Cümə , Aprel 23 2021
Ana səhifə / Siyasət / Qarabağın azad olunmasının ardınca “Bayraktar”lar üçün uzun növbə yarandı

Qarabağın azad olunmasının ardınca “Bayraktar”lar üçün uzun növbə yarandı

Azərbaycan ordusunun Qarabağda zəfərlə başa çatan 44 günlük hərbi əməliyyatlarının ardınca qardaş Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz uçan aparatını almaq üçün uzun növbə yaranıb. Virtualaz.org xəbər verir ki, bu döyüş PUA-larını almaq üçün bir-birinin ardınca keçmiş sovet respublikalarından, Şərqi Avropa və hətta Qərbi Avropadan sifarişlər daxil olur.

Cəmi 4 “ağıllı” raketlə təchiz olunan (MAM-C və MAM-L) “Bayraktar TB2” zərbə pilotsuz uçan aparatları ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun tətbiq etdiyi və zəfərin əldə olunmasında mühüm rol oynayan ən müasir silahlardan biridir. Bu döyüş vasitələri düşmənin çoxsaylı hərbi texnikasını və canlı qüvvəsini məhv etməyə, onun təchizat kanallarını sıradan çıxarmağa imkan verib.

Türkiyə KİV-ləri xəbər verilir ki, artıq Böyük Britaniya, Serbiya, Qazaxıstan və Gürcüstan “Bayraktar”lar sifariş verib. Artıq bu PUA-lara malik olan Ukrayna isə dəniz qüvvələrinin ehtiyacları üçün “Bayraktar”ların iri partiyasını almaq niyyətində olduğunu açıqlayıb.

Qarabağ müharibəsi və Azərbaycan ordusunun döyüş taktikası bir sıra aparıcı ölkələri belə silahlanma konsepsiyasına yenidən baxmağa məcbur edib. Böyük Britaniya daha əvvəl ABŞ-ın “General Atomics” şirkətindən “Protector” silahlı PUA-larını almaq niyyətində idi. Lakin Qarabağ müharibəsinin təcrübəsi bu ölkənin daha ucuz və daha effektli “Bayraktar”lar almaq planları qurmasına səbəb olub.

Habelə Bolqarıstanın da artıq “Bayraktar”lar almaq üçün danışıqlara başladığı, bu il ərzində ilk PUA-ları ala biləcəyi gözlənilir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa isə jurnalistlərə açıqlamasında deyib ki, 2021-ci ildə “Bayraktar” PUA-larını əldə etməyi planlaşdırırlar. Serbiya prezidenti Aleksandr Vuçiç isə Türkiyə PUA-larının “son dərəcədə mükəmməl” olduğunu bildirib və bu sistemləri ordunun silahlanmasına daxil etməyə hazırlaşdıqlarını açıqlayıb.

Digər məlumata görə Qazaxıstan Müdafiə Nazirliyi 30-40 ədəd “Bayraktar” sifariş verməyə hazırlaşır. Gürcüstan Müdafiə Nazirliyi isə bu günlərdə Türkiyədən “Bayraktar”lar almaq üçün danışıqların getdiyini açıqlamışdı.

“Nordic Monitor” nəşri qeyd edir ki, Suriya, Liviya və Qarabağda gedən hərbi əməliyyatlar müasir Türkiyə silahlarının və hərbi texnologiyalarının nümayiş etdirilməsi üçün platforma olub. Nəşr qeyd edir ki, Qarabağda Azərbaycan ordusu tərəfindən “Bayraktar”larla yanaşı TRLG-230 reaktiv yaylım atəşi sistemi də ilk dəfə döyüş şəraitində tətbiq edilib. TRLG-230 reaktiv yaylım atəşi sisteminin Qarabağda tətbiqinə dair videokadrlar bu günlərdə Türkiyə Müdafiə Nazirliyinin saytında yayılıb.

“Roketsan” şirkəti hədəfə lazerlə yönləndirilən 230 millimetrlik raketlər buraxan TRLG-230 reaktiv yaylım atəşi sisteminin  “Bayraktar”larla koordinasiyalı fəaliyyətinə dair sınaqları 2020-ci ilin avqustunda, Qarabağda müharibədən az əvvəl həyata keçirmişdi. Bu sınaqlar zamanı “Bayraktar” 70 kilometr məsafədən hədəfin koordinatlarını TRLG-230 kompleksinə ötürüb, kompleks hədəfi yüksək dəqiqliklə vurub. Sınaqları prezident Rəcəb Tayyib Ərdoğan izləyib. TRLG-230 Türkiyə ordusunun silahlanmasında daha əvvəldən var idi, lakin indi “Roketsan” həmin sistemləri hədəfə lazerlə yönləndirilən raketlərlə təchiz edir və məhz həmin raketlər Qarabağda ilk dəfə real döyüş şəraitində sınaqdan keçirilib.

“Roketsan” dünyanın 100 ən iri hərbi sənaye şirkətindən biridir. Şirkət müxtəlif tipli raketlər, tuşlama sistemləri, buraxılış və mühərrik sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritmlər və proqram təminatı istehsal edir və işləyib hazırlayır.

Qeyd edək ki, Türkiyənin “Baykar” və TAİ şirkətləri bu il “Bayraktar”lardan daha üstün göstəricilərə və döyüş imkanlarına malik olan “Akıncı” və “Aksungur” döyüş pilotsuz təyyarələrinin də seriya istehsalına başlayır. Azərbaycan Qarabağ müharibəsinin təcrübəsini də nəzərə alaraq öz ordusunu bundan sonra da ən müasir silahlarla təchiz etməkdə davam edəcək və artıq bəllidir ki, bu məsələdə əsas tərəfdaş ölkə məhz Türkiyə olacaq.

Virtualaz.orghttps://www.youtube.com/embed/O1LZHCjc66o?fs=1&feature=oembed&&wmode=opaque

Həmçinin oxuyun

Səfirlik deputatın “Koreyada açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər” iddiasına cavab verdi

Koreya Respublikasının Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının …