Ana səhifə / Siyasət / Qeydiyyatdan yeni keçən partiyanın sədri: “Vəziyyətdən çıxış yollarını da birlikdə müzakirə etməliyik”

Qeydiyyatdan yeni keçən partiyanın sədri: “Vəziyyətdən çıxış yollarını da birlikdə müzakirə etməliyik”

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır, çoxpartiyalı parlament formalaşıb, partiyalararası geniş dialoq aparılır.

Siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürü olaraq bu yaxınlarda Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatından keçib. Bu prosesin davamı olaraq Cümhuriyyət Xalq Partiyasının və Müstəqil Xalq Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Ədliyyə nazirinin müavini Toğrul Musayevin partiyaların sədrləri ilə görüşü keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub. Daha iki siyasi partiyanın qeydiyyata alınması Prezidentin dediyi yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan növbəti addım kimi dəyərləndirilə bilərmi?

Yeni qeydiyyatdan keçən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son parlament seçkilərindən sonra yeni siyasi  qüvvələrin siyasi prosesə cəlb olunmasına start verilib: “Baş verənlərə islahatların davamı kimi baxıram. Siyasi iddiası olan hər bir qüvvənin ölkənin siyasi həyatında yaxından iştirak edə bilməsi lazımdır. Azərbaycan müstəqilliyini əldə edəndən sonra bir sıra problemlərlə üzləşdi. Bura Dağlıq Qarabağ və ətraf rayonların işğalını, ölkənin daxilində bir neçə dəfə dövlət çevrilişlərinə cəhdlərin olmasını misal çəkə bilərik. Sonra məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması bizim üçün prioritet oldu. Azərbaycanda ilk olaraq iqtisadi sistemin dirçəldilməsi əsas götürüldü. Fakt odur ki, bu müddət ərzində bizdəki siyasi dialoq lazımi səviyyədə olmayıb. Dünyada baş verən proseslərin bizə də təsiri var. Siyasi qüvvələrin proseslərə cəlb olunması həm də ölkə daxilindəki siyasi inhisarçılığı yoxa çıxaracaq. Hesab edirəm ki, partiyaların qeydiyyata alınması Przidentin elan etdiyi kursun davamı olaraq həyata keçirilir. Biz 10 il idi ki, qeydiyyata alınmırdıq. Ortada ciddi siyasi iradə var ki, bu proses baş tutdu. Biz buna sevinirik. Bu bizə  Azərbaycanın taleyüklü problemlərinin həllində qeydiyyatdan keçən partiya kimi iştirak imkanı yaradacaq. Biz milli maraqlarımızın qorunması baxımından bir olmalıyıq. Vəziyyətdən çıxış yollarını da birlikdə müzakirə etməliyik. Əminəm ki, siyasi sistemin daha da təkmilləşmsi üçün islahatlar davamlı olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …