa müddət ərzində həmin çevrəyə daxil olan adamları müəyyən etməli, ölkədən çıxışlarına qadağa qoymalı, gərəkirsə cəmiyyətdən təcrid etməlidirlər. Olayın əsas səbəbkarı olaraq dövlətə və onun qanunlarına meydan oxumaq niyyətində olan Ramiz Mehdiyevin isə Elmlər Akademiyası kimi nüfuzlu quruma rəhbərlik etməyə heç bir mənəvi hüququ yoxdur. Dövlətin gücünü nümayiş etdirən başlıca amil qanunların aliliyi və hər kəsin qanun qarşısında bərabərliyidir. Bu dövləti qorumaq və məqamı gələndə ən azından vətəndaşlıq mövqeyi nümayiş etdirmək isə hər birimizin borcudur.

Arzuxan Əlizadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Azinforum.az

Həmçinin oxuyun

“Bu cür deputatlar gəldikləri kimi də gedəcəklər”

“Deputat siyasətlə məşğul olmayacaqsa, o parlamentdə nə işi var? Amma düzünü deməyi də yaxşı haldır …