Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Siyasət / Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir – “Korrupsioner deyiləm” deyir

Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir – “Korrupsioner deyiləm” deyir

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında bəzi iddialara səbəb olub. Belə ki, sabiq spikerin izləyiciləri onun Azərbaycana qayıtmaq istəyində olduğunu, münasib üsul və yol axtardığını düşünürlər.

Yaşı 70-i haqlamış siyasətçinin siyasi iddialarından əl çəkdiyi halda, sabiq prezident  Ayaz Mütəllibov kimi ölkəyə qayıtması mümkün hesab edilir.

Onun korrupsiya ilə bağlı son açıqlamaları da diqqət çəkir.  R.Quliyev Sovet İttifaqının dağılmasının son illərində, yəni 1987-1991-ci illərdə Azərbaycanda ən çox maaş alan şəxs olduğunu yazır: “Ölkədə orta əmək haqqı 200, işlədiyim zavodda 600 rubl olanda, təxminən 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çox saylı ixtiralara görə. Azərbaycan müstəqillik əldə edəndən sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı. Bu tip məmurlara o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım”.

R.Quliyevin qayıtması nə qədər realdır? Siyasi iddialarından əl çəkibmi? Korrupsioner olmadığını deməsi nəyə hesablanıb? O, vaxtilə ADP-yə sədrlik edib. İndi ADP-nin sədri olan Sərdar Cəlaloğlu nə deyir bu qayıdışa və R.Quliyevin korrupsioner olmaması mesajına?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, daha ağır cinayətlərdə ittiham olunan keçmiş prezident Ayaz Mütəllibovun Azərbaycana qayıtmasına, hətta eks-prezident statusu verilərək imtiyazlarla təmin olunmasına şərait yaradılıbsa, Rəsul Quliyevin də ömrünün bundan sonrakı hissəsini vətəndə yaşamasına imkan tanına bilər. Ayaz Mütəllibovla müqayisə eləyəndə Rəsul Quliyevə qarşı daha yüngül ittihamlar irəli sürülmüşdü: “Mütəllibovun qayıdışına şərait yaradıldısa, niyə də Rəsul Quliyevin ölkəyə gəlişinə imkan yaradılmasın? İkincisi, Rəsul Quliyev hakimiyyət iddialarını kənara qoyacağı təqdirdə Azərbaycana buraxılacaq. Onu Azərbaycana ona görə buraxmırdılar ki, iqtidarın həm real alternativi idi, müəyyən mənada da xalqın bir hissəsi ona dəstək verirdi. İndi zaman keçib, həmin o dəstək də yoxdur, real alternativ imkanlarını da itirib.

Həmçinin mən bilən Rəsul Quliyev əvvəlki kimi hakimiyyət iddiasında da deyil. Hətta ötən il Qarabağ müharibəsində açıq-aşkar Prezident İlham Əliyevi dəstəklədi. Həm də Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsini çox düzgün siyasi gediş adlandırdı. Yəni son bir neçə ildə verdiyi bəyanatlar Rəsul Quliyevin hakimiyyətə münasibətinin necə dəyişdiyini göstərir. O, əgər həqiqətən də Vətəndə yaşamaq istəyirsə, hər halda, gəlib yaşayacaq. Üçüncüsü, Rəsul Quliyevə qarşı açılmış cinayət işinin əslində qüvvədə olma müddəti də keçib. Qanuna görə, istintaqın müddəti var, həmin müddət keçdikdən sonra həmin cinayət işi ilə bağlı istintaq aparılmır. Bu baxımdan Rəsul Quliyevin Azərbaycana qayıtmasında  problem qalmayıb. Məncə, artıq Rəsul Quliyevin ölkəyə gəlməsi İlham Əliyevin qərarından asılıdır. Prezident etiraz etməyəcəyi halda, onun Vətənə qayıtmasına hüquqi maneə yoxdur”.

R.Quliyevin korrupsioner olub-olmaması məsələsinə gəldikdə, ADP sədri dedi ki, sovet hökuməti başqa cür rejim idi, müstəqil Azərbaycanda isə fərqli sistemdir: “Sovet hökumətində iqtisadi cinayətkarlığın xarakteri başqa idi, indiki dövrdə isə fərqlidir. Azərbaycanın müstəqilliyinin ilk illərində böyük neft gəlirləri olmadığı dövrdə korrupsiya üçün elə də böyük imkanlar yox idi. Neft gəlirləri artdıqca ölkədə korrupsiya artdı, korrupsionerlərin sayı çoxaldı. O baxımdan da Rəsul Quliyevin vəzifədə olduğu dövrdə dövlət vəsaitlərindən şəxsi məqsədlə qeyri-qanuni bəhrələnməklə indiki dövrlərdəki bəhrələnmək arasında çox böyük fərq var. Rəsul Quliyev hətta müəyyən həddə korrupsiyaya yol veribsə belə, dediyim kimi artıq qanuna görə, açılmış cinayət işi təqibinin vaxtı bitib”.

S.Cəlaloğlu Rəsul Quliyevlə heç bir əlaqəsinin qalmadığını da  bildirdi: “Rəsul Quliyevlə yollarımız onun ADP-dəki bir sıra təxribatçı adamların sözlərinə uymasından sonra ayrıldı. Hələ ADP-yə sədrliyinin son 6 ayında o, mənimlə əlaqələri kəsmişdi, mənə qarşı yanlış fikirlərə düşmüşdü. Onu mənə qarşı yanlış fikirlərə inandırmışdılar. Aydın Quliyev və digər bir neçə şəxs ona demişdilər ki, guya Sərdar Cəlaloğlu sədr olmaq, hətta partiyanın prezidentliyə namizədi olmaq istəyir. Rəsul Quliyev də bu cür dezinformasiyalara inanırdı. Onun belə bir zəif xüsusiyyəti var ki, kim birinci ona söz desə, həmin sözə inanır. Qətiyyən ona deyilən fikri, məlumatı araşdırmaq, əks tərəfin fikrini dinləmək keyfiyyəti yox idi. Mənim başım qarışmışdı partiyanın işlərinə, onun hakimiyyətə gəlməsinə çalışmağa, əleyhdarlarım da gecə-gündüz ona haqqımda yalan məlumatlar verirdilər, o da özünə əziyyət verib yoxlamırdı, araşdırmırdı. Həmin təxribatçıların sözlərinə uyub mənimlə münasibətləri dayandırdı, sonra da partiya bölündü və Rəsul Quliyev kiçik bir bölüklə birlikdə partiyadan getdi. Onu aldadıb məndən uzaqlaşdıran adamların heç biri sonradan onun yanında olmadılar, yaratdığı partiyaya daxil olmadılar. Həmin adamların bir çoxu hakimiyyətdəki müəyyən adamların qurduğu proyektdə iştirak edirdilər. Həmin proyektin məqsədi ADP-ni zəiflətmək, Rəsul Quliyevi güclü partiyası olmayan, zəifləmiş adi bir siyasətçiyə çevirmək idi. Buna da nail oldular. Bu oyuna qoşulan şəxslərin bəzilərinə sonradan yüksək şərait yaradıldı. 2007-ci ildə Rəsul Quliyevin məlum xarakterindən özünə qarşı istifadə etdilər və Rəsul Quliyev öz əli ilə perspektivli siyasi lider şanslarını məhv etmiş oldu. İndi qətiyyən Rəsul Quliyevin harada nə dediyini, nə yazdığını izləmirəm. Onun barəsində, ümumiyyətlə, maraqlanmıram. Biz Rəsul Quliyevə görə 10 il dəhşətli məhrumiyyətlərə düçar olduq. Rəsul Quliyevin isə bəzi qohumları məhz həmin dövrlərdə bizim apardığımız mübarizədən istifadə edib, külli miqdarda xeyir götürmüşlər. Onun özü də bundan iqtisadi cəhətdən bəhrələnib”. /Musavat.com

Həmçinin oxuyun

“Görəsən, xəcalət çəkirlər, ya yox?”

“Paşinyan ən azı 50 faizlə qələbə çalacaq. Artıq bu şübhə doğumur. Köcəryana 32, Paşinyana 24 …