Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Quru sərhədlər ilə bağlı deputatdan vacib açıqlama: “Xüsusi rejim altında açmaq olar”

Quru sərhədlər ilə bağlı deputatdan vacib açıqlama: “Xüsusi rejim altında açmaq olar”

“Biz dünyada gedən prosesləri görürük. Rusiya-Ukrayna müharibəsi, Qəzzadakı döyüşlər, digər gərginliklər və s. hazırda mövcuddur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, “Müsavat TV”nin efirindəki debat zamanı hakim partiya deputatı olan Elman Nəsirovun sərhədlərin bağlı qalması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, millət vəkili açıqlamasında sərhədlərin bağlı qalmasını Azərbaycan dövlətinin təhlükəsizlik məsələləri ilə əlaqələndirmişdi.

V. Əhmədov isə diqqətə çatdırıb ki, biz hələ Ermənistanla sülh müqaviləsi imzalamamış, sərhədlərimizi müəyyən etməmişik:

“Bütün bunların hamısı, əlbəttə ki, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün sərhədlərimizin bağlı qalmasını önə çıxarır. Bunu cənab Prezident də qeyd etmişdi. Sərhədlərin bağlı qalması dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi bir məsələdir. 

Mənə də bununla bağlı müraciətlər olur. Çünki hamının təyyarə vasitəsilə gəlib-getmə imkanı yoxdur. Ona görə də bütün bu məsələlərə baxmayaraq, heç olmasa, sərhədin bir hissəsini xüsusi rejim altında açmaq olar. Mən təklif edərdim ki, Gürcüstan-Azərbaycan sərhədində müəyyən yumşalmalar həyata keçirilsin. Çünki Gürcüstan Azərbaycanın strateji müttəfiqidir, rəsmi Tbilisi ilə kifayət qədər sıx əlaqələrimiz var. Məhz bunun üçün də Gürcüstanla olan sərhəddə xüsusi rejim tətbiq etməklə insanların gediş-gəliş ilə bağlı müəyyən şərait yarada bilər”.

Millət vəkili söyləyib ki, sərhədlərin bağlı olması, həmçinin iqtisadiyyata da öz mənfi təsiri göstərir:

“İnsanlar var ki, sərhədyanı bölgələrdə yaşayır və o vaxtı mal mübadiləsi həyata keçirirdilər. Bu da həmin dönəmlərdə insanların həyat şəraitinə öz təsirini göstərirdi. Amma ümumi götürsək, əsas məsələ dövlətin təhlükəsizliyinin təmin edilməsidir. Amma müəyyən qədər yumşalmanın getməsi ilə bağlı variantlara baxmaq olar. Fikrimcə, Gürcüstan sərhədində xüsusi rejim tətbiq etməklə müəyyən qədər insanları buraxmaq mümkündür. Bu gün qonşularımızda da ciddi problemlər yaşanır. Ona görə də bu işdə tədbirlər həyata keçirilməlidir”.

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …