Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Siyasət / Quba almalarının İrəvana müdaxiləsi: hələ də satışdadır, istehsalçı şirkət “bizə dəxli yoxdur” deyir…

Quba almalarının İrəvana müdaxiləsi: hələ də satışdadır, istehsalçı şirkət “bizə dəxli yoxdur” deyir…

Ermənistan bazarlarına hansısa yolla gedib çıxmış Azərbaycan almaları ilə bağlı qalmaqal davam edir. Virtualaz.org xəbər verir ki, dövlət strukturlarının bazarlarda reydlər keçirib Azərbaycan istehsalı olan almaları satışdan yığışdırmaq və məhv etmək səylərinə baxmayaraq erməniləri təşvişə salan meyvə piştaxtalarda hələ də qalır.

Bu haqda “Azadlıq” radiosunun erməni xidməti bildirir.

Xatırladaq ki, İrəvan bazarlarında Azərbaycan istehsalı olan almaların satılması barədə məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət üzrə Dövlət Xidməti reydlərə başlayıb və bir neçə satış nöqtəsində, o cümlədən İrəvanın böyük və kiçik bazarında, habelə ətraf rayonlarda, meyvə-tərəvəz topdansatış bazalarında Azərbaycan istehsalı olan almaları müəyyən edib. Dövlət Xidməti almaların satışını qadağan edib və məhsulun məhv edilməsinə göstəriş verib. Bunu belə əsaslandırıblar ki, Azərbaycan almalarının zəhərli olub-olmadığına təminat yoxdur.

Ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üzrə Müfəttişliyin rəisi Vahe Danielyan almaların Ermənistana necə gedib çıxdığını izah etməkdə çətinlik çəkib. Onun sözlərinə görə, dövlət sərhədindən belə məhsulun idxalına dair icazə olmayıb. Danielyanın sözlərinə görə, artıq 200 kiloqrama yaxın Azərbaycan almasının satışının qarşısı alınıb, yoxlamalar davam edir və yeni partiyalar aşkarlanır.

Dietoloq David Pipoyan isə İrəvanın “Malatiya” və “Qum” bazarlarına baş çəkərək Azərbaycan istehsalı olan almaların hələ də satışda olduğunu müəyyən edib. Onun sözlərinə görə, satıcıların çoxu malın Azərbaycan istehsalı olduğunu heç gizlətmirlər də. Bəziləri isə qalmaqalın başlamasından sonra malın üzərindən etiketi qoparıb satır. “Azadlıq” radiosunun əməkdaşı bazara baş çəkəndə isə satıcılar Azərbaycan almasını “fransız alması”, hətta “yerli alma” kimi qələmə veriblər.

Ermənistanı Gömrük Xidməti də Azərbaycan istehsalı olan almaların ölkəyə necə gətirilməsi barədə məlumatlı deyil. Xidmətin açıqlamasında deyilir ki, qaçaqmalçılıq faktı hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bildirilir ki, almalarla bağlı labarator analizlər aparılır və nəticələr həftə sonu məlum olacaq.

Erməni KİV-lərinin yaydıqları kadrlardan məlum olur ki, almaların üzərində “DAD Fruits” etiketləri var. Virtualaz.org xatırladır ki, bu, Azərbaycanın yeni texnologiyalarla meyvə istehsal edib topdan təchizatı ilə məşğul olan şirkətidir, Quba rayonunda fəaliyyət göstərir. Şirkətin Qubada meyvə bağları var və istehsal olunan məhsulu bir sıra ölkələrə, o cümlədən Rusiyaya, Birləşmiş Ərəb Əmirliklərinə ixrac edir.

Şirkətin nümayəndəsi Daməddin Dəmirov virtualaz.org-a açıqlamasında deyib ki, onların məhsullarının Ermənistana gedib çıxmasından xəbərdardırlar, lakin bunun necə baş verdiyinə dair hansısa məlumata malik deyillər.

“Özlərinin dediyinə görə, ola bilsin Rusiyadan aparılıb. Çünki bizim məhsullar Rusiyaya ixrac edilir, istisna deyil ki, oradan hansısa erməni sahibkar almaların keyfiyyətini və dadını görüb onu Ermənistana göndərib. Digər ehtimala görə məhsul Gürcüstan üzərindən Ermənistana keçib. Çünki “DAD Fruits” şirkətinin məhsulları Gürcüstana da ixrac edilir. Hər halda bunun bizə heç bir dəxli yoxdur, özləri axtarsınlar ki, necə keçib. Bizim Ermənistanla hansısa ticarət əlaqələrimiz təbii ki, mövcud deyil, bu, istisnadır”-Dəmirov deyib.

Şirkət nümayəndəsi deyib ki, almaların Ermənistana keçirilməsi ermənilərin öz işləridir: “Ya onların gömrük xidməti yaxşı işləmir, ya hansısa saxta sənədlərlə malı keçiriblər”.

D.Dəmirov əlavə edib ki, Ermənistana nə qədər “DAD” almalarının keçirildiyi barədə təxminlərə malik deyil. Şirkət nümayəndəsi əlavə edib ki, ola bilsin onlar gün ərzində İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə almaların Ermənistana gedib çıxması barədə rəsmi açıqlama ilə çıxış edəcəklər. D.Dəmirovun sözlərinə görə, “DAD” almaları dadına, keyfiyyətinə görə məşhurdur və ermənilərin almaların guya zəhərli ola biləcəyinə dair qaldırdıqları hay-küy “boş şeydir”.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın