Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Rəsul Quliyev Elçibəylə məşhur fotosundan danışdı

Rəsul Quliyev Elçibəylə məşhur fotosundan danışdı

Son günlərdə mərhum prezident Əbülfəz Elçibəy tez-tez müzakirə obyektinə çevrilir. Xüsusilə, Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun Azərbaycan milli azadlıq hərəkatının lideri barəsində xoşagəlməyən iddialarından sonra Elçibəy ətrafında gedən müzakirələr daha da çoxalıb.

Səslənən fikirlərdə bəzən Ə.Elçibəy barəsində hiddət doğuran ifadələrə də rast gəlinir. İş o yerə çatıb ki, AXC hökumətində baş nazir postunu tutan, AXP sədri Pənah Hüseyn öz Facebook profilində qəzəbli bir status paylaşıb. 

Son olaraq, eks-prezident Praqada yaşayan jurnalist Rövşən Əliyevin Facebookda paylaşdığı bir foto ilə gündəmə gəlib. Həmin fotoda Azərbaycan Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, Rusiyadakı sabiq səfirimiz Ramiz Rzayev, Amerikada mühacir həyatı yaşayan, parlamentin keçmiş spikeri Rəsul Quliyev və Ə.Elçibəy yer alır. 

Foto paylaşılan kimi rəylərdə ən müxtəlif müzakirələr açılıb. Bu da təsadüfi deyil. Çünki E.Salayev istisna, digər iki şəxsi Elçibəy iqtidarına müxalif simalar kimi saymaq olar. Ən çox müzakirələr isə R.Quliyev ətrafında gedir. Bu da səbəbsiz deyil. Çünki o, Elçibəydən sonrakı hökumətdə ikinci postu tutub. Fotoda nələrin müzakirə edildiyi, tarixi fotonun harada çəkildiyi və yemək süfrəsi arxasında araq butulkasının olması da müzakirələr sırasındadır. 

Eyni zamanda, məlum fotodakı 4 şəxsin naxçıvanlı olması qabardılır. Rəylərdə AXC rəhbərliyində təmsil olunan Hikmət Hacızadəyə bu görüş barədə xəbərlərinin olub-olmadığı yönündə suallar ünvanlanır. O, bu görüşdən xəbərdar olduqlarını təsdiqləyir.

R.Quliyevlə “Yeni Müsavat”da fotonun tarixçəsini üzə çıxardıq. Sabiq spiker gedən müzakirələri əsassız saydı: “O şəklin tarixçəsi 1990-91-ci illərə təsadüf edə bilər. Sadəcə dəqiq ili unutmuşam. Nardaranda çox kiçik bir bağım var idi. Foto da orada çəkilib. O dövrdə biz tez-tez görüşürdük. Çünki SSRİ dağılma ərəfəsində idi. Həmin vaxt Azərbaycanda xalq hərəkatı çox zəifləmişdi. 

1990-ci ilin 20 Yanvar faciəsindən sonra hərəkat çox sönmüşdü. Mitinqlər filan demək olar keçirilmirdi. Bu və ya digər səbəblərdən Əbülfəz Elçibəylə görüşlərimiz tez olurdu, müzakirələr aparırdıq. Nələr baş verdi, baş verəcək yaxud baş verməlidir, nələri etmək lazımdır  istiqamətində fikir mübadilələri edirdik. O fotoda sadəcə dördümüz düşmüşük. Bu təsadüfən olub. Belə kampaniyalarda Azad Mirzəcanzadə və başqa tanınmış insanlar da iştirak edirdilər. Sadəcə olaraq necə olubsa o foto çəkilib. 

Gördüyünüz kimi, foto çəkilən stol elə də böyük deyil. Naxçıvanlı olmaq, yaxud yerlibazlıq kimi düşüncələri önə çəkmək gülüncdür. Əbülfəz Elçibəylə bizim dostluq əlaqələrimiz var idi. Bunu danmaq mümkün deyil. Hər zaman demişəm, yenə də deyirəm ki, Əbülfəz bəylə çox yaxın olmuşam”.

R.Quliyev bu qədər yaxın olduğu bir şəxsin komandasında təmsil olunmaması barədə gedən müzakirələrə də aydınlıq gətirdi: “Azərbaycanda insanların düşüncələri bir az fərqlidir. Bunu uzun illərdir müşahidə edirəm. Çəkilən foto və digər görüşlərdə söhbət kiminsə hansısa vəzifəni tutmasından getməyib. Əbülfəz bəyin özü də heç vaxt deməyib ki, prezident olmaq istəyirəm. Azərbaycanın gələcəyi necə olmalıdır, bunun üçün nə etməliyik yönündə daha çox müzakirələr gedirdi. Orada hansı vəzifəni tutmaqdan söhbət gedə bilərdi ki? O vaxt böyük bir zavodun direktoru idim. 

Ramiz Rzayev də böyük bir institutun direktoru vəzifəsini tuturdu. Eldar Salayev isə Elmlər Akademiyasının prezidenti idi. Bütün bunlar bir fakt ola-ola hansı bir vəzifə tutmaq məqsədlərimiz ola bilərdi ki? Əbülfəz Elçibəyin kimisə bir vəzifəyə gətirməyə gücü çatmırdı. Çünki ona mane olurdular. Onun hakimiyyətinin sonunda vəzifədə təmsil olundum. O da Pənah Hüseynin xahişi ilə baş tutmuşdu. Mən gələndən 10-15 gün sonra Elçibəy hakimiyyəti devrildi”.

Sabiq spiker stoldakı araq şüşəsinə də münasibət bildirdi: “Buna münasibət bildirmək niyyətim yoxdur. Çünki sovet dövründə mümkün deyildi ki, stolda yemək olsun, amma araq stolda olmasın. Hətta biz bunu o dövrdə çəkilən filmlərdə də görürük. Burada nə var ki? Nəyi müzakirə edirlər? Çox gülməli mövqelər sərgiləyirlər. Çünki bir stol ətrafında oturanda əvvəlcədən demirsən ki, nələri müzakirə edəcəksən. Amma o vaxt müzakirələr ən çox bir istiqamətdə olduğu üçün nələrin müzakirə ediləcəyini təxmin etmək olardı. Araq butulkasının bura nə dəxli var ki?”.

Rəsul Quliyev Elçibəylə məşhur fotosundan danışdı

Həmçinin oxuyun

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc …