Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də aktualdır…

Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də aktualdır…

Bu gün Yasamal rayon məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə AzTV-nin rəhbəri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb. Prosesdə Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə iştirak edib. Lakin xüsusi ittiham qaydasında məhkəməyə şikayət verən A. Alışanov məhkəmədə şəxsən iştirak etmədiyinə görə, qarşı tərəf vəsatət qaldırıb və məhkəmə vəsatəti təmin edib. Məhkəmə 1 həftə sonraya təyin edilib və qərar verilib ki, xüsusi ittiham qaydasına şikayət verən şəxs Arif Alışanovun iştirakı məhkəmədə təmin edilsin.
Məhkəmədən sonra fikirlərini  bölüşən Qulu Məhərrəmli bildirib ki, ona qarşı irəli sürülən iddianın qəbul edilməsi ədalətsizdir: “Hakim Azər Tağıyevin məhkəməni aparmaq tərzi, yaratdığı ab-hava xoşa gələn idi. Lakin ümumiyyətlə mənə qarşı irəli sürülən və heç bir əsası olmayan iddianın rədd olunmaması məni narahat etdi. Məhkəmə bu işə ümumiyyətlə baxmamalı idi, iddianı rədd etməli idi. Çünki bu işdə heç bir cinayət tərkibi yoxdur. Mənim də, vəkillərimizin də, ölkənin aparıcı hüquqşünaslarının da qənaəti budur ki, AzTV sədrinin hər iki məhkəmə iddiası əsassızdır. Şəxsi düşüncəm budur ki, A.Alışanov qanuna, ədalətə deyil, vəzifəsinin verdiyi imkanlara güvənir”.
Məsələyə münasibət bildirən media hüququ eksperti Ələsgər Məmmədli də diffamasiya məsələsinin artıq ifadə azadlığı qarşısında əngələ çevrildiyini vurğuladı: “Azərbaycanda yeni bir tendensiya və təhlükə yaranır. 2010-cu ildən sonra prezident dəfələrlə demişdi ki, diffamasiya haqqında qanun qəbul olunana qədər bu tipli iddialara  məhkəmələrdə baxılmayacaq, məhkəmələr diffamasiyaya görə jurnalistləri məhkum etməyəcək. Amma bir hörmətli professorun ictimai əhəmiyyət daşıyan bir məsələyə münasibətini bilavasitə diffamasiya kimi görüb,  məhkəməyə müraciət ediblər. Məhkəmədə də ərizənin qəbul olunub, müzakirəyə çıxarılması öz-özlüyündə diffamasiya məsələsinin ciddi şəkildə, həm jurnalist azadlığına, həm də ifadə azadlığına təhdid yaratdığını göstərir. Bu aspektdən mən düşünürəm ki, proses belə davam edərsə, hörmətli professor Qulu Məhərrəmlinin həbs təhlükəsi də aktuallığını qoruyub saxlayacaq. Bu barədə konkret rəsmi mövqe bildirilməsə, diffamasiya məsələsinin cinayət məcəlləsindən çıxarılmasını məsələsi həll edilməsə bu həm də ölkənin imici üçün böyük təhlükə olacaq”.
Hüquqşünasın sözlərinə görə, əgər bu məsələdə beynəlxalq məhkəməyə müraciət olunsa, birmənalı şəkildə Azərbaycanın əleyhinə qərar verilə bilər: “2007-ci və 2010-cu ildə diffamasiya  ilə bağlı Azərbaycana qarşı iki məhkəmə keçirilib və hər iki məhkəmənin qətnaməsində göstərilib ki, diffamasiyanın cinayət əməli kimi sayılması özlüyündə ifadə azadlığının pozuntusudur. Yəni, Cinayət Məcəlləsində 147-148-ci maddələrin mövcudluğu belə kifayət edir ki, gələcəkdə Azərbaycan beynəlxalq məhkəmədə məhkum olunsun.
Çox təəssüf ki, 2011-ci ildə Milli Fəaliyyət Proqramına diffamasiya haqqında qanun salınsa da, 2012-ci ilin sonuna qədər bu qanun müzakirədən çıxarıldı və unuduldu.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə qeyd edib ki,
bu cinayət işi məsələsi deyil: “Bu ilk növbədə araşdırma predmeti olmalıdır, ekspertiza keçirilməlidir. Məhkəmə ekspertizanın rəyi əsasında qərar çıxarmalıdır. Ekspertiza rəyini isə müstəqil ekspertlər verməlidir. AzTV televiziya haqqında qanunu kobud şəkildə pozan bir kanaldır. Arif Alışanovun haqqı yoxdur ki, Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiası qaldırsın”.
Sonda qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu körpələr evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. A.Alışanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.(“Yeni Müsavat”)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın