Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Qız soruşdu ki, dayı sən də tələbəsən? – Qələm əhlinin ilk dərs günü xatirələri

“Qız soruşdu ki, dayı sən də tələbəsən? – Qələm əhlinin ilk dərs günü xatirələri

15 sentyabr “Bilik günü”nün əhval-ruhiyyəsi bu gün az qala hər bir ailədə hiss olunur. Sinif otaqlarına ilk addımlarını atan məktəblilər, universitet auditoriyalarına ilk salamını verən birinci kurs tələbələri üçün bu gün bütün həyatları boyu unuda bilməyəcəkləri tarixə çevrilməkdədir.
Görəsən, qələm əhli universitetdəki ilk dərs günlərini necə xatırlayır? Onlar birinci kursun tələbəsi kimi ilk dərs günündə nə kimi maraqlı hadisənin şahidi və iştirakçısı olub?
Moderator.az-ın bu suallarla müraciət etdiyi yazarlar, ədəbiyyat və jurnalistika caməesinin üzvləri maraqlı cavablarla yadda qalıblar:
 
Cəlil Cavanşir (şair):
“Hərbi xidməti bitirəndən bir il sonra universiteti qazandım. İlk dərs günü hamıdan sonra, ağır addımlarla, müdrik-müdrik, ədayla, şəstlə auditoriyaya girdim. Tanıyanlar bilir ki, utancaq adamam. Nə qədər dik gəzsəm də utancağam. Keçib arxada dayandım. Gənclər, xüsusən də qızlar maraqla məni süzürdü. Özümü itirmişdim. Qızlardan biri cəsarətli çıxdı, yaxınlaşıb soruşdu: -Dayı, sən də tələbəsən?
İlk dərs günü, tələbəliyin ilk günü belə yadımda qalıb. Eyni zamanda elə o gün anladım ki, Universitetə yox, bazara daxil olmuşam. Və ilk dərs günündən qərar verdim ki, nə olur olsun özümü yetişdirməliyəm”.
Rasim Qaraca, (şair):
“1978-ci ildə Azərbaycan Dövlət Universitetdə birinci kursa başlamışam. O günün ən maraqlı hadisəsi Bəxtiyar Vahabzadəni yaxından görməyim idi. Bir kitabını əzbər bildiyim bu şairə pərəstiş edirdim o zaman…”
 
Natiq Məmmədli (yazıçı, jurnalist):
Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 1994-cü ildə qəbul olunmuşam. O zaman Qarabağda atəşkəs təzə imzalanmışdı. Bir tərəfdən müharibənin təsirləri hər yerdə özünü göstərirdi, o biri tərəfdən test üsulu ilə qəbulun 3-cü ili olduğundan hələ bəzi presudara qaydalarında çatışmazlıqlar var idi. Qəbul yubandığından bizim dərslərimiz də sentyabrın 1-də yox, xeyli gec başladı. O vaxt universitetin rektoru rəhmətlik Murtuz Ələsgərov, dekaımız isə Yaqub Mahmudov idi. Universitetin qabağına toplaşdıq, dərsdən əvvəl Şəhidlər Xiyabanını ziyarət etdik. Sonra da başladıq oxumağa…
 
Ayaz Nizamioğlu (jurnalist)
“İlk dərs günüm Universiteti özüm üçün “kəşf” eləməklə keçdi. Bir gün ərzində demək olar ki, bütün binanı gəzdim, otaqlara baxdım. Qiyabi olaraq həm bina, həm də onun korpusları ilə tanış oldum. İlk dostumla da elə universitetə ayaq basdığım ilk günü tanış oldum. Bərdədən gələn, Ağdam rayonundan məcburi köçkün düşmüş tələbə yoldaşımla indinin özünədək dostluq edirik. Universitetdəki ilk gün həm uzun bir dərslə yadda qaldı. Mən ilk dəfə idi 80 dəqiqə bir dərsdə otururdum. Az qala yatmışdım dərsin ortasında. (gülür)
 
Nadir Qocabəyli (yazıçı-tərcüməçi):
“Mənim üçün gözlənilməz olan 75 nəfərin bir auditoriyaya yığılması oldu. Daha sonra o 75 nəfərin təxminən 60 nəfərinin qızlar, o qızların da 50 nəfərinin universitetə sadəcə gəzməyə gəlmələri oldu…:) Müəllimin vaxtının çoxu onlara “bəsdi-kəsdi” deməklə keçirdi. Bir sözlə, Azərbaycanın 1-ci ali məktəbi Azərbaycan Dövlət Univerisiteti ilə bağlı qurduğum xəyallar bir neçə günün içində puç olub getdi…”
Kənan Hacı (yazıçı)
“Tanışlıq və yeni mühitə alışmaq bir az çətin, həm də çox maraqlı, cəzbedici idi. Həmişə televizorda gördüyümüz insanları indi auditoriyada görürdük. Bizim üçün yeni bir dünya açılmışdı. Tələbəlik vaxtının çox maraqlı məqamlarından birini xatırladım. Bir dəfə qəzetdə Nizami Gəncəvi haqda kiçik bir yazım çıxmışdı, o yazıda da Məhəmməd Əmin Rəsulzadənin adı keçirdi. Qəzet çıxan gün Şirməmməd Hüseynov qolumdan tutub dedi ki, sənin yazını oxudum. Axır ki, bu kişinin adını düzgün yazan bir jurnalistə rast gəldim. Hamı Məmməd Əmin yazır, düz yazmırlar. Çox sağ ol! Şirməmməd müəllimin sözü aradan 20 ildən çox vaxt keçməsinə baxmayaraq heç yadımdan çıxmır”.
 
Vüsal Nuru (yazıçı)
“Mənim üçün Univeristetdə ilk dərs gününün həyəcanı tələ adını qazandığım gün başladı. Dərslərin başlayacağı günə qədər bu həyəcan bu və digər şəkildə məni alıb aparırdı. Aradakı günlərin
üstündən hoppanıb, universitetə gedəcəyim, yəni arzuma çatdığım günün tən ortasına düşmək istəyirdim. Və o gün gələndə hər şey gözlədiyimdəm fərqli oldu. Başqa duyğular, başqa hisslər, fərqli təsüratların əhatəsindəydim. Rektor çıxış edirdi. Nəsə danışırdı, amma mən eşitmirdim. Mənim kimu çoxu eşitmirdi, çünki hamı bir-birinə özünü müxtəlif formada, fərqli üslubda göstərməklə, tanış etməklə məşğul idi. Elə mən də. Bu ilk gün həyatımızda yeni mərhələnin başlanğıcı idi. Sanki biz bir azdan ömür qatarıyla yola düşəcəkdik və platformada sərnişinlər xaotik şəkildə qaynaşır, özünə bu uzun yolda həmsöhbət, həyan seçirdi. Və qatar yola düşdü…
Birinci Kurs rəhbərim heç vaxt unutmayacağım, şəxsiyyətinə böyük hörmət bəslədiyim kinooperator Rafiq Quliyev olub. Həmişə səliqli və zövqlü geyinərdi. Otağa elə qürurla girirdi ki, həyəcanlanırdıq. Bir müddət bizimlə-tələbələriylə tanışlıq mərhələsini yaşadı. Mənə “Fantesman” deyirdi və bu çox xoşuma gəlirdi. Məni ruhlandırırdı. O mərhələdən sonar qanımızın donduğu günlər başladı. Hər birimizin böyük ümidlərlə gəldiyimiz, daxil olduğumuz universitetdə bizi hədələyən bir zəhimli müəllim peyda olmuşdu. “Yaxşı oxumasanız imtahanda kəsəcəm”, “Çəkdiyiniz şəkillər xoşuma gəlmir, kəsəcəm! Kadrı görə bilmirsiz, kəsəcəm! ” Rafiq müəllimin “Kəsəcəm”i ömrümüzü yedi. Biz onun tələbinin arxasında dayandığı böyük yaxşılığı dərk eləmirdik. Gizlin aşkar Rafiq müəllimin bizim kursun rəhbərliyindən getməsini istəyirdik, çünki kəsilmək qorxusu bizi narahat edirdi. Bütün günü küçələrdə şəkil çəkirdik, heç birini bəyənmədi. Təbii bəyənməyəcəkdi, axı biz onun səviyyəsində deyildik. O vaxtlar indiki qədər Rafiq Quliyevi başa düşmürdük. O universitetdən gedəndə yoxluğu bizə dəyərini anlatdı. Birinci sinifə gedəndə ilk müəllim necə unudulmursa, universitet illərində də ilk kurs rəhbəri o həyatımızda o qədər dəyərlidi. İndi də həyata Rafiq
Quliyevin öyrətdiyi kadırlardan baxıram, çalışıram ki, işığı görüm, kölgələr öz yerini tutacaq”.
Əvəz Qurbanlı (şair-qəzəlxan):
“İlk dərs günündə fərqli bir hadisə baş verməyib, amma elə həmin günün özü hər kəsin yaddaşında maraqlı hadisə kimi qalır. Yeni mühit, yeni auditoriya. Təhsil yolunda ali mərhələyə qədəm qoyursan. Öyrəndiklərinin sənin üçün nə qədər əhəmiyyətli olub-olmaması da adamı düşündürür. Çünki bu mərhələdən sonra bilik və bacarıqlarını həyatda birbaşa tətbiq etmək zamanı gəlir. Amma təəssüf edirəm ki, son zamanlarda obyektiv və subyektiv səbəblərdən Azərbaycan təhsili əvvəlki vaxtlara nisbətə daha da geriləyib. Sovet dövründən miras qalan korrupsiyalaşmış təhsil modeli bir az da təşəkkül tapıb, rüşvət kimi zərərli ənənə xeyli inkişaf edib, ali məktəblər “diplomlu kütbeyinlər” istehsal edən fabriklərə çevrilib. Bu və ya digər reallıqları lazımınca dərk edən tələbə, yəqin ki, ali məktəbdə keçirdiyi ilk günlərini acı xatirələrlə xatırlayacaq…”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın