Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / “Qarabağda erməni əhalisinin süni şəkildə artırılması planlarına imkan verilməyəcək” – Təbriz Musayev

“Qarabağda erməni əhalisinin süni şəkildə artırılması planlarına imkan verilməyəcək” – Təbriz Musayev

“Müharibədən əvvəl işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi”.

Bu barədə Prezident İlham Əliyev Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışı zamanı bildirib.

Ölkə başçısının sözlərinə görə, azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb: “Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada – işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?!”.

Prezidentin müharibədən əvvəl Dağlıq Qarabağda 60 min erməninin yaşaması barədə dediyi rəqəmin çox önəmli strateji əhəmiyyəti var. Bu o deməkdir ki, Qarabağda ermənilər yenidən məskunlaşdırılan zaman sözügedən rəqəm nəzərə alınmalıdır. Yoxsa, ordan-burdan erməniləri gətirməklə süni şəkildə onların sayını 100 min artırmaq olmaz. Hansı ki, zaman-zaman Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin sayını şişirdərək spekulyasiyalarla məşğuldur.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Prezident bununla,bir növ, həm Ermənistanı, həm də onları himayə edənləri xəbərdar etdi: “O mənada ki, Dağlıq Qarabağdakı demoqrafik vəziyyəti dəyişdirməkdən ötrü süni məskunlaşdırmaya imkan verilməyəcək. Hərçənd ermənilərin çirkin niyyətlərindən biri əhalinin sayını süni surətdə artırmaqdır. Sovet dönəmində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə rəhbərlik edən ruslar vəermənilər süni maneələr yaratmaqla azərbaycanlıları qeydiyyata almırdılar. Fürsət düşdükcə azərbaycanlıları sıxışdırırdılar. Ancaq Ermənistandan erməniləri ora köçürməklə saylarını artırdılar. 1988-ci ildə məlum hadisələr baş verəndə ermənilər bu amildən maksimum istifadə etdilər. Ermənistandan azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulanda onların Qarabağda yerləşdirilməsi məqsədəuyğun sayılsa da,yenə buna imkan verilmədi. O vaxt ölkəyə rəhbərlik edən Vəzirovun səriştəsizliyi və qorxaqlığı üzündən bu baş tutmadı. Bu işəmane olanlardan biri də Qarabağdakı xüsusi idarənin rəhbəri Arkadi Volskiidi. Volski Vəzirovu necə hədələmişdisə, nəticədə Şuşada məskunlaşan Ermənistandan gələn qaçqınlar oradan çıxarıldı. Beləcə Qarabağ yavaş-yavaş əldən çıxdı və başımıza bu müsibətlər gəldi. Ancaq indi situasiya tamam fərqlidir. Çünki Azərbaycana İlham Əliyev kimi böyük siyasi xadim rəhbərlik edir. O, illərlə davam edən işğala son qoydu. Bu isə onu deməyə əsas verir ki, Dağlıq Qarabağda erməni əhalisinin süni şəkildə artırılması planları baş tutmayacaq”.

İAT sədri qeyd etdi ki, Prezident ermənilərin bu çirkin planının reallaşmasına imkan verməyəcək.

Həmçinin oxuyun

“O villalardan biri rüşvətxor məmura məxsusdur” – İlham Əliyev

“İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən …