Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Siyasət / “Qüdrət, İnam Kərimovdan, Səfər Mehdiyevdən niyə soruşmursan ki…”

“Qüdrət, İnam Kərimovdan, Səfər Mehdiyevdən niyə soruşmursan ki…”

Necə deyərlər, mən qocaldım getdim, amma bu deputatlarımızdan bir ürəkdən tikan çıxaran təklif eşitmədim. Nə dedilərsə xalqın əleyhinə dedilər. Nə təklif etdilərsə, məmurların mənafeyi üçün etdilər. O deyy, bir neçə gün öncə Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib ki, itismar müddəti başa çatan avtomobillər üçün ciddi cərimələr müəyyən edilməlidir.

Həsənquliyev fikirlərini belə əsaslandırıb ki, həmin avtomobillər havanı əhəmiyyətli dərəcədə çirkləndirir. Görünür, Qüdrət bəy ölkə əhalisinin yarıdan çoxunun istismar müddətini başa vuran avtomobilləri idarə etdiyini ya unudub, yaxud da bundan xəbərsizdir. Yəqin ki, xəbərsizdir. Çünki hər zaman “üzdə” olub. Özü də, qohum-əqrəbası da hər zaman “lüks” avtomobillərdə gəzib. Ona görə də elə bilir ki, hamının təzə avtomobil almağa imkanı var.

Sadəcə, bəzi adamlar nəyə görəsə “ölür” sınıq-salxaq avtomobil üçün. Daha demir ki, avtomobil sahiblərinin çoxu şapalaqla üz qızardır. Son qəpik quruşunu köhnə avtomobilə verir. Ona görə yox ki, deputatlar kimi komfortla yaşamaq istəyir. Əsla, sadəcə o, avtomobil kasıb əhali üçün “çörək ağacıdır”. Briqadir atı kimi o maşınları ot dalınca da sürürlər, ət dalınca da. Əgər bu gün Qüdrət bəyin təklifi qəbul edilsə, onda ölkədə çox böyük sosial partlayış ola bilər. On minlərlə ailə son tikəsindən məhrum edilmiş olar. Düzdü, Qüdrət bəy çox yaxşı bilir ki, bizim xalq dözümlü xalqdır. Bu norağa da dözər. Amma Allah bunu götürməz…

Əgər Qüdrət Həsənquliyev ekoloji problemi insan faktorundan üstün bilirsə, bu, başqa məsələdir. Zatən, biz ölürük “pakazuxalıq” üçün. Deputatlarımız isə “voobşe” sinov gedir əndrəbadi təkliflər üçün. Nəyə görəsə bütün deputatlar xalqa qənim kəsiliblər. Hər zaman məmurların tərəfini və maraqlarını müdafiə ediblər. Yəqin burda bizim bilmədiyimiz nəsə var. Bəlkədə düşünürlər ki, onları kasıb-küsub seçici yox, qırmızı yanaq məmurlar seçirlər. Əgər belə fikirləşirlərsə, onda əcəb edirlər. Lap düz edirlər bu kasıb-kusuba. Nə olsun ki, həmin kasıb-kusubun ödədiyi qəpik-quruş vergi hesabına hər deputat ən azından hər ay 3000 manat “qatdalayıb” qoyur cibinə.

Burda bir aforizm yadıma düşür: Yetimə deyirlər kimi minərsən? Cavab verir ki, “Mənə çörək verəni”. Bax, bizim deputatlar da ona səs verib, deputat seçən xalqa da bu cür münasibət bəsləyir.

O ki, qaldı, ekologiya məsələsinə. Bununla bağlı Qüdrət bəydən bir neçə şey soruşmaq istərdim.

Birincisi, vaxtilə sizin elliniz Hacıbala Abutalıbov Bakıda tramvay xəttlərini sökdürüb “novostroyka” tikdirəndə niyə etiraz etmədiniz? Hələ trolleybus parklarınının yerlərinin şadlıq evlərinə satılmasını demirəm. Axı, tramvay və trolleybus ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsidir. Hazırda dünyanın ən qabaqcıl ölkələrində və mərkəzi şəhərlərdə tramvay və trolleybuslar belədən-belə şütüyüb gedir. Amma Hacıbala müəllim bunlara köhnəliyin əlaməti kimi baxdı, dağıtdı və getdi.

İkincisi, daha bir yerlinizə, Səfər Mehdiyevə niyə demirsiniz ki, bu gömrük rüsumun bir az aşağı sal camaat gedib heç olmasa ikinci əl maşın alsınlar. Nə təhər olur ki, acından günorta qalxan Gürcüstanla Azərbaycan arasında avtomobillərə tətbiq edilən gömrük rüsümları 7-8 dəfə yüksəkdir. Bu qiymətləndirmə hardan götürülüb?

Üçüncüsü, niyə Kənd Təsərrüfatı naziri İnam Kərimova demirsən ki, “ay qardaş, nə oturmusan “domsovet”də? Sənin işin gücün kənddir, torpaqdır. Get otur rayonların birində işini gör dəə… Yoxsa Baytarlıq idarəsini otuzdurub Binəqədi rayonunda, Fitosanitarları yığıb Nəsimi rayonuna. Aqrolizinqin rəhbərliyi də əyləşib Nizami rayonunda. Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyini demirəm. Ay qardaş, Bakıda meşə yoxdur eyy… Bir-iki park var idi. Ordakı ağacları qırıb yerində restoran tikdilər. Bu Nazirliyin yeri Qubadır, Şəkidir, Lerikdir. Bakıda bu Nazirliyin nə işi var. Bunun kimi o qədər nazirlik var ki, gəlib oturub Bakının göbəyində. Hərəsinin də balansında 500-600 maşın var. Bax, ekologiyanı korlayan kasıb-kusub deyil, o nazirliklərin büdcə hesabına benzin töküb belədən-belə qovulan avtomobilləridir.

Deməyim odur ki, ekologiyanı sağlamlaşdırmaq çağırışları pis deyil. Amma bunun üsulu var, qaydası var. Heç bir problem aşağıdan həll olunmur. Bütün problemlərin həlli “yuxarılarda”dır. Əgər iş görmək istəyirsinizsə, gedin sözünüzü “yuxarıda” oturanlara deyin. Yox, iş görmədən gündəm yaratmaq istəyirsinizsə, hə, onda əcəb edirsiniz. Necə deyərlər “çilə bülbülüm, çilə”…

Konkret.az

Həmçinin oxuyun

AMİP “Qarabağ Konfransı”nın çağırılması ilə bağlı təkliflə çıxış etdi

AMİP Mərkəzi Şurasının növbəti iclası keçirilib.Rayon (şəhər) Təşkilat sədrlərinin iştirakı ilə keçirilən iclasda ölkədə və …