Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / Qarlı və şaxtalı hava şəraiti davam edəcək: Sürücülərə xəbərdarlıq edildi

Qarlı və şaxtalı hava şəraiti davam edəcək: Sürücülərə xəbərdarlıq edildi

Soyuq hava kütləsi yanvarın 25-dən başlayaraq ölkəmizə də qədəm qoyub. Yanvarın 26-dan başlayaraq, ölkə ərazisində yağış, sulu qar, qar yağıb. 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 5-45, Lənkəran-Astara zonasında 2-27, Mərkəzi-Aran rayonlarında 2-20, Kiçik Qafqazda 4-11, Qazax-Gəncə zonasında 1-8, Naxçıvan MR-da 4-7 milli metr olub. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64, Şəki, Ağdərədə (Ordubad) 45, Qaxbaşda 40, Sinçay, Kişçay (Şəki) 38, Zaqatalada 37, Qəbələdə 36, Oğuzda 32, Balakəndə 31, Altıağacda 26, Kirən, Gədəbəydə 22, Şamaxıda 19, İsmayıllıda 18, Yardımlıda 17, Şahbuzda 16, Xınalıq, Qubada 15, Qubanın dağlıq ərazilərində 35-46, dağətəyi rayonlarında 3-26, Ağsu, Daşkəsəndə 13, Göyçayda 11, Lerik, Ordubadda 10, Rvarudda 8, İmişlidə 7, Şərur, Naxçıvan, Kəlvəz, Göygöldə 6, Mərəzədə 5, Tovuz, Zərdabda 4, Maştağa, Cəfərxan, Qazıməmməd, Biləsuvar, Lənkəranda 3, Xaçmaz, Göytəpə, Nabran, Bakıda 2, Binədə 1, Şabranda 0,3 santimetr olub.
Maraqlıdır, bəs bu cür hava şəraiti nə vaxta kimi davam edəcək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova qeyri-sabit hava şəraitinin yanvarın 27-dək davam edəcəyini bildirdi: “Şimaldan hərəkət edən soyuq hava cərəyanlarının təsiri nəticəsində yanvar ayının 24-dən başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişməsi müşahidə olundu. Yanvarın 25-də isə hava şəraiti bir qədər də kəskinləşdi. Güclü şimal-qərb küləyi əsir. Arada yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar əksər rayonlarda sulu qar və qar şəklindədir. Ayrı-ayrı rayonlarda isə yağıntılar gecə xarakterli olub. Bu cür hava şəraitinin yanvarın 27-i gündüz saatlarından başlayaraq, tədricən mülayimləşməsi gözlənilir. Belə ki, müşahidə etdiyimiz güclü şimal-qərb küləyi yanvarın 27-i gündüz saatlarından başlayaraq, mülayimləşəcək və yağıntılar tədricən kəsiləcək.
Havanın temperaturu paytaxtda gecə saatlarında 1-6 dərəcə şaxta, gündüz saatlarında isə 1-4 dərəcəyədək isti müşahidə olunacaq. Yanvarın 28-də isə artıq paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir və mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu yanvarın 28-də bu günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksək olacaq. Bölgələrdə də yanvarın 27-dən başlayaraq yağıntılr tədricən kəsiləcək. Yanvarın 28-də əsasən yağmursuz hava şəraiti olacaq. Bölgələrdə ayın 28-də bu günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Yanvarın 2-da bölgələrdə gecə saatlarında 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti müşahidə olunacaq. Dağlıq ərazilərdə havanın temperaturu gecə saatlarında 7-10 dərəcə şaxta, gündüz saatlarında 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yanvarın 28-dən isə havanın temperaturu bu günlərə nisbətən yüksələrək Mərkəzi Aran rayonlarında 6 dərəcəyədək isti gözlənilir”.
Qeyd edək ki, qeyri sabit hava şəraiti ilə əlaqədar ötən gündən bu gün səhər saatlarına qədər 5 yol qəza hadisəsi qeydə alınıb.
Bu haqda mətbuata açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov isə vurğulayıb ki, qəza hadisələri zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəyib.
 
V.Əsədov həmçinin şaxtalı hava şəraiti ilə əlaqədar əhaliyə, avtomobil sürücülərinə də müraciət edib: “Belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır. Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalının artırdığını yadda saxlamalıdırlar. İstismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.
Bundan başqa yanvarın 25-i səhərdən bu günə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 1800 çağırış qeydə alınıb.

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın