Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Qarabağa dair “Bolton planı” işə düşür?

Qarabağa dair “Bolton planı” işə düşür?

Azərbaycan və Ermənistan arasında münasibətlərin qaydaya düşməsinin əsas şərti əlbəttə ki, İrəvanın ölkəmizə qarşı ərazi iddiasından həmişəlik imtina eləməsidir. Bu şərt Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün də eyni dərəcədə keçərlidir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, kapitulyant ölkə ilə sərhədlərin açılması və iqtisadi-ticari əlaqələrin tam həcmdə bərpası Bakı ilə uzlaşma rejimində həyata keçiriləcək.

Buradan çıxan nəticə odur ki, Ermənistan iki əsas qonşusu ilə həqiqətən münasibətlərin qaydaya düşməsini istəyirsə, “nala-mıxa” vurmadan, bu il Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə qəti qərara gəlməlidir. Doğrudur, ötən ilsonu baş nazir Nikol Paşinyan bu yöndə bəzi ürkək açıqlamalar verib. Lakin bu, daha çox “nəbz yoxlanışı” kimi yadda qalıb…

*****

İstənilən halda İrəvanda bilməlidirlər ki, bu məsələ tezliklə və birmənalı həllini tapmayınca Ermənistanın ağır sosial-iqtisadi bataqlıqdan çıxması xəyal olaraq qalacaq. Qarabağ mövzusunda ikibaşlı yanaşmalar və “ikili oyunlar”la Ermənistan yalnız öz xalqının, eləcə də Qarabağ anklavındakı erməni əhalinin durumunu daha da qəlizə salmış olacaq. Başqa sözlə, həm Azərbaycan və Türkiyə ilə əlaqələr qurub inkişaf eləmək, həm də “artsax”ı nəzarətdə saxlamaq, oradakı qanunsuz hərbi dəstələri himayə eləmək mümkün olmayacaq. 

2022 bu xüsusda xeyli dərəcədə müəyyənlik ili olmalıdır və olacaq. Əks halda, yeni lokal müharibə və ya antiterror əməliyyatı qaçılmaza çevriləcək. Azərbaycan Qarabağda, separatçıların qulağının dibində yeni çevik hərbi qüvvələri – Türkiyədə təcrübə keçmiş komandosları boşuna yerləşdirmir.

Odur ki, Paşinyan hökuməti əgər “artsax” yükündən səmimi şəkildə qurtulmaq istəyirsə, Qarabağdan İrəvana yeni tabutların gəlməsini arzulamırsa (son müharibədəki meyitlərini hələ də yığıb qurtamayıblar!), o zaman daxildəki radikal-revanşistlərin və erməni lobbisinin müqavimətə rəğmən, tezliklə Bakı ilə sərhədlərin delimitasiyası və demarkasiyasına başlamalı, proses isə özündə ərazi bütövlüyü prinsipinin tanınmasını ehtiva eləməlidir…

*****

Ermənistanda əhalinin sayı azalıb

Təbii ki, erməni ictimai fikrini bu yöndə hazırlamaq da az önəm kəsb eləmir. Bu işdə isə yerli media və ekspert camiyəsi ciddi işlər görə bilər. Əfsus ki, məğlub ölkədə hələ də soyuq başla düşünən ekspert və KİV-lər barmaqla sayılacaq qədər azdır. Əksinə, erməni xalqına yalnız fəlakətlər gətirmiş xəstə ideyaların təbliği, cəmiyyətin vicdansızcasına aldadılması davam edir.

“Birmənalı demək olmaz ki, Ermənistan demarkasiyaya gedirsə, bununla ”artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Çünki Ermənistanın siyasəti ondan ibarət idi ki, “artsax” Ermənistan Respublikasına aid deyil, müstəqildir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni politoloq Stepan Danielyan yerli mediaya açıqlamasında söyləyib.

Dağlıq Qarabağ, Aran Qarabağ - HANSI RAYONLAR DAXİLDİR... | Hafta.az

“Ermənistan-Azərbaycan sərhədinin tanınması o demək deyil ki, Ermənistan ”artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyır. Lakin tanıya da bilər. Baş nazirin son açıqlaması bunu onun etiraf etməyə hazır olduğunu göstərir. Təsadüfi deyil ki, “artsax”dan sərt reaksiya gəldi. Əgər Ermənistan “artsax”ı Azərbaycanın hissəsi kimi tanıyırsa, o zaman sual yaranır ki, orada Rusiya sülhməramlılarının nə işi var? Belə olan halda qlobal geosiyasi dəyişiklik baş verəcək və Boltonun (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri – red.) elan etdiyi proqram həyata keçəcək”, – deyə Danileyan iddia edib.

Onun sözlərinə görə, “Bolton planı” İngiltərənin planıdır: “Bu plana əsasən, Ankara-London-Bakı xətti Rusiyanı bölgədən çıxarıb burada türk dünyası yaratmaq üçün işləməyə başlayacaq və bu türk dünyasını İrana, Rusiyaya, daha sonra mümkünsə Çinlə toqquşmaya aparacaq. Yəni bu, geosiyasi problemdir və sanki həm baş nazir, həm də ölkədəki bir çox insanlar qlobal proqramlarının həyata keçirilməsi üçün Ermənistanı qurban verməyə hazırdırlar”.

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanınması, sən demə, “Ermənistanın qurban verilməsi”nə gətirəcək “böyük geosiyasi” planın tərkib hissəsi imiş…

*****

Lakin Ermənistanda danielyanların nə düşünməsi və söyləməsindən asılı olmayaraq, Qarabağın erməni silahlı quldur dəstələrindən tam təmizlənməsi Azərbaycan üçün 2022-ci ilin iki prioritet vəzifəsindən biri olacaq.

“İlin əvvəlində Azərbaycan Qarabağda hələ də gizlənən erməni quldur birləşmələrinin təmizlənməsi üçün xüsusi antiterror əməliyyatına başlaya bilər. Onun həyata keçirilməsində iştirak edən Azərbaycan qüvvələrinin tərkibi, taktikası əsasən yerli real şəraitlə müəyyən ediləcək”.

Bu sözləri rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov Axar.az-a müsahibəsində deyib.

“Bu halda Azərbaycan təhlükəsizlik qüvvələri ya 1941-1945-ci illər İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Karpatın dağlıq və meşəlik ərazilərində ekstremistlərlə mübarizə aparan sovetlərin, ya 2000-2002-ci illərdə Şimali Qafqazda antiterror əməliyyatı təşkil edən Rusiyanın, ya da PKK yaraqlılarına qarşı effektiv mübarizə aparan Türkiyənin təcrübəsindən istifadə edə bilər. Rusiya və Azərbaycan təhlükəsizlik orqanlarının bu qəbildən birgə əməliyyatlar keçirmək təcrübəsi də var və onların təhlili onu deməyə əsas verir ki, azərbaycanlı mütəxəssislər antiterror əməliyyatlarını səmərəli keçirməyə taktiki, fiziki, psixoloji və maddi cəhətdən kifayət qədər hazırdırlar”, – Kuznetsov deyib.

Analitik hesab edir ki, Azərbaycanın xüsusi əməliyyat qüvvələri döyüşçülərinin texnikası, o cümlədən ayrı-ayrı avadanlığa, teplovizorlara və digər spesifik texniki vasitələrinə malik olması onun üstünlüyüdür. “Deyilənləri nəzərə alaraq, Ermənistanın Azərbaycandakı qanunsuz silahlı birləşmələrini müəyyən etmək, zərərsizləşdirmək üçün Azərbaycan hərbçilərinə 1-3 ay vaxt lazımdır. Azərbaycan Ordusu bu müddətdə Qarabağın bütün erməni əhalisini və onların daimi yaşayış yerlərini ”süzgəcdən” keçirməlidir. Həmçinin onların yaşayış məntəqələrindən kənarda yerləşmə imkanları, kəşfiyyat-diversiya qruplarının hərəkətlərini dəstəkləmək üçün hərbi əmlak və ərzaqlar saxlanan gizli mühəndis qurğuları axtarılmalıdır. Təbii ki, gizlənən yerlərin yüz faizini müəyyən edib məhv etmək mümkün olmayacaq, lakin onların 70-80 faizini aradan qaldırmaq tamamilə mümkün olacaq. Bu isə terrorizmin kökünü kəsmək üçün yaxşı nəticədir”, – tarixçi analitik əlavə edib.

*****

Əlbəttə, Qarabağda gizlənmiş separatçı ünsürlər İrəvandakı və digər ünvanlardakı havadarlarına və qızışdırıcı qüvvələrə arxalanıb Azərbaycan dövləti əleyhinə fəaliyyətlərini sonsuzadək sürdürə bilməyəcək. Hətta bu il bu məsələdə kardinal dönüş gözlənilir. Rusiya sülhməramlıları da onların köməyinə gələ bilməyəcək. Çünki terrorçuların, quldurların milliyyəti olmur. Ən əsası, 10 noyabr kapitulyasiya sənədində qanunsuz silahlı dəstələrin himayəsi yox, ləğvi nəzərdə tutulur…    

“Yeni Müsavat”

Həmçinin oxuyun

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər …