Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Qarabağda ədalətli sülh: Gözləntilər doğrulacaq? – ŞƏRH

Qarabağda ədalətli sülh: Gözləntilər doğrulacaq? – ŞƏRH

Dağlıq Qarabağla bağlı aparılan danışıqlar münaqişənin həllinə müəyyən ümidlər yaradır. 

Son olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşüb. Yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında baş tutan növbəti görüşdə tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə edib. 

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir. Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Bu məsələ dəfələrlə ən yüksək səviyyədə gündəmə gəlib. Yanvarın 10-da Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha bəyan edib:

“Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşüblər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur”,-deyə ölkə başçısı deyib.

Belə bir fonda daha bir diqqətçəkən açıqlama britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaaldan gəlib. Belə ki, o, son bir neçə ildə ilk dəfədir Qarabağ danışıqlarında irəliləyişin müşahidə olunduğunu deyib.

Maraqlıdır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət fon yaranıbmı? Pozitiv olmağa dəyərmi?

Dağlıq Qarabağ ətrafında gedən prosesləri “Cümhuriyət” qəzetinə şərh edən politoloq Qabil Hüseynli pozitiv olmaq üçün müəyyən qədər gözləməyin lazım olduğunu deyib: 

“Müxtəlif fikirlər sələndirilir. Qərb dəyərlərinə uyğun tərəflərin xalqı sülhə hazırlanması ilə bağlı xarici işlər nazirlərinin bəyanatı müsbət hal kimi qiymətləndirilir. Qərb də bu məsələni proseslərin artıq yoluna düşdüyü şəklində dəyərləndirir. Əlbəttə, Qərb meyarlarına görə, bunlar hamısı ümumi xarakterli pozitiv irəliləmələrdir. Amma Azərbaycanın maraqları baxımından yanaşanda bir qədər düşünmək lazım gəlir. Çünki danışıqlar prosesi başlansa da, hətta prezidentlərin görüşü ilə bağlı müəyyən razılığa gəlinsə də, müsbət, pozitiv fikirlər söyləmək asan deyil. ABŞ-ın səsləndirdiyi fikir tərəflərə stimul verməklə yanaşı, həm də baş verə biləcək müharibənin qarşısını almağa çalışırlar. Hər halda danışıqlar prosesinin hələ tam məcraya düşdüyünü demək mümkün deyil. Xüsusilə də sülhə aparan yolunun daşlı-kəsəkli olduğu da məlumdur. Bütün bunların baş tutması, sülhün yaranması üçün Ermənistan tərəfinin konstruktiv mövqe tutması lazımdır. Ona görə də, birmənalı şəkildə pozitiv fikirlər səsləndirmək üçün müəyyən qədər gözləmək vacibdir”.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …