Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qaz sayğaclarında oğurluq: 20 manat yükləyəndə, 10 manat göstərir

Qaz sayğaclarında oğurluq: 20 manat yükləyəndə, 10 manat göstərir

“Azəriqaz” rəsmisi: “Niyə oğurluq olur ki? Tarif Şurasının qərarının icrasıdır”

Tarif Şurasının təbii qazın qiymətinin artırılması ilə bağlı qərarı qeyri-əhali istifadəçi qrupu üçün artıq qüvvəyə minib. Ancaq problem odur ki, sayğaclar yenilənmək, yaxud proqram təminatında düzəliş etmək əvəzinə, əhalinin ödədiyi məbləğ doğru göstərilmir, məbləğ iki dəfə kəsilir.

Bununla bağlı artıq redaksiyamıza şikayətlər edilir. Bildirilir ki, smart kartlar üçün edilən ödəniş sayğaclara yüklənən zaman iki dəfə az göstərilir. Karta 20 manatlıq ödəniş edildiyi zaman sayğaca yükləndikdə, 10 manatlıq ödəniş göstərilir.

Qeyd edək ki, ekspertlər Tarif Şurasının qərarı verilən zaman limitlərin müəyyən edilməsi, yaxud qeyri-əhali hissəsi üçün tarif dəyişməsinin ciddi problem yaradacağını bildirirdilər. Bildirilirdi ki, sayğaclar yenilənməli, yaxud sayğaca hansısa dəyişiklik edilməli idi ki, tarif dəyişikliyini hesabıamaq mümkün olsun. Görünən odur ki, bununla bağlı hökumət əlavə xərclərə getmək istəməyib. Ekspertlər qeyri-əhali ilə bağlı yaranan bu problemin qanunsuzluq və oğurluq olduğunu vurğulayırlar.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, qeyri-əhali üçün yeni tariflərin tətbiqində problem yoxdur: “Bu, niyə oğurluq olur ki? Tarif Şurasının qərarın icrasıdır. Qeyri-əhali üçün tariflər artıq qüvvəyə minib, karta 20 manat yükləyəndə, sayğacda on manatın yükləndiyi göstərilir. Bu, proqram təminatının yenilənməsidir, yeni tariflərin hesablanmasıdır”.

O, həmçinin deyib ki, əhali istifadəçi qrupu üçün proqram təminatında ilin sonunda yenilənmə işləri aparılacaq.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu, biabırçılıqdır: “Əgər doğrudan da sayğaclar üçün yeni proqram təminatı yüklənən vəsaitin 2 dəfə aşağı göstərilməsidirsə, bu, biabırçılıqdır. Belə yanaşma olmaz, bu, vətəndaşları çaşdıracaq. Məbləğin özünün azaldılması deyil, sərfiyyatın artırılması olmalı idi. Bu, istehlakçıları həm çaşdıracaq, həm də hesabatları qarışdıracaq”.

P.S. Yazı saytda çıxandan sonra “Azəriqaz” rəsmisi zəng edərək, fikirlərinin yanlış anlaşıldığını bildirib. Onun sözlərinə görə, sayğacda göstərici manatla deyil, kubla göstərilib. Qeyri-əhali istifadəçi qrupuna daxi olan abonentlər əvvəllər 100 kub qaz üçün 10 manat ödəyirdilərsə, indi bu məbləğ iki dəfə artaraq, 20 manat olub. Bu səbəbdən ödənilən 20 manat 100 kub şəklində göstərilir.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın