Şənbə , İyul 4 2020
Ana səhifə / Siyasət / Ramiz Mehdiyev Şahın qətlindən yazdı

Ramiz Mehdiyev Şahın qətlindən yazdı

Son vaxtlar görkəmli dövlət xadimi Nadir şahla bağlı bir sıra tədqiqatlar aparılmasına və yeni sənədlərin üzə çıxarılmasına baxmayaraq onun qətli üzərindən sirr pərdəsi bu günədək götürülməyib. Mənbələrdə ətraflı təsvir olunmuş qətl səhnəsi bu cinayətin gerçək səbəbləri, onların törədilməsində maraqlı olan şəxslər, yaxud dairələr haqqında aydın təsəvvür yaratmaq üçün kifayət etmir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin bu yaxınlarda çapdan çıxmış “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı böyük fatehin öldürülməsi ilə bağlı müəmmalı məqamlara aydınlıq gətirir və maraqla oxunur.

Nadir şahın şəxsi həkimi – fransız əsilli Lui Bazinin (1712-1774) məktubları əsasında qələmə alınmış əsərdə dövrün hərbi-siyasi mənzərəsi, saray çəkişmələri, yaxınları və düşmənləri tərəfindən şaha qarşı hazırlanan sui-qəsdlər və digər hadisələr tarixi sənədlərə və faktlara istinadla şərh edilir.

Xatırladaq ki, akademik Ramiz Mehdiyev ingilis şərqşünası M.Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan nəşrinə yazdığı ön sözdə apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın qavranılmasına kömək edir. 

Müəllif əvvəlki əsərlərində olduğu kimi, yeni kitabında da orta əsrlərə aid saray, yaxud rəsmi tarixşünaslığın mənbələri ilə yanaşı, Avropa qaynaqlarını dərindən öyrənməyin əhəmiyyətini vurğulayır, bu mənbələrdən ən mühümlərini mümkün olduqca Azərbaycan dilində təqdim etmək üçün mənbəşünaslarımıza, tərcüməçilərimizə və tarixçilərimizə çağırış edərək yazır: “Nadir şah Əfşarın dövründə baş verən bir sıra siyasi proseslərin obyektiv şəkildə başa düşülməsi nöqteyi-nəzərindən böyük fatehin müasiri olmuş, xüsusilə də həmin dövrdə Yaxın Şərqdə fəaliyyət göstərmiş avropalıların qələmə aldıqları əsərlər, məktublar, gizli hesabatlar və digər mənbələr əvəzsiz dəyərə malikdir. Xüsusilə də Nadirin ölümü ilə nəticələnmiş sui-qəsdin bütün pərdəarxası məqamlarının başa düşülməsi məsələsində avropalı müəlliflərin məlumatları olmadan keçinmək mümkün deyil”.

Ramiz Mehdiyevin fikrincə, Nadir şahın şəxsi təbibi, keşiş Lui Bazinin qələmə aldığı iki irihəcmli məktub Avropa qaynaqları arasında əhəmiyyətinə və tarixi dəyərinə görə mühüm yer tutur. Bu məktubların tarixi əhəmiyyətini səciyyələndirən üç əsas amil var. Birincisi, 1741-ci ildə İrana gəlmiş keşiş Bazin illər ərzində Əfşarlar imperiyasında baş verən ictimai-siyasi, iqtisadi, hərbi prosesləri yaxından müşahidə etmək imkanı qazanmışdı. Yəni, o, imperiyanın real vəziyyətinə dərindən bələd idi.

İkincisi, Lui Bazin Nadir şahın şəxsi həkimi kimi fəaliyyətə başlayanadək missionerlik edirdi. Əslində xristianlığın təbliği missionerlərin fəaliyyətinin ancaq bir hissəsi idi. Onların başlıca missiyası operativ, etibarlı və geniş xəfiyyə şəbəkəsinin qurulması, hökmdarın yaxın ətrafına aid nüfuzlu əyanlarla sıx əlaqələrin yaradılması idi. Keşiş Bazinin də həmin şəbəkənin ən bacarıqlı nümayəndələrindən biri olduğunu qeyd edən akademik diqqətə çatdırır ki, məktublarda Nadir şah və onun qüdrətli imperiyası haqqında əksini tapan məlumatlardan bir çoxu o dövr üçün məxfi hesab olunur, kəşfiyyat səciyyəsi daşıyırdı. Həmin qeydlər dövrün rəsmi tarixşünaslığı tərəfindən işıqlandırılmamış bir sıra mühüm məqamları görməyə və təhlil etməyə imkan yaradıb.

Üçüncü və ən başlıca amil Lui Bazinin 1746-cı ilin dekabrından Nadirin ölüm gününədək böyük fatehin şəxsi təbibi vəzifəsində xidmət etməsi ilə əlaqədardır. Akademikin fikrincə, Nadir şahın ömrünün son aylarını yaxından müşahidə etmək imkanı olan, ən əsası isə sui-qəsd haqqında ən müfəssəl məlumatı qələmə alan bir şəxsin yazdıqlarına etinasız yanaşmaq tariximiz qarşısında səhv olardı. Bazin bir din xadimindən, həkimindən daha çox, kəşfiyyatçı idi və bu onun məktublarının yazılma üslubundan açıq-aşkar duyulmaqdadır.

Yeni əsərdə Mirzə Mehdi xan Astrabadi, L.Lokkart, M.Aksvörti, İ.P.Petruşevski, M.H.Qüddusi, K.Sinxa, A.Ç.Banerdji, Y.B. Çernyak, Qiyasəddin Əli, F.Bernye, E.E.Litavrina, P.P.Şyoqolev və digər müəlliflərin fikirlərinə istinad edilib. Azərtac

Həmçinin oxuyun

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev …