Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Qarabağ zəfəri, mövcud durum və perspektivlər – II HİSSƏ

Qarabağ zəfəri, mövcud durum və perspektivlər – II HİSSƏ

Regionumuzda Rusiya ilə eyni dərəcədə maraqlı olan və eyni geosiyasi hədəflərə malik, heç də ondan az təhlükəli olmayan İranı da nəzərdən Azərbaycan dövləti millətimizin ikinci dövləti olan, həm də NATO üzvü Türkiyə ilə birlikdə müstəqil siyasət aparır, o cümlədən Rusiya ilə normal, hətta mehriban münasibətləri davam etdirmək istəyindədir. Lakin Rusiyanın Qarabağdakı davranışı bu dövlətə qarşı dövlətimizin münasibətlərinə təsirsiz ötüşməyəcək. Rusiya bu faktoru nəzərə almaq məcburiyyətindədir. Rusiya Qarabağda manipulyasiya etmək imkanından məhrum olacaq, çünki “təmas xəttinin” ətrafı kifayət qədər gücü olan Azərbaycan ordusu ilə yanaşı, Türkiyə ordusu hissələri tərəfindən də dövrəyə alınacaq. Eyni zamanda, Rusiyanın Qarabağda və ya hər hansı başqa yerdə Azərbaycanın milli maraqlarına qarşı törədə biləcəyi hər hansı təhdid, ölkəmizdə antirusiya əhvallarını gücləndirəcək, hətta düşmən ranqına dagətirmək ehtimalını yaradacaq. Nəticədə xarici siyasətdə edilə biləcək dəyişikliklərlə yanaşı, daxili siyasətdə də Rusiyanın təsir imkanlarını azalacaq, “beşinci kolon” adlandırılan dairələri bütün hakimiyyət strukturlarından tamamilə sıxışdırılacaq, indiyə kimi Qarabağı işğal edən Ermənistan tərəfdarları ölkəmizdə hər hansı şəkildə dövlət strukturlarında açıq şəkildə təmsil olunması nə dərəcədə mümkün idisə, Qarabağ vasitəsilə dövlətimizə təhdid və təsisr etdiyi halda Rusiya tərəfdarlarına da eyni münasibət sərgilənməli olacaq. Və əslində artıq belə olmalıdır ki, tarazlıq yaransın. Qarabağda, əlində birbaşa ölkəmizə təsir etmək imkanı əldə etmək istəyən bir dövlətin təmsilçilərinin hakimiyyət strukturlarında da hər hansı həcmdə təmsil olunması milli və dövlət təhlükəsizliyimiz üçün real təhdiddir.

Beləliklə, Rusiya həm Ermənistana, həm də Azərbaycana təsir etmək imkanlarından məhrum olacaq və Qarabağ manipulyativ alət kimi aktuallığını itirəcək.

Lakin sual oluna bilər ki nəticə necə olacaq? Rus ordusu Qarabağdan məlum bəyannamədə deyildiyi kimi, beş ildən sonra rahatca çıxacaqmı? Qarabağı ermənilərin idarəçiliyində saxlayacaqmı? Və ya özü bu ərazimizi sahiblənmək, öz ölkəsinin idarəçiliyini əbədiləşdirmək fikrinə düşəcəkmi?

Bu suallara cavab vermək üçün həm də regionda maraqlı olan dövlətlərin maraqlarına nəzər salmaq gərəkdir. Bunların başında əlbəttə ki, Türkiyə gəlir. Türkiyə Azərbaycanla regionda eyni siyasi xəttə malikdir, hədəflər də eynidir. Tək millətin iki dövləti statusundadırlar. Hər addımda, o cümlədən 44 günlük müharibənin gedişində də bu siyasət özünü hər kəsə göstərdi. Həm də bu birliyin kökü çox dərindədir, tək siyasirəhbərlərin münasibətlərindən asılı deyil, həm də millətimizin tarixi və etnik köklərinə, milli və dövlət maraqlarına əsaslanır. Ərazimizdə Türkiyə ordusu da var və olacaq. Bu ordu dünyanın ən qüdrətli ordularından biridir, get-gedə də qüdrəti artmaqda davam edir. Bu ərazidə, o cümlədən Qarabağ uğrunda Türk ordusu və milləti müharibəyə hazır olduğunu təkcə dövlət yetkililərinin bəyanatları ilə deyil, real hərəkətlərlə də nümayiş etdirmişdi. Türkiyə və Azərbaycanın dövlət maraqları Rusiyanın bu coğrafiyada əsas sahibi olmamasını, Cənubi Qafqazda və Xəzər hövzəsində məhz Türkiyənin güclənməsini və Xəzərin o biri tayına adlamasını tələb edir. Həm də Türkiyə NATO dövlətidir. Bu blokun bəzi ölkələrində Türkiyə dövlətnin yeritdiyi müstəqil siyasətə hər nə qədər etirazlar olsa da, dəfələrlə blok yetkililərinin bəyanatlarında da səsləndiyi kimi, Türkiyə NATO-ya lazımdır, həm də çox. Leqal şəkildə Türk ordusunun Azərbaycanda yerləşməsi əslində NATO ordusunun da yerləşməsi hesab olunur. Təbii ki müharibə halında da bütövlükdə şimali atlantika blokunun prosesə qoşulmasına gətirib çıxarda bilər. Düşünmürəm ki Rusiyaya belə perspektiv lazımdır.

Müharibə dövründə ölkəmizə həm hərbi-texniki, həm də siyasi dəstək göstərmiş, və bunu qətiyyən gizlətməyən daha bir ölkə İsraildir. İranın şimal sərhədlərində yerləşən, İranın bir sıra sahələrdə embarqodan xilas koridoru olan Ermənistanı əzmiş güclü Azərbaycan İsrailə lazımdır. Həm də İran, Rusiya və Fransanın siyasi, strateji təsiri altında olmayan, Avrasiya enerji dəhlizinin əhəmiyyətli hissəsinə çevrilmiş, böyük siyasi- iqtisadi gələcəyi proqnozlaşdırılan, hətta Türkiyə kimi vacib güc mərkəzi ilə münasibətləri daha yüksək səviyyəyə çatdırılmaqda etibarlı tərəfdaş və vasitəçi ola biləcək Azərbaycan və bütövlükdə Cənubi Qafqaz lazımdır. Bu müharibədən sonra İsrailin bütövlükdə Cənubi Qafqazda fəallığı artmaqda davam edəcək.

Cənubi Qafqazda və xüsusilə Azərbaycanın yanında çox da üzdə görsənməyən, amma varlığını görməmək mümkün olmayan daha bir dövlət İngiltərədir. Ingiltərənin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqlı olması XIX-cu əsrdən məlumdur. Eyni maraqlar İrana da aiddir. 1979-cu il inqlabına qədər İngiltərə ABŞ-la birlikdə İranın əsas idarəçisi idi, dərin qatlarda bu gün də İranda xeyli sayda gücü var. Lakin Xomeyni inqlabından sonra öz mövqelərini Fransa və Rusiyaya güzəştə getməli olsa da, revanş arzusundadır və mövcud rejimin əleyhinə fəaliyyət göstərməsi şəksizdir. Bu məsələdə İsraillə müttəfiqdir və İsrailin Azərbaycandakı maraqları haqqında dediklərimiz İngiltərəyə də aiddir. Xəzər dənizi hövzəsində möhkəmlənmək və Orta Asiya regionuna çıxış əldə etmək, eləcə də Xəzər dənizi və Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqlində, Avropanın Rusiya qarşısında enerji asılılığının tamamilə aradan qalxmasında olduqca maraqlıdır ( BP- nin Azərbaycandakı fəaliyyəti hər kəsə məlumdur), Rusiya ilə tarixin dərinliklərindən gələn rəqabəti var. Bu istiqamətlərdə də Türkiyə ilə müttəfiqdir. 44 günlük müharibədə ortada görsənməsə də, əslində varlığı aşkar hiss olunurdu. Tovuza hücumdan sonra, eləcə də müharibədən bir neçə gün əvvəl Britaniya Parlamentinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatı, həmçinin Azərbaycanı durdurmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının qərarının qarşısının alınmasındakı fəaliyyəti hər kəsə məlumdur. Ümumiyyətlə, Türkiyənin hazırkı hədəflərində İngiltərənin müttəfiqliyi haqqında kifayət qədər məlumatlar dünya və rus mətbuatında yayımlanmaqdadır.

Yuxarda sadalanan bütün istiqamətlər üzrə olduqca dərin maraqları olan, Rusiyanı öz milli və dövlət maraqlarına əsas təhdid elan etmiş, Rusiyanı sanksiyalarla əhatələmiş, onu sarsıtmağı, zəiflətməyi, öz qınına çəkilməyi qarşısına məqsəd qoymuş Amerika Birləşmiş Ştatlarını da nəzərə almalıyıq. Eyni zamanda Orta Asiya regionunda Rusiyanı sıxışdırmaqda ən böyük marağı olan dövlət də məhz ABŞ-dır, həm də təkcə geosiyasi səbəblərdən deyil, həm də iqtisadi maraqlardan ( Amerika şirkətlərini Çindən çıxardıb bu regiona gətirilməsini təmin etmək istəyi bunlardan yalnız biridir).Gürcüstanı antirusiya istiqamətində dəstəkləyən, Ermənistanda sözün əsl mənasında nəhəng, postsovet məkanında ən iri səfirliyi qurmuş və Rus maraqlarına zidd məxməri inqlabı dəstəkləyən də məhz Amerikadır. Bayden administrasiyasının hakimiyyətə gəlişi ilə antirusiya fəaliyyətinin daha aqressiv xarakter alması gözlənilir.

qaçırmamalıyıq. İran Rusiya ilə strateji müttəfiqdir. Heç kəsə sirr deyil ki, Ermənistanı 30 ildə ayaqda tutan, hər cür hərbi, siyasi, iqtisadi dəstək olan İran, Azərbaycan dövlətinin varlığını öz mövcudluğuna təhlükə hesab edir, hər cür vasitələrlə bu təhlükəni aradan qaldırmağa çalışır. Təbii ki, Rusiyanın Qafqazda güclənməsi, daha doğrusu gücünü qoruyub saxlamasında İran da maraqlıdır. Həm İsrail, İngiltərə, ABŞ və xüsusilə Türkiyənin regionda möhkəmlənməsinin qarşısını almaq, həm də əhalisinin ən azı yarısının türk olduğunu və bu insanların hər keçən gün daha çox Türkiyə və Azərbaycanı örnək götürərək İranın milliləşməsi və ya İstiqlal uğrunda mübarizəyə qoşulmalarına mane olmaq məqsədilə. Üstəlik sözügedən türklərin əksəriyyəti Azərbaycan türkləri olduğu halda. 44 günlük müharibədə də İranın mövqeyinə qarşı öz xalqının dirənişi bütün dünyaya problemlərin nə dərəcədə dərində olduğunu bir daha nümayiş etdirdi. Rusiyadan gələn silahları hər zaman öz ərazisindən Ermənistana nəql edən İran dövləti əhalinin kütləvi etirazlarından, silah daşıyan maşınların qarşısının kəsilməsi, hətta yandırılması aksiyalarından sonra, məcbur olub sərhədi bağladığını rəsmən elan etdi. Lakin Azərbaycan ordusu sərhədboyu rayonları düşməndən azad edib, Zəngəzura yaxınlaşdığında, sərhəd boyu ərazilərə ordu yığmağa başladı, həm də bu ordu cənub rayonlarından gətirilirdi. Azərbaycan ərazilərində dislokasiya olunmuş qüvvələrə etibar olunmadı. Hətta mövcud rejimin dayağı olan İnqlab keşikçilərinin də türklərdən ibarət hissələrində rejimin mövqeyinə qarşı etirazlar haqqında mərbuatda xeyli məlumatlar dolaşmaqdadır. Müharibənin sonuna yaxın İranın Ali Dini Rəhbərinin bəyanatı da olduqca maraqlı idi. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edəndən sonra, davamında guya müharibəyə cihadçı terrorçuların gəldiyini bəyan etdi və sərhədlərin dəyişməyini istəmədiyini dedi. Yəni Azərbaycan tərəfində guya hansısa Suriyadan gətirilmiş terrorçuların döyüşdüyü haqqında ermənilərin dediyi və Rusiya ilə Fransa mətbuatının tirajladığı dezinformasiyalara qoşulur və Azərbaycanın  Naxçıvanla Zəngilan arasını birləşdirmək fikrinə düşdüyü halda sərhədə yığdığı ordu ilə ermənilərin köməyinə gələcəyini bəyan edir.

Belliklə, Azərbaycan Respublikasının strateji maraqlarına qarşı cəbhə açmış, Qarabağ probleminin həllinin qarşısını almağa çalışan və Rusiyanın ərazimizdə hərbi mövcudluğunda maraqlı olan Rusiya, İran və Fransa ( Fransa Rusiya ilə yanaşı, öz qüvvələrinin də iştirakında, o cümlədən Ermənistan siyasi hakimiyyətində öz tərəfdarlarının aparıcı rol almağında maraqlıdır) ittifaqı mövcuddur.

Maraqlı bir məqamı da qeyd etmək yerinə düşər ki, Fransa senatının Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı qərarı üçlü ittifaqda (Fransa, Rusiya, İran) çat yarandığını göstərir. Fransa Ermənistanda hakimiyyət böhranından faydalanmaq istəyir. Ermənistan cəmiyyətinin Rusiyanı satqınlıqda ittiham etdiyi, bu ölkənin nüfuzunun bəlkə də tarixdə ən aşağı düşdüyü şəraitdə, Ermənistanda hakimiyyəti devirib öz tərəfdarlarını yerləşdirmək, o mümkün olmasa Paşınyanı özündən asılı vəziyyətə salıb hakimiyyətdə saxlamaq niyyətində olan Rusiya Fransanın müqaviməti ilə rastlaşa bilər. Fransa  Rusiyanın zəif iqtisadi və geosiyasi vəziyyətindən istifadə edərək, Ermənistana reverans etməklə regionda Rusiyanın yerini tutmaq, mümkün olsa Gümrüdəki hərbi bazanın çıxarıldığı təqdirdə onu öz ordu hissələri ilə əvəz etmək və bəlkə də Qarabağda “sülhməramlıların” təkibinə daxil olmağa cəhd edir. NATO üzvü olduğunu nəzərə alsaq, Fransanın bu işdə ABŞ-ın dəstəyinə ümid etdiyini güman edə bilərik. Yəni, Cənubi Qafqaz siyasətində hətta Fransa da müəyyən şərtlər daxilində Rusiyanın əleyhinə gedəcək kimi görsənir.

(davamı var)

Paşa Həsənli

Azərbaycan Milli ElmlərAkademiyası

Tarix İnstitutunun əməkdaşı

BAO Mərkəzi Şurasının sədri

Həmçinin oxuyun

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı ləğv edilə bilər

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın – Azərbaycan Milli Dövlətçilik Partiyasının qeydiyyatı ləğv edilə bilər. Buna …