Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / QAT Nardarana işıq və qazın verilməsini tələb etdi

QAT Nardarana işıq və qazın verilməsini tələb etdi

“Qarabağ Azadlıq Təşkilatı (QAT) kimlərə görə isə Nardaran sakinlərinin cəzalandırılmasını, qəsəbəyə bu günə qədər işıq və qazın verilməməsini qətiyyətlə pisləyir. Bir qrupun qanun pozuntularına, qanunsuz hərəkətlərinə görə minlərlə qəsəbə sakini, o cümlədən, uşaqlar, qadınlar, qocalar əziyyət çəkməli deyil”.

Bu fikirlər QAT-ın Nardarandakı vəziyyətlə bağlı yaydığı bəyanatdandır. Qurum hesab edir ki, bu vəziyyətdən, xüsusilə bu soyuq havalarda insanların belə vəziyyətdə saxlanılmasından dövlət başçısının məlumatı yoxdur, ona düzgün məlumat verilməyib: “Çox güman ki, vəziyyətin bu hala çatdırılması məmur özbaşınalığının, bəlkə də həddindən artıq “xidmət” göstərmək istəyinin nəticəsidir. Xüsusi olaraq qeyd etməliyik ki, Nardaran sakinləri Qarabağ müharibəsində fəal iştirak etmiş, onlarla şəhid vermişlər. Qəsəbənin ağsaqqalları daim cəbhə bölgəsində olmuş, əsgərlərə mənəvi və maddi dəstək vermişlər. Onlar bu gün də Qarabağ Azadlıq Təşkilatının sıralarında mübarizələrini davam etdirirlər. Bu insanlara qarşı diqqətli olmaq gərəkdir”.

QAT bəyan edib ki, hüquq müdafiəçiləri də məsələyə bu qədər susqun qalmamalıdır: “Hesab edirik ki, hüquq müdafiəçiləri monitorinq qrupu yaratmalı, qəsəbədə insan haqlarının vəziyyəti ilə bağlı monitorinq aparmalıdırlar. İstənilən bir şəxsin, hətta hansısa erməninin haqqının cüzi şəkildə pozulmasına dərhal reaksiya verən hüquq müdafiəçilərimizin minlərlə nardaranlının işıqsız, qazsız qalmasına, digər təzyiqlərə məruz qalmasına bu cür biganəliyi başa düşülən deyil. Biz hesab edirik ki, dövlət başçısı bu məsələyə müdaxilə etməli, minlərlə insanın ağır vəziyyətdə qalmasına razı olmamalı, vəziyyətdən çıxış yolunun tapılması üçün tapşırıqlarını verməlidir”.

QAT sonda xəbərdarlığını da edib: “Qəsəbəyə təcili olaraq işıq və qazın verilməsi bərpa olunmasa, bir qrup QAT üzvü Nardarana gedərək orada yerli sakinlərlə birlikdə soyuq evlərdə yaşamağa başlayacaq. Buna da imkan verməsələr, bizi Nardarana buraxmasalar, öz ofisimizdə aclıq aksiyasına başlayacağıq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın