Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rəhim Qazıyev Fazil Mustafaya: Onun fikirləri çox yanlışdır…

Rəhim Qazıyev Fazil Mustafaya: Onun fikirləri çox yanlışdır…

Dekabrın 15-də  Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə nəticələnmiş faciə ətrafında ictimai müzakirələr davam edir. Neçə ailəyə sağalmaz zərbələr vurmuş, neçə ata-ananı oğulsuz, neçə övladı atasız qoymuş bu qəzanı kimisi sırf təbii fəlakətin, kimisi isə əlaqədar qurumların səhlənkarlığı, məsuliyyətsizliyi və korrupsiya hallarının nəticəsi hesab edir. 
Parlament üzvü Fazil Mustafa “Bakıpost”a açıqlamasında  sözügedən qəza zamanı insan itkisinin sırf dağıdıcı külək  səbəbindən baş verdiyini söyləyib:
”Çox sərt küləyin nəticəsində estakada sıradan çıxıb. Neçə illərin estakadasıdır. O estakadaları da dəyişmək, yeniləmək özü böyük bir məsrəf tələb edən məsələdir. Çox güman ki, bundan sonrakı mərhələdə modernləşməyə başlanılacaq. Ümid edək ki, indi itkin düşənlərin tapılması tezləşəcək. Bu istiqamətdə müvafiq dövlət qurumları eyni zamanda SOCAR tədbirlər görəcək…”
Moderator.az-a telefon açan  ixtisasca fizik olan sabiq müdafiə naziri Rəhim Qazıyev deputatın belə açıqlama verməsindən təəssüfləndiyini bildirdi:
”Fazil Mustafanın fikirləri çox yanlışdır. O, birbaşa, ya dolayısyla  bu faciəyə görə məsuliyyət daşıyan əlaqədar dövlət qurumlarına haqq qazandırır. İnşaat-qurğu işlərindən məlumatı olan bir şəxs kimi onu dəqiq bilirəm ki, hər bir qurğunun müəyyən istismar müddəti var. Və istənilən qurğunu istismara verən qurum onun ömrünün nə qədər  olacağını bilməli və buna uyğun qabaqlayıcı tədbirlər görməlidir. Yəni istismar müddəti başa çatan qurğu mütləq yenisiylə əvəzlənməli, ən azı, yüksək səviyyədə təmir edilməli, möhkəmləndirilməlidir. Bütün bu işlər dəqiq hesablamalara əsasən aparılmalıdır. Əlbəttə, vaxtında dəyişdirilməyən, təmir edilməyən qurğu təbii fəlakət zamanı asanlıqla sıradan çıxa və insan itkisinə səbəb ola bilər. Ötən ilin dekabrında da, indi də Xəzərdə baş vermiş  faciələr istismarı başa çatmış qurğuların vaxtında təmir edilməməsi ucbatından baş verib.  Nəyə görə həmin estakadalar  deputatın dediyi kimi, faciədən sonra modernləşdirilməlidir? Bu işlər vaxtında görülməli idi. Digər tərəfdən, dənizdə işləyənlər gözlənilən hava şəraiti ilə bağlı vaxtında xəbərdar edilməli və buna uyğun müvafiq tədbirlər görülməlidir.  Ölkənin neft-qazından milyardlar qazananlar dənizin ortasında minbir əziyyət çəkən zəhmət adamları üçün hər cür şərait  yaratmaq, qurğuları vaxtlı-vaxtında dəyişmək üçün pul tapmağa borcludurlar. Onlar bu faciəyə, neçə-neçə ailəyə dəymiş sağalmaz yaralara yaralanan, həlak olan, itkin düşən neftçilərin taleyinə görə  məsuliyyət daşıyır…”
Xatırladaq ki, ötən il dekabrın 4-də “Günəşli” platformasında 30 nəfər insanın həlak olmasıyla nəticələnmiş qəzadan sonra da deputat Fazil Mustafa oxşar məzmunda çıxış edərək “SOCAR”ı müdafiə etmişdi.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın